“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının X turunda “Səbail” üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.
45 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Robert Prosineçkinin gedişindən sonra əksəriyyət sizi yığmada görmək istəyir. Təklif olsa, cavabınız nə olacaq?
- Hər dəfə belə söhbətlər olub. Mənim xarakterimi bilirsiniz. Bu gün deyəcəyim fikir hamının fikrini “Atletiko” ilə oyundan yayındıra, rezonans yarada bilər.
- Oyundan sonra danışaq?
- Baxarıq nəticə necə olacaq (gülür). Açığı, Prosineçkinin gedişi mənim üçün gözlənilməz oldu. O, dünən gedib, mənim bu gün nəsə söyləməyim düz olmaz. Ən doğru qərarı AFFA verəcək.
- Bəlkə sizə təklif olub, razı deyisiniz?
- Bu gün “Atletiko”ya oyuna hazırlaşırıq. Qalsın sonraya. AFFA rəhbərliyinin qərarından sonra fikir bildirərik.
- Sizinlə yanaşı Roman Qriqorçukun və Kaxaber Sxadadzenina adı hallanır. AFFA İcraiyyə Komitəsinin üzvü kimi sizin təklifiniz nədir?
- Heç bir təklifim yoxdur. Nə İcraiyyə Komitəsi yığılıb, nə də belə müzakirə olub. Xahiş edirəm mənim də fikrimi yayındırmayın.
- “Atletiko” ilə oyundan nə gözləyirsiniz?
- Həmişə istəmişəm ki, komanda layiqli oyun nümayiş etdirsin. Futbolçular belə komandalara məğlub ola-ola böyüyürlər. Bu oyun, mövcud zədələr məni daha da diqqətli edib. Rəqibi ilk oyundan sonra daha yaxşı tanıdıq. Bizimlə matç “Atletiko”nun son şanslarıdır.
- "Atletiko" "Qarabağ"la matçdan sonra fövqəladə rejimdədir. Bu, bizim üçün üstünlükdür?
- Özümüzü aldatmamalıyıq. Belə komandalarla bu cür şeylər keçmir. Çalışmalıyıq ki, səhvlər olmasın, qol buraxmayaq.