Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maraqlar münaqişələri və biz

Azərbaycan dövlət rəhbəri kimlərə və hansı mesajları verdi?

İlham Əliyev yerli TV-lərə müsahibəsində Azərbaycanın etibarlı qaz ixracatçısı olaraq qaldığını deyib. O, “Abşeron” yatağında 350-360 milyard kubmetr qaz, 100 milyon ton kondensat ehtiyatlarının olduğunu əsas gətirib.Bundan başqa Prezident deyib ki, TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır və hazırda Türkiyə bazarında Azərbaycan qazı birinci yerdədir. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək. Prezident deyib ki, iki ildən sonra “Qarabağ” yatağından ilk neft hasil olunacaq”: ““Qarabağ” yatağında neft ehtiyatları daha çoxdur və bizim hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var”. Müsahibədə, həmçinin, keçmiş Sovet İttifaqına nostalji hissləri bəsləyənlər, Ermənistanın müharibəyə hazırlaşması, Qarabağla bağlı danışıqlar və sair mövzulara da toxunulub.

İlham Əliyev İlham Əliyev

Qaz ehtiyatları və nəqli ilə bağlı göstərilən rəqəmlərin üzərində xüsusi təhlil aparmadan da belə qənaətə gəlmək olar ki, Azərbaycan Avropa enerji bazarında oyunçulardan biri kimi qalmağa çalışır. Ölkə Prezidenti deyir ki, sahib olduğumuz ehtiyatlar buna imkan verir. Bu siyasəti davam etdirərkən artıq neft faktoru deyil, qaz ehtiyatları faktoru önə keçib. Azərbaycan hələ “neft bumu”nun pik illərində də qaz ixracının gələcək perspektivlərinə sərmayə qoyurdu. Bilirsiniz ki, “Əsrin Müqaviləsi” adlanan kontrakt və sonrakı neft-qaz müqavilələri daha çox xarici sərmayəni, xarici şirkətləri Azərbaycana cəlb edirdi. Bu, indi də davam edir. Prezidentin də müsahibəsində vurğulanır ki, Azərbaycan neft-qaz ehtiyatlarına hələ də xarici şirkətlərin marağı böyükdür. Maraqlar olan yerdə rəqabət də var. Eləcə də, təzyiqlər.

Böyük güclərin əlindəki ən böyük təzyiq rıçaqlarından biri Ermənistan-Azərbaycan münaqiçəsidir. Diqqətlə fikir versək, Azərbaycan hansısa bir geosiyasi-geoiqtisadi məsələdə müstəqil addım atanda, münaqişə bölgəsində - konkret hərbi əməliyyatlar teatrında düşmən tərəfdən təxribatlar və eləcə də, danışıqlar prosesində problemli situasiyalar yaranıb. Ermənistan-Azərbaycan münaqişəsi faktorundan indiyədək daha çox Rusiya, eləcə də, ABŞ və Minsk Qrupunda Fransa ilə təmsil olunan Avropa İttifaqı istifadə edir. Yəni dünyadakı dörd qlobal gücdən üçü. Hər üç böyük gücün Ermənistana təsiri var. Ermənistanın iqtisadiyyatının əsas hissəsi, eləcə də, hakimiyyətinə, ordusuna, hətta müxalifətinə belə əsas nəzarət Rusiyanın əlindədir. Hərçənd, Azərbaycan Prezidentinin də dediyi ki, baş nazir Paşinyan və onun hökuməti Soros Fondunun məhsuludur. Ancaq bu, o demək deyil ki, İrəvandakı hökumət Rusiydan çox uzaqlaşıb. Bu gün iki dövlətin hava sərhəddini keçməklə də olsa, Ermənistana silah yardımı edirsə, Azərbaycanın Pilotsuz Uçan Aparatlarını vurmaq üçün Ermənistana müasir hava hücumundan müdafiə komplekslıri verirsə, bu, o deməkdir ki, Ermənistanın siyasi və hərbi təsisatlarına üstün nəzarət Rusiyaya məxsusdur.

