Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu gedişlə, yaxın günlərdə xəstələri qəbul etməyə yer olmayacaq" - Açıqlama

Dünən Azərbaycanda 325 nəfərin virusa yoluxması həm rekord hədd oldu, həm də əsəbləri tarıma çəkən və birmənalı qarşılanmayan qərarların verilmə səbəbi. Karantin əslində insanlardan da çox ölkənin səhiyyə sisteminin çökməsinin qarşısını almaq üçün atılan tədbirdir. Doktor Müşfiq Hüseynov bu anlamda fikirlərini çox sadə dillə izah edir.

“325 xəstə sizin üçün “heç nə, oyun, siyasət” və ya sadəcə, rəqəm ola bilər. Amma həkimlər üçün, Dövlət Ağciyər Xəstəlikləri İnstitutu üçün 25 nəfər artıq xəstə deməkdir.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Anlayacağınız dildə deyim. 325 bir böyük xəstəxananın çarpayı sayıdır. Bu gedişlə, yaxın günlərdə xəstələri qəbul etməyə nə klinika, nə xəstəxana, nə də otel qalacaq. Virus tutan xəstələr evlərinin ağ tavana baxmaqla ölümə məhkum ediləcəklər. İnsanlarınböyük əksəriyyəti inanmır, oyundur deyir.

Oyundur, oyun deyil, siyasətdir, yoxsa ekonomik təzyiq, yoxsa bioloji silah. Biz heç kimik, dünyada heç mikrob boyda da deyilik. Bizə düşən özümüzü qorumaq, ancaq bundan sonra oyunun nəticəsini gözləmək idi. Onu da böyük əksəriyyət etmədi. Qorunmaq lazım idi, başqa heç nə. Kim nə edir özü bilərdi, bizim əsas vəzifəmiz bu olmalıydı -biz ayaq altında qalmayaq”.

Doktor əslində düzgün vurğulayır. Amma bir problem də var ki, dünya üçün mikrob boyda olduğumuz kimi, işsiz, gücsüz qalıb problemlərimizin altında da özümüzü mikrob boyda hesab edirik. Dövlətin ayırdığı o 190 manat da bizim dərd- sərimizin yanında mikrob boyda qalır. Evində uşağının ac qaldığını görən valideynə də təhlükə mikrob boyda görünür,özünü oda közə vurur.Bir də cəmiyyətin içindəki mikroblar var. Dünyası yaşadığı evin 4 divarları arasından böyük olmayan, amma sərsəm fikirləri, məsuliyyətsiz hərəkətləri ilə hər tərəfə zəhər saçan, batırıb bulayan 2 ayaqlı kor- koranə viruslar. Əminəm ki, koronadan koranə viruslar təhlükəlidir.Hansıar ki, dünyadan xəbəri olmaya-olmaya çayxanda, domino şaqqıldadanda, məhəllə dükanının qabağında daynıb gəlib gedənləri başdan- ayağa süzüb öz ölçülərinə görə qiymət verəndən , işə gedən qadına “ görüşə gedir”, onu saymayıb salam verməyən qonşusuna” yolunu azıb” damğası vurandan sonra başlayır “məxfi idarələrdən” aldığı məlumatı millətə sırımağa. Deməyin ki, zay beyinin zay məhsulu kimə lazımdır? Hər malın öz alıcısı var. Adətən, bizim cəmiyyətdə elə qiybəti yaxşı dinləyirlər, iftiraya daha çox inanırlar, kiminsə tutulması, fahişəlik etməsi barədə söhbəti eşidib yalandan “vay- vay, şərəfsiz” filan deməklə deyil, bizlər belə söhbətlər üçün ölürük, eşidəndə sevinirik, üstünə beşini də qoyub başqasına danışırıq. Elə olmasaydı telekanallarımızda “rəngli” adamların apardıqları bir qəpiklik proqramlar reytinq rekordu qırmazdı, hər verilişə əl çalan qismində qatılan bir qrup ağsaqqal, ağbirçək o studiya sənin, bu studiya mənim deyib dingildəyə-dingildəyə gəzişməzdilər. Elə olmasaydı efirdən xalqa söyən ciyəri beş para etməzləri boykot edər, telekanalın qabağında hay-küy salardılar. Yox, anam, yox. Bizim içimizə bir mikrob düşüb. Amma səbəbi korona deyil, o lap çoxdan yayılıb. Gələcəyimizi, mənəviyyatımız çürüdüb yox edir, amma biz ona karantin tətbiq etmirik. Bəzən bu koronavirusdan hətta xoşum da gəlməyə başlayıb. Çirklənmiş çox şeyləri ən azından evindən çıxmağa qoymadığına görə.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »