Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan ictimaiyyəti Ermənistanın təxribatını hiddətlə qarşılayıb” - Deputat

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan ordusunun əks-tədbirləri adekvat xarakter daşımaqla Ermənistanın təxribatına qətiyyətli cavab verilib”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

Eldəniz Səlimov Eldəniz Səlimov

Deputat qeyd edib ki, yayılmış videolardan da göründüyü kimi, Azərbaycan ordusu Ermənistan hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib və nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib: “Təxribat ondan xəbər verir ki, Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edib. Üstəlik, Cənab Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.

Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Bütün bu qeyd olunanların fonunda Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir və hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur.

Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar isə yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta düşmən ölkənin öz ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar.

Azərbaycan ictimaiyyəti də törədilmiş təxribatı hiddətlə qarşılayıb. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşlar toplaşmaqla cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirilib. Əlbəttə ki, bu, bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirir, lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Hazırki dövrdə istənilən arzuolunmaz xaotik təşəbbüs yalnız düşmənlərimizi sevindirə, onların ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirmələrinə imkan yarada bilər. Bu səbəbdən, bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Azərbaycanın güclü ordusu var və Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir”.

Deputat Eldəniz Səlimov bildirib ki, iyulun 13-də ölkə başçımız cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib: “Dövlətimizin başçısı iclasdakı çıxışında Ermənistanın törətdiyi son təxribatla bağlı Azərbaycanın prinsipial mövqeyini və bu təxribata beynəlxalq səviyyədə qiymət verilməli olduğunun vacibliyini vurğulayıb. Cənab Prezident törədilən təxribatın mahiyyəti, səbəbləri və xüsusilə Ermənistanın qərəzli siyasətinə toxunub.

Ölkə başçısı bildirib ki, belə təxribatların artmasının səbəbi Azərbaycanın son zamanlar beynəlxalq arenada nüfuzunun yüksəlməsi və Ermənistanın daxildəki böhranlı vəziyyət və çaxnaşmalardan diqqəti yayındırmaq istəyidir. O, həmçinin, təxribatlar nəticəsində son bir neçə ay ərzində hərbiçilərimizlə yanaşı mülki şəxslərin də həlak olmasına diqqət çəkib və bununla bağlı bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olduğunu deyib.

Cənab Prezident öz çıxışında bildirib ki, Ermənistan bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edərək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir, digər tərəfdən isə hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur.

Düşmən ölkənin bu cür qərəzli addımlarının beynəlxalq səviyyədə pislənməsi və açıqlanması xüsusilə əhəmiyyət kəsb edir. Bununla bağlı ölkə başçısı qeyd edib ki, Ermənistan rəhbərliyinin bu ikiüzlü və riyakar fəaliyyətinin ifşa edilməsi məqsədilə beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və vəziyyət imkan verən kimi Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələri həmin əraziyə dəvət ediləcək ki, onlar öz gözləri ilə real vəziyyəti, bu hərbi təxribatı kimin törətdiyini, təxribat nəticəsində nələr baş verdiyini və buna kimin cavabdeh olduğunu görsünlər.

Ölkə başçısı bir daha vurğulayıb ki, bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım belə geri atmayacaq. Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »