Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sanki “907-ci düzəliş”...

ABŞ Konqresinin Nümayəndələr Palatasından“erməni soyqırımı” qətnaməsi niyə qəbul edildi?

ABŞ Konqresinin Nümayəndələr Palatası Konqresmen Adam Şiffin təklif etdiyi layihəni qəbul etməklə 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərə qarşı törədildiyi iddia olunan uydurma “soyqırım”ı rəsmən tanıdı. Eyni zamanda Türkiyə Respublikası əleyhinə bəzi sanksiyakarın tətbiqi haqqında da qanun qəbul edib. Bu, Türkiyə və Azərbaycan üçün çox xoşagəlməz qərarlardır.

Doğrudur, bu sənəd hələlik hüquqi qüvvə daşımır; onun hüquqi qüvvə alması üçün Senatda da qəbul edilməsi və Prezidentin imzalaması lazımdır. Burada əlbəttə, daxili siyasi məqsəd var; Nümayəndələr Platasının demokrat çoxluğu Prezidnt Trampın xarici siyasi kursuna, xüsusilə, Suriya siyasətinə ciddi təzyiq gösrtərməklə Respublikaçıların 2020-ci il seçkilərində mövqelərinə indidən zərbə vurmağa çalışırlar. Suriyada Rusiya ilə unison hərbi-siyasi davranış konstruksiyası qurmuş Türkiyəni cəzalandırmaq və Türk Silahlı Qüvvələrinin Suriyada əməliyyat planını dayandırmaq da ikinci əsas məqsəddir. Bu sənəd Konqresin hər iki Palatasından keçə bilsə, Prezidentin onu imzalayıb-imzalaması ətrafında böyük siyasi oyun qurulacaq; demokratlar burdan da siyasi fayda götürməyə çalışacaqlar. İmzalamayacağı halda onunla bağlı impiçment prosesinə “ikinci şans” tanınacaq, imzalayacaqsa da, ABŞ və onun NATO üzrə müttəfiqləri Türkiyəni real olaraq itirmək təhlükəsi ilə üzləşəcək. Yəni Prezident Trampın Avropadakı əleyhdarları da hərəkətə keçmək üçün arqument qazanacaq (lap elə bu günlərdə NATO Baş katibi Stoltenberq Alyansın zirvə görüşündən sonra: “Türkiyə itiriləcək bir müttəfiq deyil” demişdi).

İstənilən halda Amerika siyasi şahmatındakı bu yeni oyunların sonunda Respublikaçılar Partiyasına pat vəziyyəti yradılması nəzərdə tutulub. Hələlik bu, sırf siyasi bir sənəddir; hüquqi qüvvəsi yoxdur. Ancaq prosesin davamı Türkiyə və Azərbaycan üçün arzuolunmazdır. Türkiyə bu sənədin onun üçün heç bir hüquqi nəticə yaratmayacağını dedi. Azərbaycan da “ədalətsiz qərar” adlandırdı(ki, elə də var).

Diqqəti məhz bu “ədalətsiz” ifadəsinə yönəltmək istərdim. Qondarma erməni soyqırımı iddialarını darmadağın edən bütün arqumentasiyanı bir kənara qoyaq (bunlar onsuz da məlumdur və istisnasız haqlıdır). Bu sənədin tamamilə siyasi mülahizələrə söykəndiyini və ədalətsiz olduğunu məhz ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı qəbul etdiyi “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş tam sübut edir. Həmin düzəlişdə “Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı blokadasını dayandırmaq əsaslandırma kimi irəlisürülmüşdü. Bu həmin vaxtlar idi ki, Əbülfəz Elçibəy hökuməti Dağlıq Qarabağda Azərbaycan Kostitusiyasının bərpası üçün hərbi əməliyyatlar aparırdı və Azərbaycan ordusu Xankəndinin 11 kilometrliyinə çatmışdı. Bu əməliyyatları dayandırmayacağı təqdirdə Azərbaycana Amerika dövlət yardımları qadağan edilirdi. Ermənistana və ayrıca olaraq Dağlıq Qarabağa yardımlar davam etdirilirdi. Qəribəsi budur ki, Azərbaycan öz ərazisini işğal edən bir dövlət hesab edilirdi (bundan daha absurd bir iddia mümkün deyil). Tutaq ki, ermənilər Kaliforniya ştatını ayırmaq istəsə, ABŞ dövləti və əhalisi əleyhinə işğalçı və terrorçu kimi davransalar, erməni olmayan amerikalılara qarşı Xocalıdakı kimi soyqırımı törətsələr, rəsmi Vaşinqton da bu dövləti və bəşəri cinayətlərə qarşı hərbi gücdən istifadə etmək zorunda qalsa, öz ştatlarından birində ABŞ Konstitusiyasının qüvvəsini bərpa etmək istəsə, bunun adı “işğal” olacaqmı?! Əlbəttə ki, yox! Ancaq ABŞ Konqresi və o zamankı Administrasiya bütün bu gerçəkləri kənara atmışdı. Türkiyəni Suriyada “işğalçı” kimi tanıtmağa çalışır. Özü 2001-ci ildə beynəlxalq terrorizmin qurbanı olan ABŞ Türkiyənin Suriya ilə 900 kilommetrlik sərhədi boyu yaradılan terror dövlətinə qarşı əməliyyatları “işğal” kimi təqdim və təlqin etməyə çalışır. Və bu sual yaranır: bəs Amerika qoşunlarının və ümumiyyətlə, NATO qüvvələrinin Əfqanıstanda nə işi var?! Bəlkə Pentaqon generalları əfqan dağlarına tətilə gedib?! 2001-ci il 11 sentyabr olaylarından sonra beynəlxalq antiterror koalisiyası yaradılmadımı? Azərbaycan da bu koalisiyay fəal qoşulduğu üçün 907-ci düzəlişin qüvvəsi Prezidentin qərarı ilə dayandırılmadımı?! Bəs bu gün Türkiyə Suriyada nə edir?! Terror dövləti ilə savaşır. Və ona qarşı bu sanksiyalar nə dərəcədə haqlıdır?!

Eyni cür məsələlərə müxtəlif cür yanaşmalar beynəlxalq siyasətdə, təəssüf ki, çox tez-tez rast gəlinir. Son qətnamə də bunun görsənişlərindən biridir. Və bu cür qeyri-hüquqi, ədalətsiz yanaşmalar, əslində, dünyanın müxtəlif bucaqlarında öz antidemokratik rejimlərini qurmuş diktator liderlərin və reaksion hökumətlərin işinə yarayır; ABŞ dünyada demokratiyanı yaymaq, insan hüquqlarının qorunmasına “məcbur etmək” kimi məqsədlər qoyursa, “erməni soyqırımı”nı tanımaq kimi ədalətsiz qərarları ilə avtokrat, totalitar, klerikal rejimlərin əlini gücləndirmiş olur. Bəyan olunan məqsədlə aparılan praktik siyasət daban-dabana ziddir. İndiki durumda Türkiyəni cəzalandırmaq beynəlxalq terrorizmə qarşı mübarizənin hərfinə və ruhuna ziddir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »