Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın məqsədi sülhməramlılıq yox, Qarabağda hərbi baza qurmaqdır
Rusiyanın məqsədi sülhməramlılıq yox, Qarabağda hərbi baza qurmaqdır

Sülhməramlıların tərkibi dəyişəcək!

Rusiyanın məqsədi sülhməramlılıq yox, Qarabağda hərbi baza qurmaqdır

Yaradılmasında və fəaliyyətində Rusiyanın da imzası və əməyi olan ATƏT-in 1994-cü ildə imzalanmış Budapeşt sammitindəki qərarına görə, sühməramlıların tərkibində bir dövlətin qoşunu 30 faizdən çox ola bilməz. Təkbaşına sülhməramlı missiya təyin etmək isə mümkün deyil, beynəlxalq prinsiplərə ziddir, bunun adı artıq sülhməramlı yox, başqa olur...

Məsələ ondan ibarətdir ki, indiki addımlar müvəqqətidir, bir növ atəşkəsə məcburetmə mərhələsidir. Daha sonra infrastruktur və təhlükəsizlik məsələləri gündəm olacaq, sonra insanların geri qayıtması mövzusuna baxılacaq, bax o zaman Qarabağda beynəlxalq kontingentin yerləşdirilməsi məcburi xarakter daşıyacaq...

Bu minvalla, yəqin növbəti illər ərzində açılacaq mövzu gərəyi, biz istəsək də, istəməsək də Qarabağımızda sülhməramlıların tərkibi dəyişəcək! Yəni, bildiyiniz təkcə ruslar yox, fərqli millətlərin, xalqların nümayəndələri də gəlib-gedəcəklər..

Deməli, nəzərə alsaq ki, bu gün Rusiya sülhməramlılarının tərkibində 1960 nəfər var, nəticə etibarilə ya rus hərbçilərinin sayı azalmalıdır, ya da başqa ölkələrdən cəlb olunacaq sülhməramlıların sayı əlavə 4000 nəfər artacaq.

Soruşa bilərsiz ki, bunu hardan bilirsən? Bunu bilmək üçün Qarabağ münaqişəsilə əlaqədar bəzi beynəlxalq sənədləri və son 27 ildə Qarabağla bağlı aparılan danışıqların, görüşlərin nəticələri barədə xəbərlərin "şparqalkasını" oxumaq lazımdır...

Məsələn, bilmək lazımdır ki, Rusiya qoşunlarının bölgəyə gətirilməsi hələ 1994-cü ildə üz qarası Bişkek protokolunda əksini tapmışdı. Eks-prezident Heydər Əliyev 1994-cü ildə Rusiya qoşunlarının Qarabağa gətirilməsinə razılaşmışdı. Lakin o vaxt güc balansını qorumaq üçün dərhal NATO ilə tərəfdaşlıq proqramını da imzaladı. Daha sonra iyun ayında iştirakçısı olmasa da, İstanbul Sammitinə getdi, orada ABŞ-ın dövlət katibi Kristofer Uorrenlə (Warren Christopher) görüşə nail oldu və ondan xahiş etdi ki, Dağlıq Qarabağda beynəlxalq sülhməramlılar yerləşdirilsin. Amerikalı diplomata bildirib ki, rus hərbçilərinin birtərəfli qaydada Qarabağa yerləşdirilmək planları var, bu isə ciddi problemlərə yol aça bilər. Ondan sonra işin ciddiyətini başa düşən ABŞ məsələyə qarışdı və qərar verildi ki, ancaq ATƏT bayrağı altında və hər ölkənin 30 faizdən çox olmamaqla hərbi qüvvəsi əraziyə gətirilə bilər, bu təklif qanun halına salınıb, icrası məcburidir, vəssalam! Rusiya dövlət adamlarının bu aralar tez-tez ATƏT-i gündəmə gətirməsinin səbəbi də budur. Çünki dünya tək ruslardan ibarət deyil və ruslar da düşünüldüyü qədər özbaşına deyillər. Qarabağın statusu ilə bağlı yekun akt da bu söhbətlərin sonucu olaraq müəyyənləşəcək...

*Bir vacib xatırlatma da verim: Beynəlxalq qanunvericiliyə görə, sülhməramlı missiya BMT mandatı əsasında təyin olunur. Heç bir halda münaqişə tərəfləri olan dövlətlərə qonşu olan ölkələr həmin münaqişəli ölkələrə sülhməramlı göndərə bilməzlər. Regionda birbaşa geosiyasi və geoiqtisadi marağı olan dövlət həmin münaqişə bölgəsinə sülhməramlı kontingent göndərə bilməz. Daha önəmlisi, münaqişə tərəflərindən hansısa biriylə rəsmi hərbi-siyasi müttəfiq olan ölkə həmin ölkənin içində olduğu münaqişədə sülhməramlı missiya daşıya bilməz. Münaqişə tərəfləri olan ölkələrdən birində hərbi bazası olan dövlət bazası olduğu ölkənin münaqişəsində sülhməramlı hərbi kontingent kimi iştirak edə bilməz. Bütün bunlar ona görə belə müəyyənləşib ki, sülhməramlılıq xalqlar arası barışa, sülhə nail olmaq, o sülhü yaratmaq kimi bəşəri xidmətlə məşğul olurlar, hər hansı tərəfkeşlik mövzu bais ola bilməz, hər iki tərəfə bərabər məsafədə dayanıb neytral qalmalıdırlar!

Bu gün Rusiya sülhməramlıları, vəlvələdən ya zəlzələdən, yuxarıdakı bütün beynəlxalq hüquq prinsiplərini tapdalayıblar, pozublar. Ancaq özləri də çox yaxşı bilirlər ki, bu, müvəqqəti haldır onlar üçün, ona görə son iki aydır ortaya qoyduqları canfəşanlıq, ardı kəsilməyən yükdaşımaların, təchizatla təmin etmə bumunun gerçək məqsədləri, əslində, sülhməramlılıq yox, Qarabağda hərbi baza qurmaqdır. Rusiya Qarabağda faktiki hərbi şəhərcik salır, hərbi baza formalaşdırır!

Qaldı ki, II Qarabağ müharibəsinə, gəlin, artıq birdəfəlik başa düşək ki, beynəlxalq qərar olmasaydı, əvvəlcədən heç qoymazdılar da ki, bu müharibə başlasın və nəinki 44 gün, beşcə gün belə sürsün. Qərbi çox da həfifə almayın, varidatımızın böyük qismi ora bağlıdır, adicə elə SWIFT beynəlxalq ödəniş sistemini xatırladım, başqa da heç nə demirəm, maliyyəçilər bilir bunun ölkələr üçün necə öldürücü bir "silah" olduğunu. Uzun sözün qısası, müharibənin başlanması, davam etməsi və bu formada qurtarması beynəlxalq qərardır. Bunu qlobal planda sırf Azərbaycanın müharibəsi kimi qiymətləndirmədiyim üçün, hesab edirəm ki, sülhməramlıların tərkibi məsələsi də bir gün mütləq masaya qoyulacaq və hamını razı salacaq qərar qəbul olunacaq...

Hələlik münaqişə tərəfi olan xalqların son məlum vəziyyətlə bağlı psixoloji planda emosional yanaşmaları ən yüksək həddədir deyə prosesi tormozlayaraq ertələyiblər, bir növ dondurublar. Ancaq bu don bir müddət sonra açılacaq. Putinin "...status-kvo olduğu kimi qalır, bu gələcəyin, gələcək hakimiyyətlərin işidir, sonrakı mərhələdə, ola bilsin, prosesin başqa iştirakçıları həll edəcək statusu" cümləsi məhz buna hesablanıb. Zaman-zaman istər ruslar, istərsə də Qərbdəkilər ATƏT söhbətlərini də dilə gətirirlər ki, kimsə eyforiyalara qapılmasın və indidən işini bilsin...

Bax, yazın bir kənara, sonra demədi deməyin...

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi
Son xəbərlər
Bütün xəbərlər »