Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda “donuz qripi”nə qarşı xüsusi tədbirlər görülür
Gürcüstanda H1N1 virusuna yoluxmadan ölənlərin sayı səkkiz nəfərə çatıb. 130 nəfərə yaxın insan isə xəstəxanalara yerləşdirilərək müalicəsini davam etdirir. Gürcüstanla sərhəddən ölkəyə keçən vətəndaşların profilaktik yoxlamaları davam etdirilir.

Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əhalinin sağlamlığının qorunması, insanlar üçün qlobal təhlükə törədən qrip, xüsusilə “donuz qripi” kimi tanınan A (H1N1) virusu və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq profilaktik tədbirlər davam etdirilir.

Məsələ ilə əlaqədar öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı, əzələ və oynaq ağrıları və s. simptomlarla özünü büruzə verən, xəstəliyi hava-damcı yolu ilə sağlam insanlara keçirə bilən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi-sanitariya yoxlamaları həyata keçirilir.

Yoxlamalar zamanı xəstə və ya şübhəli şəxslər müəyyən edilərsə, onlar müvəqqəti olaraq xüsusi əşyalarla təcrid edilmiş yerlərə yönləndiriliblər. Həmçinin, əməkdaşlar xüsusi qoruyucu geyimlərdən istifadə edərək nəqliyyat vasitələrini dezinfeksiya ediblər.

Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin “baş bəyannaməsi” sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir.

Bundan başqa, Səhiyyə Nazirliyi, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün mütəmadi əlaqə mexanizmləri müəyyən edilib.

Gürcüstanda H1N1 virusunun (donuz qripi) aşkarlanması səbəbindən “Azərbaycan Dəmir Yolları” QSC-nin səhiyyə müəssisələri də gücləndirilmiş iş rejimində müvafiq tədbirlər həyata keçirir.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, Həkim-Sanitar Xidməti tərəfindən Gürcüstandan Azərbaycana gələn qatarlar dezinfeksiya olunur.

Bununla yanaşı, sərnişin qatarlarında gedən sərnişinlər və vaqon bələdçiləri arasında hər gün sanitariya maarifi işi aparırlar. Eyni zamanda, reysdən öncə və sonra vaqonlarda dezinfeksiya işləri aparılır.

Son xəbərlər
Bütün xəbərlər »