Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kirayə evlər” layihəsi işə düşən kimi çökdü: Kim məsuliyyət daşıyacaq... - Açıqlama

İpoteka və Kredit Zəmanət Fonduna məxsus “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezideinti Osman Gündüz çıxış edib. Onun sözlərinə görə, İpoteka və Kredit Zəmanət Fondunun 10 000 000 manat vəsait xərclədiyi rəsmi resursu çöküb.

Osman Gündüz

“Bu gün səhərdən İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka sistemində problemlər yaranıb. Məlum olduğu kimi Fond bu gün saat 10-dan kirayə evlər üçün elektron formada müraciətləri qəbul etməliydi. Əldə etdiyim məlumata görə müraciətlərin sayı çox olduğundan İpoteka və Kredit Zəmanət Fondunun serveri yüklənməyə tab gətirməyib və çöküb. Hazırda eGov portalından e-ipoteka sisteminə “ASAN imza” ilə daxil olmaq mümkün deyil”,-deyə O.Gündüz bildirib.

Ekspert vurğulayıb ki, e-gov sektorunda bu tip hadisə artıq ikinci dəfədir baş verir: “Ötən il də güzəştli mənzillərin onlayn satışı ilə bağlı MİDA informasiya sistemində oxşar hadisə baş vermişdi. Sondaran Mənzil İnşaat Dövlət Agentliyi digər dövlət qurumlarının köməyi ilə problemi aradan qaldıra bilmişdi. Dövlət sektorunda baş verən bütün bu tip hadisələrdən sonra yenidən hansısa bir dövlət qurumunda oxşar halın təkrarlanması təəssüf və təəccüb doğurur.

Ümumiyyətlə, bu tip dövlət layihələrinin start vəziyyətindən öncə onların informasiya resurslarının müvafiq qurumlar tərəfindən audit olunmaması, stres-test edilməməsi da doğru bir yanaşma deyil. Düşünüərm ki eGov Mərkəzi kirayə evlərlə bağlı layihəyə start verməzdən öncə,ötən dərsləri nəzərə alaraq sistemin test olunması üçün İpoteka və Kredit Zəmanət Fonduna göstəriş verməliydi. Həm də ona görə ki artıq bu qurumlar bilirlər ki bir dəfə belə bir problem yaşanıb.

Qısa bir araşdrıma nəticəsində əldə etdiyim məlumatları da burada bölüşmək istərdim. İpoteka və Kredit Zəmanət Fondu hazırda çökən rəsmi resursunun hazırlanması və eGov-a inteqrasiyası üçün 2 il öncə təxminən 6 000 000 manat vəsait xərcləyib. Əlavə olaraq, e-ipoteka alt sisteminin hazırlanması üçün də təxminən 3 000 000 manat vəsait xərcləyib.

Kirayə mənzil saytı

Hər il də serverin saxlanması və İT avadanlıqlar üçün yüz minlərlə vəsait ayrılıb. Təsəvvür edin ki 2 il ərzində təxminən 10 000 000 manat vəsait xərclənən resurs öz qarşısına qoyulan vəzifələri icra edə bilmir və çökür.

10 milyon vəsait xərclənən adi bir informasiya sisteminin öz funksiyalarını yerinə yetirə bilməyərək çökməsi kifayət qədər düşündürücüdür və hesab edirəm ki aidiyyatı qurumlar bununla bağlı araşdırma aparmalıdırlar. Fikrimcə bununla bağlı dərhal rəsmi açıqlamlar verilməlidir.

Yeri gəlmişkən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində DATA Mərkəzi olduğu halda Fondun adi bir serverinin, məlumat bazalarının da özündə yerləşməsi sual doğuran məsələdir”.

Ekspert İpoteka və Kredit Zəmanət Fonduna verdiyi açıqlamanı şərh edib: “Fond baş verənlərlə bağlı rəsmi açıqlama yayıb. Və problemin səbəbini də qeyd etdiyim kimi, müraciət edənlərin sayının çoxluğu ilə izah edib. Sadəcə biabırçıqdır. Çünki ayrılan milyonlarla vəsait məhz qeyd olunan problemin də həlli üçün nəzərdə tutulub. Ümid edirəm səlahiyyətli qurumlar sistemdə araşdrıma aparıb və audit edib vəsaitlərdən nə dərəcə effektiv istifadə edildiyini açıqlayacaq və cavabdeh şəxsləri məsuliyyətə cəlb edəcək”.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »