Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir çox sakin yaşadığı problemlərin həlli üçün bələdiyyəyə müraciət etməli olduğunu belə bilmir” – Həsən Həsənli

Dekabrın 23-ü ölkəmizdə bələdiyyə seçkisi keçiriləcək.

Müşahidələr onu göstərir ki, seçki üçün namizədliyini irəli sürənlər arasında kifayət qədər gənc namizədlər də var. Bu insanlar arasında maraqla qarşılanır, gənc nəslin gətirəcəyi yeniliklərə ümidləri daha da artırır. Bəs, görəsən, gənc namizədlər nə düşünür? Namizədliyini irəli sürərkən hansı çətinliklərlə qarşılaşır, seçicilərinə nələr vəd edir? Elə bu dəfəki həmsöhbətim də Sumqayıt şəhəri üzrə Bələdiyyə Seçkisində namizədliyini irəli sürmüş Həsən Həsənlidir. O, qeyd edir ki, gəncliyə inanmaq lazımdır. Gənc və sadə bir şəhər sakini olaraq “gözəgörünməz” problemlərə bələd olduğunu deyən həmsöhbətim həmçinin, əhali arasında seçkilərə inamsızlığın və marağın azlığından şikayətlənir.

- İlk olaraq istərdim bələdiyyə seçkisinə namizəd kimi qatılmağa necə qərar verdiniz, bu barədə danışardınız.

- Əvvəla bildirim ki, bələdiyyə seçkisi üzrə namizəd olduğum - Sumqayıt şəhərinin İcra Başçısı, cənab Zakir Fərəcovun, həmçinin, hazırda bələdiyyə sədri kimi fəaliyyətdə olan cənab Sultan Əsədovun diqqət və qayğısı, ciddi səyləri nəticəsində son dövrlərdə şəhərimizdə xeyli abadlıq işləri aparılmışdır, şəhərimiz yaxşılığa doğru xeyli dəyişmişdir. Bunlar danılmaz faktdır. Lakin şəhərimizdə bəzi problemlər də var ki, bu ümumi şəhərə aid olmadığı üçün bir növ gözə görünmür. Çünki bu problemlər demək olar ki, sırf mikrorayonlara və məhəllələrə xas problemlərdir. Mən də gənc və sadə bir şəhər sakini kimi bu problemlərə bələd olduğumu düşünürəm. Həmçinin, bu sahəyə olan ciddi həvəsimi və sakinlərlə işləmək bacarığımın olduğunu da nəzərə alaraq, şəhərimizin bələdiyyəyə aid problemlərinin həllində öz töhfəmi vermək istəyirəm. Mənim fikrimcə, xalq olaraq hərtərəfli inkişaf üçün bələdiyyələrdə gənc, dinamik, məsuliyyətli kadrlara yer vermək lazımdır. Gəncliyə inanmaq lazımdır. Düşünürəm ki, bu addım həm də Azərbaycanda Bələdiyyəçilik İnstitunun formalaşmasına ciddi təkan olacaqdır.

- Dediniz ki, şəhərdə elə problemlər var ki, bir növ gözə görünmür və siz də bu problemlərin həlli istiqamətində çalışmağı düşünürsünüz. Bu problemlər ilə bağlı nə deyə bilərsiniz?

- Bir çox ölkələrdə kommunal xidmətlərlə yanaşı, təhsil, sağlamlıq, istirahət, hətta məişət tullantılarının təmizlənməsi də daxil olmaqla, bir çox problemlərin həlli üçün bələdiyyələrə müraciət edilir. Lakin onu da bilirik ki, Azərbaycan Respublikasında bələdiyyələr idarəetmə sisteminin ən aşağı formasıdır. Bundan dolayı bizdə bələdiyyələrin səlahiyyətləri o qədər də geniş deyil. Həmçinin, bir sıra səlahiyyətləri həm də şəhər icra orqanları ilə bölüşdürülür. Buna baxmayaraq, düşünürəm ki, istənilən halda bələdiyyələr şəhər problemlərinin həllində böyük rol oynaya bilər. Sizin sualınıza cavab kimi isə onu deyə bilərəm ki, mənim fikrimcə, şəhərimizin bir sıra mikrorayon və məhəllələrində asfalt örtüyünün yenilənməsinə, bəzi sakinlərin kommunal xidmətlərlə bağlı olan problemlərinin (o cümlədən, Sumqayıtda bir sıra mikrorayon və məhəllələrdə kanalizasiya sistemi ilə bağlı) həlli istiqamətində onların düzgün yönləndirilməsinə bələdiyyə tərəfindən xüsusi diqqət yetirilməlidir. Sizi əmin edirəm ki, ümumşəhər üçün görülən xeyli abadlıq işlərinin aparılmasına baxmayaraq, sözügedən bəzi mikrorayon və məhəllələrdə bir çox sakinin şəhər bələdiyyə sədrinin kim olduğunu bilməməsi bir yana qalsın, yaşadığı problemlərin həlli üçün bələdiyyəyə müraciət etməli olduğunu belə, bilmir. Çünki, həmin sakinlər ümumşəhər üçün gedən proseslərdən nisbətən kənarda qalıblar və bu da "bələdiyyə - vətəndaş, vətəndaş - bələdiyyə" münasibətlərini ciddi şəkildə sarsıdır. Mənim fikrimcə, mərkəzi yerlərdə abadlıq işlərinin aparılması ilə yanaşı, həm də mikrorayon və məhəllədaxili problemlərin aşkar edilib, onların həlli istiqamətində çalışmaq lazımdır.

- Cəmiyyətdə belə bir fikir var ki, kimin adamı və ya pulu varsa, elə həmin adamlar da bələdiyyələrə üzv kimi seçilir. Siz necə düşünürsünüz? Bu seçkiyə qoşulanda kənardan hansısa dəstəyə güvənib qoşuldunuz, yoxsa, ancaq öz fikir və bacarıqlarınıza arxayınsınız?

- Öncə onu deyim ki, mənim bələdiyyəyə üzv kimi seçilib - seçilməməyimdən asılı olmayaraq, bu tamamilə yanlış düşüncədir. Bu sadəcə əhalinin seçkilərə olan inamsızlığından, marağının azlığından irəli gəlir. Mənim fikrimcə, bir insanı xalq hansısa yerdə görmək istəyirsə və bunun üçün həmin adamla birlikdə cəhd göstərirsə, məsələn, seçkilərdə aktiv iştirak edib, həmin adamı dəstəkləyirsə, xalqın bu addımının qarşısını heç bir "adam" və ya pul kəsə bilməz. Hələ indiki dövrdə, heç kəsə bilməz. Hər halda, kimsə adamı və ya puluna güvənib üzv kimi seçilmək niyyətindədirsə, inanıram ki, xalq ilə yanaşı, həm də öz vicdanı qarşısında necə bir insan olduğunu özü yaxşı dərk edir. Mənim seçkilərə qatılmağımla bağlı onu deyə bilərəm ki, mən də hamı kimi sadə bir vətəndaşam və Azərbaycan Respublikası Seçki Məcəlləsinin III maddəsinə əsasən, seçmək və seçilmək hüququmdan istifadə edib bələdiyyə seçkisinə qatılmışam. Kiminsə dəstək olub - olmamasına gəldikdə isə, mən sadəcə xalqın, o cümlədən cənab Prezidentin gənc nəslə olan etimadına güvənib namizəd olmuşam.

- Həsən bəy, namizəd kimi təbliğat - təşviqat işlərini hansı formada həyata keçirirsiniz? Bu çərçivədə namizədliyinizi irəli sürdüyünüz ərazidə vətəndaşlarla görüşünüz olurmu?

- Namizədliyimlə bağlı təbliğat - təşviqat 3 əsas xətt üzrə həyata keçirilir. Birincisi, təbliğat afişalarının, Sumqayıt şəhərinin müxtəlif yerlərində olan seçki lövhələrində, digər namizədlərin afişalarının yanına əlavə edilməsidir. Hansı ki, bu proses demək olar ki, başa çatıb. İkincisi, sosial şəbəkələr üzərindən (məsələn; facebook, instagram) şəhər əhalisinə müraciətlərim və sakinlərlə bu istiqamətdə olan danışıqlarımdır. Üçüncü, ən əsas təbliğat - təşviqat xəttini isə əhali ilə yerində görüşlər təşkil edir. Bu günə kimi şəhərin bir çox mikrorayon və məhəllələrində sakinlər ilə görüşüb onlarla tanış olmuşam, eyni zamanda bələdiyyəyə aid problemlərini qeydə almışam. Hal-hazırda da bu istiqamətdə fəaliyyətimiz davam edir və son təbliğat - təşviqat gününə kimi də şəhərin müxtəlif yerlərində sakinlərlə görüşlərimiz nəzərdə tutulub.

- Görüşlərdə sakinlərə hansısa vədlər verirsinizmi? Əgər ki, vədd verirsinizsə, bunlar nədən ibarətdir?

- Aləmdə xanım, mən bu suala söhbətimizin kuliminasiya nöqtəsi deyərdim (gülür). Çünki bir çox namizədlər öz seçicilərini razı salmaq üçün müəyyən vədlər vermək məcburiyyətindədir. Lakin hazırda bələdiyyələrin imkanları, səlahiyyətləri hər kəsə məlumdur. Bu imkanlar daxilində isə seçicilərə böyük vədlər vermək üçün ya yalan danışmalısan, ya da öz şəxsi büdcənə - imkanına güvənməlisən. Bir dəfə iştirak etdiyim bir siyasi tədbirdə belə bir fikir söylənmişdi ki, siyasət yalnız varlılar üçündür. Lakin mən heç də bu cür düşünmürəm. Mənim fikrimcə, ölkəsinə, xalqına canı yanan bir kasıb canı yanmayan min varlıdan daha faydalıdır. Mən heç bir seçiciyə yalandan böyük, imkanlarım xaricində vədlər vermirəm. Sadəcə olaraq, öz seçki platformamda da qeyd etdiyim kimi mənə dəstək olan-olmayan hər kəsə - Sumqayıt şəhəri sakinlərinə bildirirəm ki, üzv kimi seçildiyim təqdirdə hər zaman şəhər əhalisinin problemlərini öz problemlərim kimi qəbul edib, bu problemlərin həlli istiqamətində, şəhərimizin rifahı naminə əlimdən gələn nə varsa, etməyə hazıram.

- Hansısa partiya mənsubiyyətiniz varmı? İqtidar yönümlüsünüz, yoxsa müxalif yönümlü?

- Xeyr, mən heç bir partiya üzvü deyiləm və namizədliyimi də hansısa partiya tərəfindən deyil, öz təşəbbüsümlə irəli sürmüşəm. İqtidar yönümlü, yoxsa müxalifət yönümlü olmağıma gəldikdə isə mən xalq yönümlü olmağı daha üstün hesab edirəm. Mənim qarşımda duran əsas məqsəd yaşadığım şəhərin sakinlərinin bələdiyyələrə aid problemlərini öyrənmək və bu problemlərin həlli istiqamətində əlimdən gələni etməkdir. Bunun üçün isə iqtidar yönümlü, ya da müxalif yönümlü olmağı mütləq hesab etmirəm.

- Bu il xeyli sayda insan bələdiyyə seçkisinə namizəddir. Bir çoxunun da Milli Məclis seçkisində namizəd olacağı gözlənilir. Hətta sosial şəbəkədə insanların bu çoxluqdan qıcıqlandığını da müşahidə etmək olur. Sizin buna münasibətiniz necədir?

- Fikrimcə, burada qətiyyən pis nə isə yoxdur. Bir insan özünü, həqiqətən, bələdiyyə üzvlüyünə və ya millət vəkilliyinə layiqli namizəd kimi görürsə və müəyyən tələbləri də ödəyirsə, bizə yalnızca "Uğurlar!" demək düşər. Ancaq, onu da bildirim ki, bu namizədlərin bir çoxu real namizədlər deyil. Məsələn, Sumqayıt şəhəri üzrə Bələdiyyə Seçkisində 75 nəfər namizəd qeydə alınıb. Bunlardan sadəcə, 10 - 15 nəfəri aktiv təbliğat - təşviqat işləri aparır. Digərləri isə namizəd kimi qeydə alınsa da bu istiqamətdə demək olar ki, heç bir aktiv fəaliyyətlə məşğul deyil. Lakin istənilən halda bu addım əhalinin seçkilərə biganə qalmaması deməkdir. Nə qədər çox namizəd, bir o qədər çox seçici; Nə qədər çox seçici, bir o qədər aktiv seçki!

Söhbət etdi: Aləmdə Nəsib, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »