Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bir adam yol gedir bizdən qabaqda...“
Bizdən qabaqda gedən adam – SÖZ ADAMI, FİKİR ADAMI, XALQ ADAMI, ADAM KİMİ ADAM... Böyük ustad, köhnə kişi...Məmməd İsmayıl. “Söz vaxtına çəkər” – düz yetmiş doqquz il qabaq bu gün – noyabrın 1-də Tovuzda – qədim Oğuz yurdunda dünyaya gəlmisən. “Axşamlar, səhərlər” səni əzizləyib böyüdən o “Ana əlləri” öpülüb göz üstünə qoyulmağa layiqdir, Məmməd əmi. “Baxtıma düşən gün” demisən doğulduğun bu günə. “Sazın söz karvanı”na sarvanlıq edən kişi! “Bu kan yerdə kalan deyil” demisən. “Ümiddən asılan qılıncları”ı sıyırıb “Döyüş, qələbə” demisən. “Qoymayın dünyanı adiləşməyə” deyib haray çəkmisən. Axı “Dünya bizim evimizdir”.

Şeirlər, poemalar, yazılar, tərcümələr, elmi araşdırmalar... Saymaqla bitməz. Bir az əvvəl yuxarıda dırnaq içərisində yazdığım söz birləşmələri sənin kitablarının adlarının tam olmayan siyahısıdır. Özü dırnaq içində ömür sürənlər sənin qədrini hardan biləcək?! İndi Vətəndə də, Vətəndən uzaqda da “Aman təklik əlindən” deyirsən. Milyonların arasında tək qalmaq böyük dərddir. Ancaq üzmə özünü. Sən tənha deyilsən. Bu qədər kitabların, övladların, nəvələrin, tələbələrin, oxucuların, saysız-hesabsız sevənlərin var:

“Bir adam yol gedir, bizdən qabaqda

Hələ bir adam da bizdən sonra var”.

...Odur k, yenə özün demişkən:

“Hardasa, hardasa məni duyan var,

Hələ yaşamağa dəyər bir az da”.

Doğrudan da, Məmməd İsmayıl üzünə, gözəl aydınlarımız üzünə, mükəmməl şəxsiyyətlər üzünə, övladlar, nəvələr üzünə - bütün gözəlliklər üzünə HƏLƏ YAŞAMAĞA DƏYƏR BİR AZ DA. Yaşamağa, sevilməyə, ucala-ucala qocalmağa dəyər bir az da, böyük ustad! 79-dan üzü 100-ən hələ yaşamaq var! Ondan da sonra yenə ömür var! Təbrik edirəm! Yaxşı ki bu dünyada Məmməd İsmayılın ÖZÜ və SÖZÜ VAR! Hər zaman da var olun!

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »