Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hətta Lavrov belə ona etiraz edə bilməz...”
"Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Dağlıq Qarabağa simpatiyası aşkardır. Ancaq bu, tək Lavrova aid deyil. Rusiyanın ermənilərə bağlılığının tarixi kökləri var".

Bu sözləri politoloq Elxan Şahinoğlu “Qafqazinfo”ya açıqlamasında bildirib. O qeyd edib ki, vaxtilə çar Rusiyası erməniləri İrandan Dağlıq Qarabağa köçürməsəydi, bu gün torpaqlarımız işğal altında olmazdı. Və ya Dağlıq Qarabağdakı erməni separatçıları 1980-ci illərdə ortaya qoyduqları iddianı götürək. SSRİ-nin o zamankı lideri Mixail Qorbaçov istəsəydi bu separatizmin qarşısını ala bilərdi. Ancaq Moskva həm erməni separatizminə, həm onların silahlanmasına, həm də azərbaycanlıların sıxışdırmalarına göz yumdu. Nəticə göz qabağındadır. O gündən bu günə dəyişən bir şey yoxdur. Rusiya əvvəlkitək erməni separatizminə dəstək verir. Əlbəttə, Rusiyada Azərbaycana simpatiya ilə yanaşan siyasətçilər yox deyil. Ancaq hətta onlar belə Dağlıq Qarabağ məsələsində ermənilərin mövqeyini gözardı etmirlər. Məsələn, götürək Rusiya prezidenti Vladimir Putini. Rusiya prezidenti ölkəsinin mütləq hakimidir, bir sözünü iki edən yoxdur. Əgər o ətrafına desə ki, Ermənistanı Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa məcbur etməliyik, heç kim, hətta ermənipərəst Lavrov belə ona etiraz edə bilməz. Ancaq Putin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını istəmir.

Ona görə də məncə “Rusiya hakimiyyətində Azərbaycanla münasibətləri pozmaq istəyən qüvvələr var” yanaşması doğru deyil. Rusiyada Azərbaycana simpatiyası olan hansı siyasətçi və ya qrup dedi ki, Lavrov və ya Zaxarova düzgün etmirlər? Və ya nə vaxt uca səslə dedilərmi ki, Dağlıq Qarabağdakı iki (özü də biri rəsmən Rusiya vətəndaşıdır) azərbaycanlı girovu azad etmək üçün Ermənistan hakimiyyətinə təsir etmək lazımdır?

Bəzən iddialar səslənir ki, guya Rusiya Azərbaycandan istədiklərini alsa, Qarabağın qaytarılmasına imkan tanıyacaq. Rusiya Azərbaycandan nə istədi ki, ona verilmədi? Azərbaycan NATO-ya üzv olmaq istəmir ki, Moskva qıcıqlanmasın, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarında yer almır, balanslaşdırılmış xarici siyasət yürüdür, Rusiyadan milyardlarla dollar silah alıb. Hətta sabah Rusiya hərbi bazalarının yenidən Azərbaycanda yerləşdirilməsinə razılıq versək Moskvanın Qarabağ münaqişəsinin həllinə münasibəti yenə dəyişməyəcək. Rusiyaya Belarus prezidenti Aleksandr Lukaşenkodan yaxın ikinci xarici ölkə lideri yox idi. Ancaq Moskva öz siyasəti ilə Lukaşenkonu o günə saldı ki, Belarus prezidenti hazırda Rusiyadan uzaqlaşmağın yollarını arayır".

Son xəbərlər
Bütün xəbərlər »