Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dəfələrlə dağıdılsa da, sirrini qoruyan Gülüstan qalası: gedənlərin qayıtmadığı tunel - Reportaj
2019-09-22_202124

Gülüstan qalası əsrlər boyu düşmən hücumlarına məruz qalıb.

İlk görünüşdən dağın zirvəsində qalanın olduğuna inanmaq çətindir. Çünki baş verən yeraltı təkanlar qalanın böyük bir hissəsinin dağılmasına səbəb olub.

Şirvan hökmdarlarının gizli iqamətgahı olan qala Şamaxı şəhərindən 3 kilometr şimal-qərbdə, Böyük Xınıslı kəndindən 200 metr yüksəklikdəki dağın zirvəsində yerləşir. Yerli sakinlər bu qalanı ikinci Qız qalası da adlandırırlar. Müdafiə məqsədilə tikilən qalanın bu günə qədər bəzi sirləri açılmamış qalıb.

Qalaya aparan bütün yollar qayalıqlarla örtülüb. Keçilməz qala divarlarına çıxmaq üçün kifayət qədər çətin, tikanlı cığırlardan keçmək lazımdır.

Qalanın aşağı girişində gizli tunel var. Deyilənə görə, o vaxt bu tunel alternativ yollardan biri olub. Amma yolun hara apardığı müəmmalı olaraq qalıb. Bəzi araşdırmaçıların fikrincə, həmin tunelin bir çıxışı Şamaxıda yerləşən Cümə Məscidinin həyətindədir. Qala ilə məscid arasında isə 10 km-ə qədər məsafə var.

Oxu.Az sirli və müəmmalı Gülüstan qalasından reportajı təqdim edir.

Əsası VI əsrin əvvəllərində qoyulan Gülüstan qalası Şirvanşahlar dövlətinə məxsusdur. Şahın bütün xəzinəsi bu gizli qalada qorunub. Qalanın görünüşü Şirvan-Abşeron memarlığı üslubunu xatırladır.

Gülüstan qalası haqqında müxtəlif məlumatlara rast gəlmək olar.

Əraziyə getməzdən qabaq bir qədər araşdırma apardıq. Qala barədə çoxlu rəvayətlər var. Bəziləri deyir ki, o tunelin hara getdiyini bilmək istəyən insanlar olub. Tunelə daxil olsalar da, geri qayıtmayıblar. Bəziləri isə bu barədə, ümumiyyətlə, məlumatsız olduqlarını deyiblər.

Qala haqqında ilk məlumat VIII əsrdə yayılıb. Bu barədə ərəb tarixçisi Təbərinin qeydlərində bir sıra məqamlara rast gəlmək mümkündür. Azərbaycan hərb tarixində şanlı iz qoyan Gülüstan qalası əsrlər boyu düşmən hücumlarına məruz qalıb. 733-734-cü illərdə Müslüm ibn Əbd əl-Məlik Şirvana hücum edərkən “Qaleyi Duxteran”ı (Qız qalasını) dağıdıb.

Qala Şirvanşahlar tərəfindən bərpa edilsə də, çox keçmir ki, Səlcuqlu sultanı Mahmud hücum edərək onu yenidən dağıdır. Son olaraq qala Şirvanşahlar tərəfindən bərpa edilib. Gülüstan qalası tariximizin ən müəmmalı abidələrindən biri hesab olunur.

Qalanın divar və bürcləri fərqli zamanlarda xəzər, ərəb, səlcuq, monqol, səfəvi, osmanlı yürüşləri zamanı dağıdılıb. Tarixçilərin dediyinə görə, sirli Gülüstan qalasına ən böyük zərbə XVI əsrin ortalarında Şah Təhmasib tərəfindən vurulub.

1537-ci ildə I Təhmasib Şirvana hücum edərkən Şirvanşah Şahrux əvvəl Gülüstan, sonra isə Buqurt qalasına çəkilib. Bir il sonra Səfəvilər Buqurt qalasını tutaraq Şirvanşah Şahruxu əsir alıb və Şirvanşahlar dövlətinin varlığına son qoyublar.

Buqurt qalasının işğalından sonra Səfəvilər Gülüstan qalasını tutaraq dağıdıblar. Səfəvi-Osmanlı müharibələri dövründə Osmanlılar tərəfindən zəbt edilən Gülüstan qalası qismən bərpa edilsə də, XVII əsrin əvvəllərində I Abbas tərəfindən tamamilə məhv edilib. Özündə əsrlərin sirrini qoruyan bu qala mühüm strateji obyekt olub.

Qalanın zirvəsinə çıxmaq çox çətin olsa da, nəhayət, məqsədimizə çata bildik. Təəssüf ki, qalanın bu istiqamətində tunelin girişi tamamilə bağlanıb. Məcbur olub, digər tərəfə endik.

Qalanın şimal-qərb qurtaracağında içqalası var. Dağın bu istiqaməti, demək olar ki, sıldırım qayalıqdır. Yalnız dağın cənub yamacı nisbətən eniş-yoxuşludur. Qalaya qalxan tək çıxış isə bizim gəldiyimiz sıldırım qayalıqdır. Gülüstan qalası üçün seçilən dağ təbii müdafiə üstünlükləri ilə yanaşı, şəhərlə əlaqə baxımından da çox əlverişlidir.

Şamaxı rayonu üzrə abidələrin tarixi barədə məlumatlı olan Yasin Nuriyev deyir ki, vaxtilə tuneldən istifadə edilib:

“Qalanın tikilişi VI-VIII əsrə təsadüf edir. Yaşayış isə XI əsrə qədər davam edib. Sonra tayfalar və yerli əhali buradan köçürülüb. Qalanın bir hissəsi uçub, digər hissəsi isə günümüzə qədər gəlib çıxıb. Dağın içərisində gizli saray var.

4-5 il bundan qabaq həmin sarayın aşkara çıxarılması üçün arxeoloji qazıntılar aparılsa da, sonradan yarımçıq qalıb. İki ilə yaxın qazıntı işləri aparılıb. Qalanın aşağı ətəyində gizli tunel var. Həmin tunelin hansı istiqamətə aparması ilə bağlı araşdırmalar aparılacaq”.

Rəvayətə görə, gizli tuneldən qaçış məqsədilə istifadə edilib və əvvəllər orada yaşayan yerli əhali su götürmək üçün tuneldən yararlanıb. Qala bürcündən aşağı tərəfdə qaranlıq kiçik otağa gedən yol var. Bu yolun hara apardığı müəmmalıdır.

Maraq üçün tunelin girişindən bir xeyli irəli getdik. 10-15 metr getdikdən sonra havasızlıq insana irəli getməyə imkan vermir. Bundan əlavə, bir qədər irəlidə tunelin girişi daralır və orda yalız sürünərək hərəkət etmək olar.

Gülüstan qalası turizm obyekti kimi istifadə edilə bilər. Bunu avstriyalı tanınmış bərpaçı memar Erix Pummer Şamaxı rayonunda olarkən deyib. O, Şirvanşahların igamətgahı olmuş Gülüstan qalasının “3D scanning” layihəsini hazırlayıb.

Məşhur mütəxəssis dünyanın müxtəlif yerlərində 400-dən çox abidəni bərpa edib. Erix Pummerin iştirakı ilə bu günədək ölkəmizdə “Qız qalası”nda, “Şirvanşahlar sarayı”nda, İçərişəhərdəki tarixi “Bəylər” məscidində, “Məhəmməd” məscidində və digər abidələrdə bərpa və konservasiya işləri aparılıb.

Y.Nuriyev deyir ki, tuneldən Cümə məscidinə yol olub. 10 km-ə yaxın məsafə olsa da, insanlar bu fikrin doğruluğuna inanırlar:

“O vaxt müharibə zamanı Əngixaran kəndinin əhalisi bu tuneldən istifadə edərək gizlənib. Onların sonrakı taleləri barədə bəzi məlumatlar gizli olaraq qalıb. Tuneldə təxminən 20-30 metr içəri keçmək olur.

İrəli getdikcə tunelin ağzı daralmağa başlayır və keçilməz hal alır. Bu günə qədər çox adam tunellə getmək istəsə də, buna nail ola bilməyib. Havasızlıq, dar yollar onlara irəli getməyə icazə verməyib. Rəvayətlər isə müxtəlifdir. Buqurt qalası ilə Gülüstan qalasının ətəyindəki tunelin birləşdiyi deyilir. Bəlkə də, balaca uşaq gedə bilər, amma bu çox risklidir”.

Xatırladaq ki, qalanın dərindən öyrənilməsi üçün Avstriyadan mütəxəssislər də dəvət olunacaq. Həm Gülüstan qalası, həm də tunelin giriş-çıxışları araşdırılacaq, təhqiqatlar aparılacaq. Yaxın zamanlarda burada arxeoloji qazıntıların aparılacağı gözlənilir.

Paylaş »
››› Azər Axşam həyat yoldaşını dəstəklədi, dövlət başçısına müraciət edəcəyini bildirdi - Foto
››› Cavidin qatili “Altes Qrup”un prezidentinin qardaşı oğludur
››› Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
››› Ərdoğan: "Dünyanın gözü önündə terrorçulara 30 min yük maşını silah verdilər"
››› Yanvarın 1-dən evini sığorta etdirməyənlər cərimələnəcək
Son xəbərlər
Bütün xəbərlər »