Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısından kartları özündə saxlaması barədə xəbərlərə reaksiya

Dövlət Təhlükəsizliyi Xidmətinin rayon icra hakimiyyətlərində apardığı uğurlu əməliyyatlar və rüşvətxorluq faktlarını aşkara çıxarması bəzi rayon başçılarında ciddi narahatlıq yaradıb.

Dünən Bərdə rayonunun icra başçısı Vidadi İsayevin göstərişi ilə ictimai işə cəlb edilən şəxslərin kartlarının “qaytarılması” prosesinə başlanılması barədə axar. az saytında məlumat dərc edildi. Məlumatda bildirilir ki, başçı kartlarını alan şəxslərin dilindən buna dair izahat da alıb.

Bu gün isə Tərtər rayon icra başçısı barədə bənzər xəbər yayılıb.

Belə ki, sosial şəbəkələrdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonda ictimai işə cəlb edilən şəxslərin maaş kartlarının özlərinə qaytarılması barədə məlumat yayılıb. İnsanlar bunu son günlər Dövlət Təhlükəsizliyi Xidmətinin bu günlərdə keçirdiyi əməliyyatlala əlaqələndiriblər. Həmçinin yerli sakinlər Müstəqim Məmmədovun Tərtərdə dövlət mülkiyyətində olan yüzlərlə hektar torpağı ələ keçirdiyini, özünə mülklər tikdirdiyini, rayon ərazisində və qonşu rayonlarda da biznes obyektlərinin, mülklərinin olduğunu bildirir.

Bizimyol.info olaraq başçının məsələyə münasibətini öyrənməyə çalışdıq. Tərtər rayon İcra hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, “ictimai işə cəlb olunan şəxslərin maaş kartları elə ilk gündən onların özlərində olub. İcra başçısının mülkləri barədə yazılanlar isə iftira və böhtandan başqa bir şey deyil”.

Zəngimizə cavab verən məsul şəxsin sözlərinə görə, Müstəqim Məmmədov özü bu barədə açıqlama verib və qeyd edib ki, onun rəhbərlik etdiyi rayonda belə qanunsuzluğa yol verilə bilməz. “Əgər qanunsuzluq etsək, bunu mütləq biləcəklər və biz də cavab verməli olacağıq. Biz kasıbın çörəyinə göz dikməmişik. Bizdə belə nöqsan yoxdur, və heç bir zaman da olmayıb”.

Müstəqim Məmmədov 2014-cü ildə Tərtər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, bundan əvvəl Yevlax rayonunda icra hakimiyyətinin başçısının müavini işləyib.

Son xəbərlər
Bütün xəbərlər »