Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seyid Əli Musəvi: “Azərbaycan bizim canımız-ciyərimizdir”

Bizimyol.info-nu müsahibi İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Əli Musəvidir.

Söhbətimizi çox da rəsmi adlandırmaq olmaz. Bu əslində iki ölkə vətəndaşının oturub dünyanın işləri barədə müzakirə aparması idi. Mən soruşurdum, illərin təcrübəli diplomatı da cavab verirdi.

- Cənab Müsavi, benzinin qiymətinin 50 faiz artırılması neft-qaz ölkəsi olan İran əhalisini qeyzləndirdi, noyabr ayında iğtişaşlar baş verdi. Ağ Evin tətbiq etdiyi sanksiyalar İran əhalisinə çoxmu təsir etdi, indi İranda sosial vəziyyət çoxmu pisdir?

- Mən sizə deyim ki, İranda insanlar arasında gəzərkən sanksiyaların həyata real təsirini görmək mümkün deyil. Amma ümumilikdə bu var.

İnsanlar öz həyatlarına davam edirlər və ölkədə hər şey boldur, sadəcə bir az qiymətlər bahalaşıb və məişət bir az çətin olub. Buna görə ölkədə kasıb təbəqəyə dövlət sosial yardım paketləri vəd etdi. Müəyyən ərzaq (düyü , yağ və s.) verilir. Xalqımız 40 ildir ki, ABŞ-ın bizə qarşı tətbiq etdiyi sanksiyalar altında yaşayır və demək olar ki, buna öyrəşib. Biz Amerikanın maksimum təzyiq siyasəti qarşısında maksimum müqavimət yolunu tutmuşuq və zülmə və təzyiqə heç vaxt boyun əyməyəcəyik.

-Bir dəfə bir videogörüntü gördüm, keçmiş preidentiniz Əhməd Nejatın çox sadə evini göstərirdilər. Bu müəyyən kütlə üçün hazırlanmış kadrlar idi, yoxsa həqiqətən dövlət başçısı o qədər sadə yaşayırdı?

- Bəli, Əhməd Nejad elə yaşayırdı. O, belə həyat tərzini seçmişdi. Yaxşı insan idi, amma bəzi ölçülməmiş siyasəti var idi və buna görə də məğlub oldu.

- Bir politoloqun fikridir bu, deyir ki, Amerikaya yaxın olan, onunla dostluq edən bütün islam ölkələri zəngin oldular, Rusiya ilə yaxınlaşan müsəlman dövlətlərinin isə başı aclıqdan və problemlərdən açılmadı. Fikrinə haqq qazandırmaq üçün də ərəb dövlətlərini göstərdi. İran Rusiya ilə müttəfiqliyi seçdi.

- Tarix sübut edir ki, İranla Rusiya arasında keçmiş dövrlərdə bəzən inamsızlıq olmuşdur, lakin indi iki ölkə strateji müttəfiqdir və regionda İran, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlıq üçün münasib zəmin yaranmışdır. Buna misal olaraq biz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini göstərə bilərik. Demək olmaz ki, məhz Rusiya ilə əməkdaşlıq etdiyimizə görə problemlərlə üzləşmişik. Hazırki şəraitdə Rusiya ilə strateji münasibətlər nizamın verdiyi qərardır.

- Amma İran Qarabağ problemində Azərbaycanın ərazi bütövülyünü dəstəkləsə də ermənilərə qarşı da isti münasibəti yox deyil

- Ermənilərlə Bizim münasibətlərimiz sadəcə qonşuluq münasibətidir. Azərbaycana qarşı İranın rəğbəti açıq aşkar və daha böyükdür. İran Azərbaycanın ərazi bütövlüyünün qorunmasını istəyir və bunu dəfələrlə bəyan edib. İranla Ermənistan arasında illik iqtisadi dövriyyə neçə milyondursa Azərbaycanla bu dövriyyə 10 dəfə çoxdur. Azərbaycan bizim dostumuz, qohumumuz və can-ciyərimizdir. Biz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT TŞ-nın qəbul etdiyi qətnamələrə əsasən həll olunmasının tərəfdarıyıq.

- Adətən siyasətdə bir qanun var. Heç bir dövlət qonşusunun ondan daha güclü olmasını istəmir. Bu baxımdan İrandan baxanda Azərbaycan necə görünür?

- Xoşbəxtlikdən Azərbaycanın çoxlu inkişafları var. Biz Azərbaycanın təhlükəsizliyini və inkişafını öz təhlükəsizliyimiz və inkişafımız bilirik. Bakının bulvarı, göydələnlərin tikintisi, səliqə sahmanı gözlə görülür. İnkişaf var. Mən dünən Heydər Əliyevin anım mərasiminə qatılmışdım. İnsanların onu yad etmək üçün əllərində gül dəstələri ilə gəlməsi nə deməkdir? Bu böyük sevgidən , hörmətdən xəbər verir. Əliyevlərin Azərbaycanın inkişaf etdirilməsində xüsusi rolu olub və davam edir. Biz Azərbaycanın Türkiyəyə qoyduğu investisiyaları görürük və onun təcrübəsinə inanırıq. Ona görə irəlidə bizim Azərbaycanla böyük iş birliyimiz olacaq. Bildiyiniz kimi “Xəzər” avtomobillərini birlikdə istehsal edirdik. Gələcəkdə yük maşınlarının istehsalı, yüngül sənaye sahəsində genişmiqyaslı əməkdaşlıq etməyi nəzərdə tuturuq. Bu barədə hələlik müzakirələr aparılır. İran həmişə Azərbaycanın yanında olacaq və ermənilər də bunu yaxşı bilirlər. Azərbaycan bizim canımız-ciyərimizdir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »