Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ali məktəblər birləşdirilə bilər - təkliflər
Kamran Əsədov: “Texnologiya ilə Dövlət Neft və Sənaye universitetləri birləşdirilərək Sənaye Universiteti yaradıla bilər”

Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasında struktur islahatları ilə bağlı verdiyi anons mətbuatda bu istiqamətdə müzakirələrin genişlənməsinə səbəb olub. Bir çox dövlət qurumlarının birləşdirilməsi və ya ləğvi ilə bağlı təkliflər səsləndirilir. Artıq dövlət tərəfindən bir neçə qurumun ləğvi ilə bağlı qərar verildi. Ekspertlər isə ölkədə fəaliyyət göstərən dövlət ali təhsil ocaqlarının da həddindən artıq çox sayda olduğunu və paralel olaraq eyni ixtisaslı kadrlar yetişdirdiyini bildirərək, bir neçəsinin birləşdirilməsini vacib hesab edirlər. Bu baxımdan islahatların bir qolunun da ali təhsil müəssisələri ilə bağlı olacağı gözlənilir.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, islahatların bir istiqamətini də təhsil sistemi təşkil etməlidir: “Bu qədər ali məktəbin olmasına heç bir ehtiyac yoxdur. Onların çoxu ləğv olunmalı, böyük və müasir tələblərə cavab verən bir neçə universitet yaradılmalıdır. Məsələn, Bakı Dövlət Universitetinin ətrafında Milli Elmlər Akademiyasının bir neçə institutu yerləşir - Fizika İnstitutu, Qeyri-üzvi Kimya İnstitutu, Riyaziyyat, Yüksək Texnologiyalar İnstitutu və sair. Bu institutların hamısı Bakı Dövlət Universitetinə birləşdirilməklə, dünya səviyyəsinə çıxacaq elmi bazası olan universitet yaradılmalıdır. Bundan əlavə, hər nazirliyin, komitənin öz akademiyası var. Bu, nəyə lazımdır? Onların hamısı bir universitetdə birləşdirilməklə fakültəyə çevrilməlidir”.

Fazil Mustafanın bu fikri təhsil ekspertləri tərəfindən də dəstəklənir.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, bu il bəzi dövlət ali təhsil müəssisələrinin birləşdirilməsini və ya ləğvini müşahidə edə bilərik: “İlk növbədə qeyd edim ki, 2019-cu ildə bəzi dövlət ali təhsil müəssisələrinin birləşdirilməsi və ya ləğv olunması prosesinin baş verəcəyi istisna deyil. Çünki 50-dən çox ali təhsil müəssisəmiz tam şəkildə müasir standartlara cavab verən və əmək bazarının tələbini yerinə yetirən kadr hazırlığı həyata keçirə bilmir. Bir çox universitet dövlət büdcəsi üçün əlavə xərcdir, əlavə yükdür. Bir neçə il əvvəl Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib. Həmçinin Müəllimlər İnstitutunun bir neçə filialları bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib”.

Ekspertin sözlərinə görə, hazırda bir neçə dövlət ali təhsil ocağında, demək olar ki, eyni ixtisaslar mövcuddur: “Düşünürəm ki, Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti birləşdirilərək onların adı Sənaye Universiteti ola bilər. Azərbaycan Slavyan Universiteti ilə Azərbaycan Dillər Universitetinin birləşdirilməsi məqsədəuyğundur. Hər iki təhsil ocağında, demək olar ki, eyni ixtisaslar mövcuddur. Azərbaycan İncəsənət Universiteti ilə Azərbaycan Milli Konservatoriyasının birləşdirilməsinə də ehtiyac var”.

K.Əsədov həmçinin bildirdi ki, universitetlərin birləşdirilməsinin müsbət tərəfləri olduğu kimi, mənfi cəhətləri də var: “Çünki XXI əsr informasiya-kommunikasiya texnologiyaları dövrüdür. Hazırkı zəmanə çeviklik və optimal idarəetmə tələb edir. İki universitet birləşdirilərsə, həmin təhsil ocağında oxuyan minlərlə tələbənin idarə olunması sual altında olacaq”.

Ekspert vurğuladı ki, əsasən uyğun ixtisaslı universitetlərin birləşdirilməsi vacibdir: “İmkanların bir yerə toplanması, vahid strategiya ilə eyni istiqamətə yönəldilməsi baxımından bu birləşmə xeyirli ola bilər. Bundan başqa, onsuz da bu təhsil ocaqlarını bitirən gənclər nəticədə eyni peşənin sahibi olur. Azərbaycanda universitet yaratmaq təsəvvürü çox bəsit olub. Universitetləri valideynlərdən yığılan pulla açmaq olmaz. Belə universitetlər Avropaya inteqrasiya edə bilmir, beynəlxalq səviyyəyə çıxa bilmir və bilməyəcək”.

Son xəbərlər
Bütün xəbərlər »