Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qaydaları pozub videosunu paylaşan məşhurlar cərimələnə bilər" - Açıqlama

Sosial şəbəkələr artıq günümüzün ayrılmaz hissəsinə çevrilib. Gün ərzində yüzlərlə insan izləyir, onların müxtəlif paylaşımlarına baxırıq. Bəzən isə bu görüntülər heç də xoş olmaya bilir.

Belə ki, sosial şəbəkələrdə, daha çox "İnstagram" şəbəkəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxslərin videolarına, fotoşəkillərinə rast gəlirik. Nədənsə bunların içərisində məşhur simalar, müğənnilər, xanəndələr, efir məkanında daha çox olan və yüz minlərlə istifadəçisi olan insanlar daha çoxluq təşkil edir. Bəzən isə həmin şəxslər öz məşhurluqlarından istifadə edərək qanunları pozurlar və bunu da nümayişkaranə şəkildə edirlər. Bu hallarda hansısa tədbirlər görülə bilərmi?

Bizimyol.info-ya bu haqda danışan yol nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu mənfi tendensiyadır və belə halların araşdırılması və cəzalandırılması mümkündür:

Elməddin Muradlı

"Bu cür videoların yayımlanması heç də yaxşı tendensiya deyil. Həm yol hərəkəti təhlükəsizliyi baxımından, aparılan ciddi təbliğat işlərinə ləkə salmaq baxımından, həm də mənfi nümunə olmaq baxımından cəmiyyətdə öz mənfi təsirini göstərir. Çünki məşhur adamların yaşamı, rəftarı, davranışları bəzən yeniyetmələrin həyat tərzinə çevrilir. Əfsuslar olsun ki, onlara baxıb onlardan nümunə də götürürlər. Bu da istər istəməz təsirsiz ötüşmür.

Polislər vətəndaşı saxlayıb ondan qanun tələb edəndə, vətəndaş polisin üzünə qayıdır ki, filankəslər bütün günü açıq-aşkar şəkildə kəmər taxmırlar, çəkib sosial şəbəkədə paylaşırlar, heç kim də tədbir görmür. Düşünürəm ki, həmin qanun pozuntularını sosial şəbəkələrdə araşdırmaq, tapmaq, aşkarlamaq və qanuni tədbir görmək mümkündür. Bu bizim qanunvericiliklə də tənzimlənir. Yol Hərəkəti Haqqında qanunda da deyilir ki, Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti əməkdaşları Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlara reaksiya verməlidir, araşdırmalıdır, tədbir görməlidir. Sosial şəbəkələr də bu gün Kütləvi İnformasiya Vasitəsi rolu oynayır deyə bu hallar nəzərdə saxlanılmalıdır.

Yol polisi əməkdaşları məşhurlara məşhur olduqlarına görə çox güzəşt edir deyə, onlarda bir arxayınlıq hissi var. Ondan bundan ruhlanırlar və belə açıq-aşkar şəkildə cəmiyyətə mənfi tendensiyalar yayırlar. Bunun qarşısı alınmalıdır və ümumilikdə onlara yol polisi adından xəbərdarlıq edilməlidir. Yol polisi işini sosial şəbəkələrdə təbliğat üzərindən qursa, düşünürəm ki, daha yaxşı və effektiv olar.

Sükan arxasında mobil telefondan istifadəyə görə 50 manat, təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etməyə görə 40 manat, siqaret çəkməyə görə isə yalnız taksi sürücüləri 40-50 manat məbləğində cərimə edilirlər".

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun məsələyə münasibətini öyrənmək istəsək də, gün ərzində mobil telefonuna zəng çatmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »