Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zəhranın ailəsini öz oyunlarına alət etmək istəyirlər”
Füzuli rayon icra hakimiyyəti şəhid ailəsinin aldadılması bərədə məlumatlarla bağlı Bizimyol.info-ya açıqlama verdi

Şöbə müdiri: “Əgər onlara ev verilirsə, rayon icra hakimiyyətinin başçısı niyə mane olmalıdır ki?”

“Zəhranın 40-ı yeni çıxıb, acıları təzədir, bu ailənin psixoloji durumları yerində deyil. Bəzi adamlar onlardan öz məqsədləri, öz oyunlarına alət etmək və ya sensasiya yaratmaq üşün istifadə etmək istəyirlər. Əgər onlara ev verilirsə, rayon icra hakimiyyətinin başçısı niyə mane olmalıdır ki? Hansı bir vicdanlı insan istəməz ki, onlara ev verilsin?!”.

Bu açıqlamanı Bizimyol.info saytına Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Bayram Nİftəliyev deyib. Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan 18 aylıq Zəhranın ailəsinin Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılması barədə yayılan xəbərlərə münasibət bildirən şöbə müdiri deyib ki, məslənin mahiyyəti başqadır.

“Bir nəfər qeyri-hökumət təşkilatı(QHT) avqustun ortalarında Zəhranın ailəsi ilə görüşüb və onların adından Azərbaycanın vitse-prezidentinə müraciət ünvanlayıb. Həmin müraciətlə əlaqədar İcra hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev ailə ilə görüşüb. Onlar bildiriblər həmin müraciətdən bizim xəbərimiz yoxdur, müraciət kompüterdə yığılıb və biz ora qol çəkməmişik”.

B.Nifətliyev qeyd edir ki, Zəhranın dərdi təkcə o ailənin, alxanlılıların, Füzulinin deyil, bütün Azərbaycanın dərdidir. “Zəhra Quliyevanın atasıgilin Alxanlı kəndində özlərinə məxsus evləri, həyətyanı sahələri, bir hektar suvarılan torpaq sahələri, 5 hektar əkin torpaq sahələri var. Onlar hələ hadisənin şokunu ata bilməyiblər. Hələ də nazirliklərdən, komitələrdən, QHT-lərdən və s. yerlərdən axın-axın onlara baş çəkməyə gələnlər var. Onlarla görüşürlər, dərdlərinə şərik olurlar. Yəni onların ev davası edəsi vaxtı deyil. Sadəcə bununla bağlı bir mövzu atılıb ortaya və məsələnin mahiyyəti bundan ibarətdir. ”

O qeyd edib ki, “Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kəndini ağır artilleriya qurğularından atəş tutması nəticəsində 18 aylıq Zəhra Quliyeva və onun nənəsi 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı qətlə yetirlməsi təkcə Füzulidə deyil, ölkədə, həmçinin bütün dünyada böyük rezonans doğurmuşdur. “Bu məsələyə ölkə prezidenti cənab İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən münasibət bildirilmişdir. Böyükdən-kiçiyə hər bir Azərbaycan vətəndaşı, Azərbaycanın dostları bu məsələyə münasibət bildirərək, erməni vandalizmini pisləmişdilər. O cümlədən də Füzuli camaatı, rayon icra hakimiyyəti və əlaqədar təşkilatlar ilk gündən Zəhranın ailəsinin yanında olmuş, onlara maddi və mənəvi dəstək göstərmişdir. Bildiyimiz kimi, Zəhranın 3, 7 və 40 mərasimlərinin xərcləri və qəbirüstü abidənin hazırlanması rayon icra hakimiyyəti tərəfindən qarşılanmış, məzarın ətrafı abadlaşdırılmışdır. Eyni zamanda Zəhranın atası Elnur Quliyev və anası işlə təmin edilmişdir. İcra hakimiyyəti tərəfindən mütəmadi olaraq ailəylə əlaqə saxlanılır və köməklik göstərilir” – deyə B.Niftəliyev vurğulayıb.

Qeyd edək ki, yenicag.az saytı Zəhranın valideynləri tərəfindən Prezidentə ünvanlanan məktuba istinadın məlumat yayıb ki, Füzuli rayon icra hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib. Həmin ərizədə guya ailənin onlara təklif olunan ev və digər məsələlərdən imtina etdiyi qeyd olunur. Məsələ ilə bağlı Zəhranın atası Elnur Quliyevlə əlaqə saxlanılıb. E. Quliyev, məlumatı təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəmədiyini dedi:

“Bu məsələni özüm həll edəcəm. Xahiş edirəm, heç kim qarışmasın. Özüm Prezident Aparatının qarşısına çıxacam. Mən kimləri kreslodan yıxacağımı bilirəm”.

Məsələ ilə bağlı açıqlama verən Qənimət Əliyevlə də ortada ciddi anlaşılmazlığın olduğunu bildirdi: “Bu, Zəhranın ruhuna yad mövqedir. Burada ciddi anlaşılmazlıq var. Biz həmin ailə ilə söhbət etmişik. Bizə torpaqlarını atıb, getməyəcəklərini bildiriblər. Hazırda həmin evdə 3 nəfər yaşayır və mənzil şəraitləri də yaxşılaşdırılıb. İcra hakimiyyəti tərəfindən digər şəhid ailələri kimi onlara da qayğı göstərilir. Biz bu mövqe ilə razılaşmırıq. Bir daha bəyan edirəm ki, burada ciddi anlaşılmazlıq var. Bizimlə bağlı belə bir müraciətin daxil olduğuna inanmıram”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »