Bakıda ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edib.
Bu barədə APA-ya danışan Bakının Sabunçu rayon, Zabrat qəsəbə sakini Aytən Namazova qeyd edib ki, iyulun 31-də 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində əkiz uşaq dünyaya gətirib. Ana iddia edir ki, uşaqlardan biri oğurlanıb: “Doğuşdan əvvəl UZİ-dən keçmişəm. Həkimlər mənə əkiz uşaq dünyaya gətirəcəyimi bildirdilər. Lakin doğuşdan sonra mənə bir uşaq verildi”.
Məsələ ilə bağlı doğuşu həyata keçirən həkim-ginekoloq Xatirə Həsənova APA-ya açıqlamasında bildirib ki, Aytən Namazovanın şikayəti əsassızdır: “O, doğuşdan əvvəl bir dəfə USM-dən (ultrasəs müayinəsi) keçib. Həmin USM-in nəticələri də səhv göstərilib. İstənilən vaxt kamera vasitəsi ilə yoxlama aparıla bilər”.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə məsələ ilə bağlı hazırda araşdırma aparıldığını bildirib.