Bəli, Rusiyanın müdafiə naziri Bakıya səfərində Ermənistana silah daşındığını inkar etmişdi. Ancaq Azərbaycan bu izahata inanmadı və bunu da açıq ifadə etdi. Çünki Azərbaycanın əlində təkzibolunmaz faktlar olmasa, bu haqda ən yüksək səviyyədə açıqlama verməzdi və Rusiya da xüsusi olaraq müdafiə nazirini hərbi oyunlar adı altında Azərbaycana göndərib Azərbaycanın dövlət başçısına birbaşa izahat vermək ehtiyacı duymazdı.

Bu məsələlərdə bəs Qərb dövlətlərinin mövqeyi nədir?

Qərb dövlətləri Ermənistanı Rusiyadan qoparmaq üçün indiyədək həmin ölkəyə daha çox siyasi və maliyyə dəstəyi göstəriblər. Ancaq istədiklərinə nail olmayıblar. Ermənistan Amerikanın, Avropanın yardımları hesabına yaşayıb, ancaq reallıqda Rusiyanın siyasətini yerinə yetirməkdə davam edib. Ona görə indi həmin Qərb dairələri yavaşdan da olsa, Ermənistana təzyiq göstərməyə başlayıblar. ABŞ Konqresinin məlum Komitəsində Ermənistanın əleyhinə olan qərar da bundan xəbər verir. Eyni zamanda Avropa İttifaqı Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərinə yol çəkməsini, bu günlərdə isə azərbaycanlılara məxsus bölgələrə xaricdən erməni ailələrinin köçürülməsini pislədi. Vaxt vardı, Avropa İtiifaqı münaqişə həll olunmamışdan əvvəl Azərbaycanı Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələri qurmağa çağırırdı. Vəziyyət çox dəyişib. ABŞ Ermənistanda sanki öz hökumətini qursa da və bu hökumət sözdə Avropaya inteqrasiyadan danışsa da, yenə əvvəlki mövqeyindən əl çəkmir.

İndiki geosiyasi situasiyanı mürəkkəbləşdirən həm də budur ki, ABŞ-la Avropa İttifaqı arasında bir tərəfdən, ABŞ-la Rusiya arasında o biri tərəfdən maraq münaqişələri xeyli kəskinləşib. Avropa İttifaqı özü də bu sanksiya siyasətində iştirak edir. “Navalnı işi” bu ziddiyyətləri bir az da kəskinləşdirib; Rusiyaya təzyiqlər artıb. Hərçənd Rusiyaya və İrana qarşı təzyiqlər məsələsində ABŞ-la Avropa İttifaqı arasında da tam sinxronluq yoxdur, hətta fikir ayrılıqları var. Və hər iki qlobal gücün, eləcə də, Rusiyanın Çin kimi problemi var; Rusiya müdafiə naziri Rusiya-Çin sərhəddinə böyük qoşun kontingenti topladıqlarını deyir. Xabarovskdan Çin sərhəddinə çox qısa məsafə olduğunu dilə gətirən nazir Şoyqu Moskvanin Qərblə qarşıdurmaya başı qarışacağı və zəif düşəcəyi halda Uzaq Şərqin Çinin nəzarətinə keçəcəyi təhlükəsini dolayısı ilə etiraf edib.

Və bu dörd dünya gücünün münaqişəsinin episentrinə düşən bölgələrdən biri də Qafqazdır. Azərbaycan Qafqazın ən zəngin və ən böyük ölkəsi olaraq daha çox maraq cəlb edir; öz təbii ehtiyatları, coğrafi mövqeyi və sair faktorlar baxımından böyük güclərin maraqlarının yönəldiyi ölkə olaraq həmişə çalışır ki, bu maraqların toqquşduğu deyil, qovuşduğu nöqtə olsun. Ancaq buna mane olan əsas amil yenə də eynidir – Ermənistanın başqa paytaxtlardan idarə olunan hakimiyyəti.

Nikol Paşinyan Nikol Paşinyan

Paşinyanın baş nazir vəzifəsinə gəlişindən sonra atdığı addımlara, verdiyi bəyanatlara baxsaq, görərik ki, Ermənistanın yeni siyasi rəhbərliyi ardıcıl təxribatlarla danışıqlar prosesini dayandırmağa və hətta pozmağa, hərbi əməliyyatları bərpa edib yeni ərazilər qazanmaqla bu günkü status-kvonu saxlamaq üçün əlavə rıçaqlar əldə etməyə çalışır. Kollektiv Təhlükısizlik Müqaviləsi Təşkilatını (yəni Rusiyanı) Qarabağ münaqişəsində Azərbaycana qarşı açıq tərəf kimi qoymağa cəhd göstərir. Azərbaycanın Tovuz-Qazax bölgəsində dövlət sərhəddimizə hücum cəhdi edir və hazırda da yeni hücum planlaşdırır. Yaxın və Orta Şərq bölgələrindən PKK və ASALA terror təşkilatlarının döyüşçülərini işğal olunmuş Qarabağa gətirir. Bütün beynəlxalq hüquq normalarını aşkar və dəfələrlə pozur. Buna görə də Azərbaycan Prezidenti öz müsahibəsində bu məsələyə xüsusi diqqət ayırıb. BMT öz məlum qətnamələrində erməni qüvvələrindən (ki, Qarabağdakı hərbi qüvvələrin 80 faizindən çoxu Ermənistan silahlı qüvvələridir) işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmağı tələb etsə də, Ermənistan bu gün əlavə şərtlər qoyur. “Dərhal” ifadəsindən isə artıq 27 il keçir. Azərbaycan bu halda nə etməlidir?! Ona görə ölkə prezidenti: “Mənasız danışıqlarda vaxt itirmək istəmirik” deyir. Yəni Ermənistan müharibə istəyirsə, onu alacaq və nəticəsi onun özü üçün ağır olacaq.

Azərbaycan-Türkiyə hərbi təlimləri

Bu yerdə Türkiyənin bölgəyə gəlişinə diqqət edək. Bununla bağlı Prezidentin əslində çox mühüm geosiyasi mesajlarla zəngin olan müsahibəsinə bir daha qayıtmaq istərdim. Həmin müsahibədə vurğulanır ki, Azərbaycan Türkiyənin qaz bazarında birinci yerdədir və qardaş ölkəyə qaz ixracımızn həcmi hər il artır. Xüsusi olaraq, “Abşeron” yatağından çıxan qazın da Türkiyəyə ixrac olunacağını deyib. Məlumdur ki, Cənub Qaz Dəhlizi sazişləri imzalanandan sonra Azərbaycana qarşı pressinq artdı. TransAnadolu (TANAP) və TransAdriatik kəmərləri ətrafında baş verənlər məlumdur. Türkiyə bazarında Azərbaycanın payı artdıqca qardaş ölkənin kimlərdən qaz idxalı (asılılığı) azalır?! İlk növbədə gözümüzün qarşısına Rusiya və İran gəlir. O səbəbdəndir ki, Rusiya Ermənistanı olası yeni müharibə üçün silahlandırır, İran isə PKK və ASALA terror qruplarının öz ərazisindən Ermənistana, ordan da Dağlıq Qarabağa keçirilməsinə göz yumur ( hətta bəzi məlumatlara görə, İslam Keşikçiləri Korpusu buna kömək edir). Məqsəd məlumdur; Azərbaycan Türkiyəyə və Türkiyədən keçməklə Avropaya qaz nəqli həcmlərini artırdıqca, ilk növbədə Rusiyanın və İranın həmin bazarlarda mövqeyi zəifləyir. Müharibələr həmişə yeni bazarlar və ya onları əldə saxlamaq uğrundadır. Rusiyanın Ermənistana silahları Qazaxıstan, Türkmənistan və İran üzərindən daşıması bu baxımdan diqqət cəlb edir. Cənub Qaz dəhlizinin uğurları artdıqca, Mərkəzi Asiya ölkələri də Rusiyadan yan keçməklə dünya enerji bazarlarına çıxmağa meyllənə bilər deyə bir əndişəsi var Moskvanın. Bu başdan Azərbaycanla Mərkəzi Asiyanın enerji ixracatçısı olan Xəzəryanı dövlətləri arasında ziddiyyətlər yaratmaq cəhdini aydın gördük. O cümlədən, Türkiyənin bölgəyə hərbi-siyasi gəlişi də buna səbəb olub. Türkiyə bölgəyə özünün və Azərbaycanın ortaq maraqlarını qorumaq üçün gəlir. Bu təlimlər üçüncü ölkələrə qarşı olmasa da, üçüncü ölkələrin Azərbaycana və Türkiyəyə qarşı təhdidlərdən birgə müdafiənin baş məşqləridir. Bu təlimlər bəzi xarici və xaricə bağlı olan yerli dairələrdə narahatlıq yaradıb; Türkiyənin öz maraqları üçün bura gəldiyini deyir, bu yöndə antitəbliğat aparırlar. Bu yerdə bir ritorik sual doğur: necə olur ki, Rusiya Suriyaya, İran Yəmənə gedə bilər, ancaq Türkiyə Azərbaycana gələ bilməz?! Həm də Türkiyə gəldiyi yerə güvən gətirdiyi halda Rusiya, Iran, başqaları getdikləri yerlərə nə aparıblar – göz önündədir. O şikəst “məntiq” sahibləri Fransanın Şərqi Aralıq dənizinndə nə itirdiyini də sorğulasınlar. Eləcə də, ABŞ-ın Baltikyanı dövlətlərdə nə axtardığını da. Bəli, Cənub Qaz Dəhlizinin mərkəzi həlqəsi, əslində qovşağı (xabı) olan Türkiyə bura həm də öz bazarlarını və öz maraqlarını qorumağa gəlirsə, burda onun Azərbaycanla ortaq çıxarları varsa, bunda təbii olmayan nə var?!

Təbii olmayan, ölkə içində keçmiş Sovet İttifaqının xiffətini çəkənlərin “qəfildən” oyanan geri yaddaşıdır; Moskvanın və başqa paytaxtların siyasi oyunlarında alət olanlar öz maraq və niyyətlərini SSRİ-yə nostaji sentmentlərinə büküb cəmiyyətə sırımağa çalışırlar. Sovet dövründə hər şey gözəlmiş də xəbərimiz yoxmuş. Hər şey belə gözəl idisə, niyə dağıldı?! Azərbaycan SSRİ-nin tərkibində olan 15 respublikadan biri idi. Ancaq onun dağılmasını hamıdan qabaq rəsmiləşdirən ilk dövlətlər slavyan üçlüyü – Rusiya, Ukrayna, Belarus oldu. İndi SSRİ təbliğatını xəfifcə başladan Rusiya yanlılara sual edirəm: əgər SSRİ belə yaxşı idisə, Rusiya onu niyə dağıdırdı ki, indi 27 il sonra yenidən bərpa etmək istəsin?! Unutmaq olmaz k, Qarabağ münqişəsinin əsası da “İttifaq” Mərkəzində qoyuldu; SSRİ-ni saxlamaq istəyirdilərsə, niyə bu “İttifaq”ın iki respublikasını bir-birinə qarşı qoydular. Və bütün Sovet dövləti onlardan birinin – Ermənistanın arxasında durdu. Niyə?!

Bu üzdən mən də Prezidentin o fikri ilə tam razılaşıram ki, Azərbaycanın müstəqilliyinin əleyhinə çıxmaq Azərbaycan xalqına qarşı düşmənçilikdir. Çünki bu ölkənin müstəqilliyini xalq öz mübarizəsi ilə, saysız-hesabsız qurbanlar verərək əldə edib. Hansısa komprador, kosmopolit qrupların, siyasi xəyalpərəstlərin naşı eksperimentlərinə qurban verəcək də deyilik.

Bahəddin Həzi

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »