Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Manat və sığorta bazarı üçün bəd xəbər - Ekspertdən açıqlama

25 ildir Azərbaycan Mərkəzi Bankına (AMB) rəhbərlik edən 68 yaşlı Elmar Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında yenidən AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Onun yenidən bu quruma sədr təyin ediləcəyi gözlənilir. Xatırladaq ki ötən ilin sonunda maliyyə bazarlarına nəzarət də Mərkəzi Banka verilib.

Dünyada neftin qiymətinin ucuzlaşması, manata təyizlərin artması, hazırkı durumda iqtisadiyyatda yaşanan böhran fonunda bank, sığorta və qiymətli kağızlar bazarı ilə çağırışlar və Elmar Rüstəmovun qarşısında duran çətinliklərlə bağlı Bizimyol.info-nun əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovdan açıqlama alıb.

Rəşad Həsənov Rəşad Həsənov

Ekspert bildirib ki, yeni iqtisadi mühit Mərkəzi Bank qarşısında çox böyük öhdəliklər və çətinliklər müəyyən edir: “Növbəti dövrlərdə həm maliyyə bazarlarında, həm onun ayrı-ayrı seqmentlərində, bank sektorunda, sığorta sektorunda mövcud kursun davam etdirilməsini müşahidə etmiş olacağıq.

Digər qurumlarla müqayisədə Mərkəzi Bank nisbətən daha adekvat siyasət aparan qurumlardan biri olub. Mərkəzi Bankın siyasətində ciddi nöksanlar vardı. Bunun özü də iqtisadiyyat üçün müəyyən fəsadlar yaradıb. Növbəti 5 il Mərkəzi bank üçün asan olmayacaq. Xüsusilə, hazırkı durumun iqtisadiyyata təsirləri, neftin sürətlə ucuzlaşması kimi faktırların yaratdığı yeni iqtisadi mühit Mərkəzi Bank qarşısında çox böyük öhdəliklər və çətinliklər müəyyən edir”.

R.Həsənov vurğulayıb ki, Mərkəzi Bank inflyasiya və məzənnə üzərində formalaşmış təzyiqlərin qarşısını almağa cəhd göstərəcək: “Hazırda hər iki istiqamətdə böyük çağırışlar formalaşıb. Düşünürəm ki Mərkəzi Bank bu çağırışlara cavab olaraq daha çox sərt pul-kredit siyasəti aparmağa meyilli mövqe sərgiləyəcəkdir. Əks halda inflyasiya və məzənnə ilə bağlı risklər əhəmiyyətli səviyyədə artır. Bu, özü də hökumətin nisbətən genişlənmə və iqtisadi aktivliyi artırma siyasəti müəyyən məqamlarda zidiyyət təşkil edir. Azərbaycanda mövcud situasiya dünyanın inkişaf etmiş ölkələrilə ciddi fərqlənir. Həmin ölkələrin mərkəzi bankları çalışır ki mümkün qədər pul kütləsini artırsın, öz növbəsində istehlakı dəstəkləməklə dolayısı ilə iqtisadi aktivliyi təmin edirlər.

Çox təəssüflər ki indiki şərtlər daxilində Azərbaycan Mərkəzi Bankı bu imkandan məhkumdur. Çünki Mərkəzi Bankın diqqət etməli əsas məqamlardan biri neftin qiymətinin ucuzlaşması fonunda manatın üzərində yaranan təzyiqin neytrallaşdırılmasıdır. Eyni zamandan bu istiqamətdə yarana biləcək inflyasiya idxalının qarşısının alınması məsələsidir”.

Ekspert vurğulayıb ki, kapital bazarının inkişaf etdirilməsi Mərkəzi Bankın qarşısında duran əsas məqsədlərdən biri olmalıdır: “Hökumət əmlak və kapitala amnistisiya siyasətini müəyyənləşdirməyə çalışır. Belə şərtlər daxilində kapital və səhm bazarlarının inkişafı üçün daha əlverişli bir mühit yarana bilər. Mərkəzi Bank mümkün qədər çalışıb bu imkanlardan istifadə edərək Azərbaycanda nəhayət səhm bazarının, qiymətli kağızlar bazarının inkişafının müəyyən bir mərhələsinin gedilməsinə nail ola bilər”.

R.Həsənov qeyd edib ki, sığorta bazarının inkişafı ilə bağlı çox ciddi çağırışlar var: “Xüsusən böhranlı vəziyyətdə bu bazarın əhəmiyyəti daha aydın şəkildə ortaya çıxır. Bu gün Azərbaycanda həm iqtisadi, həm sosial seqmentdə hökumətin üzərində yaranan öhdəliklərin bu qədər ağır olması və prosesə nəzarət olunmasına ortaya çıxan çətinliklərdən biri də məhz sığorta bazarının normal inkişaf etməməsidir. Və iqtisadi subyektlərin bu imkanlardan yararlana bilməməsidir.

Sığorta bazarı yeni inkişaf mərhələsinə qədəm qoymalıdır. Sığorta bazarı iqtisadi risklərin sığortalanması istiqamətində bir alətə çevrilə bilməlidir və bu, növbəti dövrlərdə iqtisadiyyatın inkişaf etdirilməsi və mövcud institusionallığın təmin edilməsi baxımından mühüm amillərdən biridir”.

Ekspert Rəşad Həsənov vurğulayıb ki, Mərkəzi Bankın İdarə heyəti dəyişmirsə, kursun dəyişməsində ciddi dəyişiklik gözləmək sadəlövlük olardı: “Amma Mərkəzi Bank mümkün qədər yeni çağırışlara adekvat cavab verməyə çalışacaq. Ümid edirəm ki kommunikasiya imkanlarından daha yaxşı istifadə etməyə çalışacaq. Kommunikasiya, xüsusən maliyyə bazarlarının tənzimlənməsində əsas alətlərdən biri kimi orataya çıxır. Uçot faiz dərəcəsini effektiv alətə çevrilməsi istiqamətində də ciddi iş görülməlidir. Bunun nəticəsində bazarlarda müvafiq siyasətlərin və trendlərin müəyyən idarə olunmasına təsir göstərəcək duruma gəlib çıxmalıdır. Daha aktiv oyunçulardan birinə çevrilməlidir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »