Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hamının gözlədiyi… sürprizlər

Növbədənkənar taktika, yaxud siyasi riyaziyyat: ölkə mühüm qərarlar ərərfəsindədirmi?

Yaxın zamanda – bəlkə də bu həftənin sonuna qədər çox mühüm siyasi qərarlar veriləcəyi gözlənilir. Ekspert və jurnalist dairələrində dolaşan fikirlər və öncəgörmələr də, hakimiyyət nümayəndələrinin verdiyi bəyanatlar da belə nəticələr çıxarmağa əsas verir. Əslində proses çoxdan başlayıb. Ancaq ötən ilin sonunda ReAl Partiyasının sədri İlqar Məmmədov azadlığa buraxılanda hadisələrin sonrakı inkişafı ilə bağlı xətlər aydın sezilməyə başlamışdı. İlqar Məmmədov həbsdən çıxan kimi növbədənkənar parlament seçkilərinə qatılacağını bəyan etdi. Bu isə o deməkdir ki, o, hələ həbsdə olanda ya xarici diplomatik mənbələrdən bu haqda məlumat almışdı, ya da çox mühüm dövlət dairələrindən kimsə və ya kimlərsə onunla bu haqda müzakirə aparmışdı (hətta sosial şəbəkələrdə hansısa anlaşma olduğuna dair eyhamlar da peyda oldu).

İlqar Məmmədov

Birinci versiyanı həqiqətə daha yaxın saymaq olar. Əvvəla, ona görə ki, ikinci versiyanı təsdiqləmək üçün yalnız və yalnız informasiya tələb olunur. Birinci versiyanı isə təhlillə də isbatlamaq olar; o ərəfədə İlqar Məmmədov yüksək çinli Qərb diplomatları və siyasətçilıri ilə görüşmüşdü və mümkündür ki, ona belə bir məlumat verilmişdi. O da azadlıöa çıxan kimi, bu məlumatı açıqladı; gözlənilən və ya onun gözlədiyi növbədənkənar parlament seçkilərini vaxtından əvvəl “deşifrə” etdi. Sonrakı mərhələdə İlqar Məmmədovun AXCP və Müsavatla bir araya gəlməsi, eləcə də, Mili Şuranın 19 yanvar mitinqinə qatılaraq orada çıxış etməsi, çıxışında parlament respublikası ideyasını qabardaraq Milli Məclisin üzərinə yüklənməsi təsadüf deyildi (Açığını desək, İlqar Məmmədov həbsdən çıxan kimi keçirdiyi ilk mətbuat konfrasında öz siyasi kapitalına çox ciddi zərbə vuraraq azaltdı – gözləntilərin çox altında bir siyasi performans sərgiləmişdi. Bu üzdən bəlkə də durumu düzəltmək üçün çox da böyük siyasi sevgi bəsləmədiyi Əli Kərimli və Arif Hacılı (İsa Qəmbər) ilə bir masaya oturmaq zorunda qaldı, ardınca mitinqə gedib orda da rəqib “müttəfiqlər”dən daha zəif çıxışı ilə “işləri korladı”, bu üzdən 26 yanvarda gözlənilən mitinq ərəfəsində yenidən “siyasi taym-aut” götürməli oldu). O aralarda Milli Şuradan, Müsavatdan və ReAl-dan məsafə saxlayan (hətta dolayısı ilə 19 yanvar mitinqinin əleyhinə də qəzəbqarışıq qısqanclıq qığılcımları saçan başqa qrupların da cürbəcür komitə və hərəkat kimi iddialı formatlarda toparlanmağa çalışması sıradan olaylar deyildi. Dağ çayında sular qəfildən bulanırsa, deməli, tezliklə sel gəlcək. Və bulanıq suda balıq tutmaq həvəsində və marağında olanlar tilovlarını hazırlayıb qayalıqların üstündə uyğun mövqelər seçməyə çalışır (həm sel onları qarşısına qatıb apara bilməyəcək qədər təhlükəsiz yerdə dayansınlar, həm də balıq tuta bilsinlər). Milli Şuranın 19 yanvar mitinqindən sonra suların daha artıq “bulanmaması” üçün hökumət 26 yanvar aksiyasına icazə vermədi. Çünki açıq demək lazımdır ki, 19 yanvar mitinqi gözlənildiyindən daha izdihamlı oldu; hətta Bakı Polisi belə öz rəqəmini əvvəlkindən daha çox göstərdi, bü üzdən iqtidar tərəf də, müxaalifət tərəf də 26 yanvarda bundan daha izdihamlı və daha coşqulu aksiya gösləyirdi. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general Mirqafar Seyidovun “kütlələri idarə erməyi öyrənənə qədər” müxalifətə mitinq keçirməyə icazə verməmək vəsadəti də burdan əmələ gəlmişdi (sanki Mirqafar Seyidov – siyasətə qarışmamalı olan strukturun başındakı adam 40 il kütlələri idarə edibmiş və siyasi aksiya keçirənlər bu işi ondan öyrənəcəklərmiş). Və maraqlıdır ki, hələ icazənin olub-olmayacağı bilinmədən (hər halda cəmiyyətə bəlli olmadan) ReAl sədri növbəti aksiyaya qatılmayacağını bəyan elədi.

Əli Kərimli

Təhlilin sanki daha çox İlqar Məmmədovun siyasi faktura üzərində qurulması da bəlkə onun bu proseslərdə daha çox barometr rolunu oynayırmış kimi görünməsidir. Təbii ki, müxalifət düşərgəsində Əli Kərimlinin başqalarından daha çox öndə görünməsi, sanki prosesin daha çox onun üzərində qurulması təəssüratı da İlqar Məmmədov fiquruna ekstra diqqət yönəldir. Çünki cənab Məmmədov həbsdə olduğu müddətdə ətrafında elə bir rəy yaranmışdı ki, sanki azadlığa çıxan kimi meydandan hər kəsi süpürüb atacaqmış kimi. Ancaq indi ictimai və siyasi poseslərin yönünü müəyyən etməyə çalışanlar ona sanki bir növ “siyasi flyüger” rolunu “ayırmış” kimidirlər; “prosesi yalnız o apara bilər” deyil, “nə baş verəcəyini əvvəlcədən tək o bilər” düşüncəsi ilə. “Etibarlı, informasiyalı mənbə” kimi. Siyasi liderdən çox siyasi analitk rolu biçmişlər sanki. Bəli, bəlkə də böyük bir hissədə adamlar haqlıdırlar; İlqar Məmmədov həbsdən çıxan kimi növbədənkənar seçkilər “elan etmişdi” və hər şey də sanki ona doğru gedirmiş kimi görünür. Bu üzdən ReAl sədrinə daha çox vaxt və yer ayırmış olduq.

Doğrudanmı, hər şey o yönə gedir? Bu suala cavab verməzdən əvvəl tanınmış iqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah Hərəkatının lideri Qubad İbadoğlunun siyasi-riyazi hesablamalarına diqqət verək. Qubad İbadoğlu öz sosial şəbəkə hesabında yazıb ki, 2019-cu ilin dövlət büdcəsində seçki və referendum üçün 90,9 milyon manat nəzərdə tutulub. O sual edir: “Bu vəsaitin 53 milyon 900 mion manatı bələdiyyə seçkilərinə xərclənəcək, bəs yerdə qalan 37 milyon manat hara sərf olunacaq?” Və öz sualına özü də belə cavab verir: “...Hakimiyyət bu il üçün yenidın seçki və ya referendum keçirmək niyyətindədir. Çünki yerdə qalan 37 milyon manata daha bir seçki və ya referendum keçirmək olar”.

Bu siyasi riyaziyyat dəqiqdirsə, o halda belə bir sual çıxır: seçki, yoxsa referendum? Seçki ehtimalına baxsaq, söhbət prezident seçkisindən getmir – sonuncu prezident seçkisi ötən ilin aprelində olub. Bələdiyyə seçkiləri desək, ilin sonunda – öz vaxtında onsuz da olaca; onu bir neçə ay əvvələ çəkməyə ehtiyac yoxdur. Qalır növbədənkənar parlament seçkisi. Bu aralar hökumətin tərkibinin dıyişdirilməsi və qismən, yaxud zahirən gəncləşdirilməsi xətti reallaşarkən Milli Məclisdən də kadr seçimi oldu; bir neçə deputat qəflətən mərkəzi icra hakimiyyəti orqanlarında yüksək postlara təyin olundular. Onların yeri hələ də boşdur. Məntiqlə əgər seçkilır, YAP icra katibi Əli Əhmədivun dediyi kimi, öz vaxtında keçirləcəkdisə, o boş yerlərə indiyədək təkrar seçkilər də ola bilərdi (hətta Milli Məclisin deputatlarından biri parlamentin iclasında bunu dilə gətirmiş və dolayısı ilə növbədənkənar parlament ideyasına qarşı çıxaraq o boş kresloları doldurmağı təklif etmişdi). Deməli, plan başqadır; yönləndirici ox işarələri daha çox növbədənkənar parlament seçkilərini göstərir. Ekspert və jurnalist dairələrində dolaşan versiyaları da maraqlı mənzərəni ortaya çıxarmış olur; növbəti prezident seçkisi 2025-ci ildə olacaq. Əgər parlament seçkisi bu dəfə də öz vaxtında – 2020-ci ildə olarsa, ondan sonrakı parlament seçkisi də 2025-ci ilə düşür. Bir ildə hər iki seçkini keçirmək çox çətin və bəlkə də müəyyən mülahizələrə görə hım də siyasi risqli olar deyə düşünənlər də var yəqin ki. Bu məntiqlə ən uzağı apreldə növbədənkənar parlament seçkiləri olmalıdır ki, həm prezident, həm parlament seçkiləri eyni ilə düşməsin. Əli Əhmədovun: “Milli Məclisin tərkibi gəncləşməlidir” bəyanatının arxasınca Milli Məclisin yaşlı deputatlarının siyahısının mediada və sosial şəbəkələrdə gündəm olmağı da elə-belə deyildi. Siyahıdan bəlli olurdu ki, 4 deputatın 80 və 80-nin üstündə, 20 deputatın 70 və 70-in üstündə, 18 deputatın isə 65 və 65-in üstündə yaşı var. Yəni söhbət 42 deputatdan gedir. Əgər siyahıda adı çəkilən deputatlara növbədənkənar seçkilərdə namizədliyini irəli sürməmək doğrudan-doğruya “təklif olunacaqsa”, deməli, söhbət Milli Məclisin tərkibinin 33.6 faizinin “gəncləşməsi”ndən gedir. Siyahı, ən azı yaş anlamında təbii olaraq, şərti “köhnə qvardiya”nın əksəri olmasa da, hər halda böyük bir hissəsinin “istirahət”ə göndərimısini nəzərdə tutur. Əslində bunlar hökumətdəki “gəncləşmə” xəttinin davamıdır – hətta ən qatı tənqidçilər də dövlət idarəçiliyində dəyişiklikləri gözləmləyir və konstatasiya edirlər. Ancaq bu dəyişikliklər cəmiyyətin bir hissəsində rəğbətlə qarşılansa da, müxakifətin ehtiyatlı tənqidi ilə də üzləşir, üstəlik dəyişikliklərdən narahat olanların müqavimət hissini də qabardır.

Milli Məclis

Diqqətlə baxsaq, görərik ki, hökumətdəki gənc nazirlərlə Milli Məclisin fiziki və siyasi baxımdan yaşlanmış çoxluğu arasında da, əgər belə demək olarsa, bir növ xidməti uyğunsuzluq, münasibətlərdə psixoloji diskomfort hiss olunur. Adı dünənki “qocalar” siyahısında olan bəzi deputatların cavan nazirlərə: “Çox yuxarıdan gedirlər” deyə söz atmaları da bunun görsənişlərindən biridir (bu arada belə bir məlumat da var ki, Fəzail Ağamalı öz oğlunu Ana Vətən Partiyasina sədr eləmək və deputat “seçdirmək” üçün zəruri “razılıq” almağa çalışıb, ancaq hələ ki buna nail ola bilmıyib).

Referendum ehtimalına gəlincə, bu, parlament seçkiləri ilə eyni vaxtda da ola bilər; biz dövlət olaraq Avropa İttifaqı ilə mühüm sənədin paraflanması ərəfəsini yaşayırıq və bu üzdən struktur islahatları, iqtisadi islahatlarla yanaşı siyasi islahatların da zərurəti ortaya çıxır. Əgər, doğrudan da, buna doğru gedəcəyiksə, ehtimal ki, parlamentli respublika və ya qarışıq sistem ideyası gündəmə otura bilər. Qonşu Cənubi Qafqaz respublikalarında bu sistemə keçid baş verdi, Qərb bunu dəstəyi, Rusiya əsasən susqun razılığı vardı. Azərbaycanın da bu baxımdan yeni bir siyasi və dövlət quruluşu şəkilləndirməsi sürpriz olmaz yəqin ki (zatən indiki Azərbaycan dövləti Şərqdə ilk parılamentli respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir; bu, Konstitusion qaydada təsbit olunub).

Təbii ki, bunlar hamısı sadəcə ehtimallardır; yaxın günlərdə baş verəcək olaylar – yeni islahatlar vektoru hər kəsə tezliklə bəlli olacaq. “Biz hara, niyə, kimlərlə və necə gedirik?” suallarına cavablar veriləcəyini düşünürəm.

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »