Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peyvəndlər barədə gəzən miflərə son - “Uşaqlarınızı riskə atmayın”

Son zamanlarda uşaqlar, eləcə də yetkin insanlarda qızılca xəstəliyi geniş yayıldı. Buna baxmayaraq, valideynlər arasında hələ də peyvəndə etimad etməyən, vurdurub-vurdurmamaqda şübhəli qalan, nəticədə imtina edənlər var.

Bizimyol.info peyvəndlər barədə yaranmış suallara və miflərə aydınlıq gətirmək üçün pediatr Gülnar Abdullayeva ilə müsahibəni təqdim edir.

-Peyvənd olmadan uşağın immunitetini gücləndirmək olarmı?

-Biz həkimlərə tez-tez sual verirlər: Həkim, uşağımızın immunitetini necə gücləndirə bilərik?

Əvvəlcə, onu deyim ki, immun sistemi orqanizmi, daxil olan virus və bakteriyalardan qoruyan vahid sistemdir. Peyvənd nəzərdə tutulan xəstəliklərə qarşı orqanizmdə immunitet yaradır. İmmun sistemi heç bir dərmanla möhkəmlənməz. Sadəcə uşağa bol maye verilməli, yediyi qidalara diqqət edilməlidir. Yemək menyusu meyvə-tərəvəzlə bol olmalıdır. Təmiz havada gəzməyi də unutmaq olmaz.

-Son zamanlar hər kəsin çox qorxduğu peyvənd nədir?

-Peyvənd bir sıra yolxucu xəstəliklərə qarşı immunitet yaratmaq üçün orqanizmə daxil edilən həmin virus və bakteriyaların zəiflədilmiş bir hissəsidir. Peyvənd xüsusi texnologiya ilə hazırlanır və xəstəlik yaratmır, əksinə xəstəliyə qarşı immunitet yaradır. Peyvəndlə yaradılan immunitet 4 -8 həftə ərzində yaranır .Peyvənd adətən, doğumdan 12 saat sonra, doğumun 4-7 ci sutkasında körpələrin 2, 3, 4, 6, 12, 18-ci ayında vurulmalıdır. Çünki bu yaşda bir sıra xəstəliklərə yoluxmanın ölümlə nəticələnmə risqi yüksəkdir. Buna görə adətən, bir sıra peyvəndlər 1 yaşa qədər vurulmalıdır.

-Peyvəndin vurulmasında nələrə diqqət etmək lazımdır?

-Soyuq zəncir prinsipi qorunmalıdır. Bu o deməkdir ki, peyvənd istehsal olunandan vurulma anına qədər saxlanılma qaydasına diqqət etmək lazımdır. Peyvənd 2-8 dərəcə arasında saxlanılmalı, saxlanıldığı yerdə havalandırma sistemi, temperatura nəzarət üçün termometr olmalıdır. Peyvəndi xüsusi ixtisaslı tibb bacısı vurmalıdır. Bütün qaydalara əməl edilməlidir. Əks halda peyvənd tutmaya bilər.

-Peyvənd olmuş adam xəstəliyə tutula bilərmi?

-Bəli, belə hallar da olur. Amma bu halda peyvənd olunmuş adam xəstəliyi yüngül keçirir, bəzən həkimlər belə, müəyyən etməkdə çətinlik çəkə bilir. Buna görə peyvənd olunması vacibdir.

Qızılca peyvəndindən sonra hansı əks göstərişlər ola bilər?

Qızılca peyvəndi olduqdan 10 gün - 2 həftə sonra yüngül qızdırma, səpgi ola bilər.

Qızılca peyvəndinin autizm yaratması iddiasına aydınlıq gətirən müsahibimiz qeyd edir ki, bu tədqiqatlar sona çatmayıb və nəticə yoxdur. Buna görə bu fikrə əsaslanaraq qızılca peyvəndindən imtina etmək risklidir. Ölkəmizdə valideynlər peyvənddən kütləvi şəkildə imtina edirlər. Valideynlər arasında AKDS peyvəndi ağır peyvənd kimi dəyərləndirilir. AKDS göyöskürək, difteriya, tetanusa qarşı peyvəndir. AKDS peyvəndi körpənin 2, 3, 4, 18-ci ayında vurulmalıdır. Qızdırma, inyeksiya vurulan nahiyədə şişlik kimi hallar müşahidə edilə bilir. Lakin bu hal 24-48 saat ərzində keçib gedir. Göyöskürək 6 ay davam edən bir xəstəlikdir. Xəstəliyin ağırlaşması zamanı uşaqda tutmaşəkilli öskürək qeyd edilir. Uşaqda öskürək tutmaları zamanı qusma da qeyd edilə bilər. Tetanus xəstəliyi paslı alətlər, dəridə yara olduğu halda torpaqla birbaşa təmas zamanı yarana bilir. Tetaniya xəstəliyi əzələlərdə spazma yaranması nəticəsində tənəffüsün dayanması ilə nəticələnə bilir.

Okavaks-Su çiçəyi peyvəndi təqvimə daxil deyil. Valideynlər bu peyvəndi özəl klinikalarda vurdura bilər.

Beləliklə, bütün bu risklərə qarşı körpələrin vaxtında peyvənd edilməsi şərtdir.

Söhbət etdi: Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »