Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hepardlar haqqında bilmədiyiniz 5 şey
Bəli, onlar çox sürətlidirlər, balaları qəşəng və tüklüdür, onlar tükənmək təhlükəsi ilə üz-üzədirlər. Ancaq bu qeyri-adi pişiklər haqqında bilmədikləriniz də var.

1. İranda hepardların kiçik bir populyasiyası yaşayır

Qaçan hepardı təsəvvür etməyə çalışdığınız zaman gözünüzün qarşısına Afrika düzənliyi gələcək.

Ancaq tükənmək təhlükəsi qarşısında olan bu növün kiçik bir populyasiyası İranın əlçatmaz düzənliklərində yaşayır. Ona Asiya hepardı deyilir.

Bu heyvanın populyasiyası bir zamanlar Hindistan, Pakistan, Rusiya və Yaxın Şərqi əhatə edirdi. Hazırda isə bütün dünyada yalnız 60-100 Asiya hepardının qaldığı bildirilir.

Asiya hepardının (Acinonyx jubatus venaticus) başı daha kiçik, ayaqları daha qısa, tükü daha qalın, boynu isə Afrikalı qohumlarından daha güclüdür.

Hepardların bu növü alimləri son dərəcə uzaq məsafələrə səyahət etmək qabiliyyəti ilə təəccübləndirib.

2. Onların həyatda qalma əmsalı son dərəcə aşağıdır

Hepard balaları üçün həyatda qalmaq çox çətindir. Bir neçə araşdırma nəticəsində ölüm sayları dəqiq göstərilir. Bu say çox yüksəkdir. Bu, xüsusilə də Şərqi Afrikanın Serengeti regionuna aiddir.

1990-cı illərdə aparılmış bir tədqiqatın nəticələrinə görə, Serengetidə izlənilən hepard balalarının 95%-i yetkinliyə çatmamış tələf olub.

2013-cü ildə dərc edilmiş başqa bir məqalədə də bu regionda yaşayan hepardların həyatda qalma əmsalı eyni dərəcədə aşağı göstərilib. Ancaq eyni məqalədə Cənubi Afrikanın Kgalagadi Transfrontier Parkında yaşayan hepardların yetkinliyə çatmaq ehtimalının daha yüksək, 36% olduğu qeyd edilib.

Hepard balalarının çoxunun ölümünə aslanlar səbəb olur. Bu heyvanın digər düşmənləri kaftarlar, pabianlar (meymun növü) və yırtıcı quşlardır.

Hepard balalarının erkən yaşda ölməsinə həm də xəstəliklər və insan səbəb olur. Təəssüf ki, Körfəz ölkələrində qeyri-qanuni ekzotik heyvan ticarəti bu heyvanların populyasiyasına dağıdıcı təsir göstərir. Bu regionda Hepard balaları dəb rəmzi kimi 10 min dollara qara bazara çıxarılır.

3. Qaçan Hepard vaxtın 50%-də havada olur

Hepardlar sürətlidirlər. Onların nə qədər sürətli olması hələ dəqiq müəyyən olunmayıb. Ancaq bəziləri onların saatda 96 kilometr sürətlə qaçdığını deyirlər.

Bu, 100 metrlik sprint qaçışında 44,7 km / saat sürətlə qaçaraq dünya rekorduna imza atmış olimpiya çempionu Usain Boltun sürətindən iki dəfə çoxdur.

Hepard o qədər sürətlidir ki, bir sıçrayışda 7 metrlik məsafəni qət edə bilir. Bu zaman o, vaxtın 50 faizini tamamilə havada keçirir.

Hepardın sürət yığması da bir çox idman maşınlarını kölgədə qoymağa qadirdir. Bu heyvanın sürətinin 0-dan 96 km/saata çatması üçün cəmi 3 saniyə kifayət edir.

Hepard bu heyranedici sürətinə görə mütəhərrik çanaq və çiyin oynaqlarına və elastik onurğasına minnətdar olmalıdır.

Ancaq hepardlar bu yükə çox qısa zaman ərzində davam gətirirlər. Yəni, onların ovu yaxalamaq üçün təqribən 20 saniyə vaxtları var.

4. Hepardlar nərildəyə, qaranlıqda yaxşı görə bilmirlər

Hepardlar qəribə iri pişiklərdir. Sürət, şübhəsiz ki, onların ən güclü silahıdır. Ancaq onlar bizim bütün iri pişiklərlə assosiasiya etdiyimiz bəzi şeyləri edə bilmirlər.

Onlar nərildəyə bilmirlər. Əvəzində mırıldayır, ciyildəyir, fısıldayır və hətta hürürlər.

Qəribədir ki, onların gecə görməsi də bizimkindən yaxşı deyil. Əslində, bu pişiklər gündüz heyvanlarıdır. Onlar səhərin erkən saatlarında və günortadan sonra ov etməyə üstünlük verirlər.

5. Dişilər tənha, erkəklər isə birlikdə gəzir

Dişi hepardlar bir dəfəyə doqquza qədər bala doğa bilirlər. Ancaq onlar öz balalarını tənha böyüdürlər.

Bu sərt tənha analar demək olar hər gün özlərini və balalarını qidalandırmaq üçün ova çıxırlar.

Balaları balaca olanda ana onları tək qouyb ova gedir. Arada qayıdıb onların yerini dəyişir ki, onların qoxusu düşmənləri cəlb etməsin.

Dişi hepardlar yalnız başqa erkəklərlə cütləşirlər. Onlar bunu etməyə hazır olduqları zaman balaların öz qayğılarına gəlmək vaxtı gəlib çatır.

Erkəklərsə çox zaman “koalisiyalar” yaradaraq ömür boyu birlikdə yaşayırlar. Hər qrupda beşə qədər hepard olur.

“Koalisiya”dakı hepardlar adətən qardaş olur. Ancaq bəzən onlara kənardan gələnlər də qoşulur.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »