Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Koronavirus xəstəliyi ən geci 14 gündən sonra aşkar olunur” - Həkim

Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Xəstələnən şəxs İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir.

Mövzu ilə bağlı infeksionist-hepatoloq Vüsalə Yaşar Bizimyol.info-ya bildirib ki, koronavirus xəstəliyinin gizli dövrü 2-14 günü əhatə edir.

Vüsalə Yaşar Vüsalə Yaşar

“Covid-19 heyvanlardan insanlara yoluxan, lakin insandan insana da yoluxması bəlli olduqdan sonra əhalinin ciddi təşvişinə səbəb olan coronavirusların bir növüdür. Xəstəlik 2-14 gün, ortalama 3-6 gün gizli dövrdən sonra yüksək temperatur, öskürmə, asqırma, burun axması, əzələ və oynaqlarda ağrılarla özünü göstərir. Bəzi insanlarda xəstəliyin çox zəif əlamətləri ola bilər, bəzi şəxslərdə, xüsusilə 65 yaşdan böyüklər, eləcə də, xroniki xəstəliyi olanlar, yəni şəkərli diabet, hipertoniya, kistik fibrozis və başqaları daha ağır keçirə bilir.

Ağır dediyimiz isə xəstələrdə pnevmoniya, el dilində desək sətəlcəmin baş verməsi, böyrək çatışmazlığıdır. Ölümə səbəb olan da məhz bu ağırlaşmalardır. Xəstəliyə diaqnoz qoymaq üçün burun-udlaqdan material alınaraq PCR metodu ilə baxılır. Ölkəmizdə bir necə özəl mərkəzdə, eyni zamanda Taun Əleyhinə Stansiyada bu müayinədən istifadə edilir. Əlimizdə dəqiq müayinə materialı olduğuna görə hələ ki ölkəmizdə covid-19 təsdiqlənmiş pasient qeydə alınmadığı faktı doğrudur. Şübhəli insanlar, xəstəliyin yayıldığı yerlərə səyahət edən, eyni zamanda yüksək temperaturu olan insanlardır ki, onlar 14 gün ərzində müşahidə altında tutulur. Xəstəlikdən qorumaq qaydaları bütün mövsümi qrip və yuxarı tənəffüs yolları infeksiyalarından qorunma ilə eynidir: Əllərin tez-tez ən az 20 saniyə ərzində sabunla yuyulması və ya antiseptik məhlullarla təmizlənməsi.

Digər insanlara xəstəliyi yaymamaq üçün asqırma, öskürmə zamanı ağzımızı dirsəyimizlə və ya salfetlə bağlamalı, salfeti atmalı və həmən sonra əllərimizi yumalıyıq. Yalnız yuxarı tənəffüs yolları xəstəliklərinə bağlı şikayəti olan insanlar, tibb işçiləri, xəstəyə qulluq edənlər maska taxmalıdır. Digər insanların maska taxmasına gərək yoxdur. Maskanın bu infeksiyalardan qoruduğu faktı sübut edilməmisdir.

Xəstəlik hava-damçı yolu ilə bir insandan digərinə asqırma, öskürmə və s. Ilə yoluxur. Bu baxımdan bu əlamətləri olan insanlar mütləq şəkildə maska taxmalıdır. Maskalar taxıldığı zaman yalnız kənarlarındakı iplərə toxunulur və maska səthinə təmas yolverilməzdir. Maskaların 2 saatdan artıq istifadəsi, nəmlənərkən dəyişdirilməməsi yanlışdır”,-deyə infeksionist-hepatoloq Vüsalə Yaşar bildirib.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 808 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 419-dən çoxdur.

Son xəbərlər
Bütün xəbərlər »