Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müraciətlərə “dərman yoxdur” cavabı verilir
Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun xəsarət almış əsgər 1996-ci il təvəlüdlü Tağıyev Ruzi Çapar oğlu müalicə aldığı B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda dərman vasitələri ilə təmin edilmir. Bu iddia ilə “Bizim Yol”a qazinin atası Çapar Tağıyev müraciət edib.
O, deyib ki, övladı və başqa əsgərlər aprel döyüşləri zaman düşmən təxribatının qarşısını alıb, düşmənə layiqli cavab veriblər: “İşğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olundu. İndi ölkəmizin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların müayinə və müalicəsini təşkil etmək lazımdır”.
Ç.Tağıyevin dediklərinə görə, bir-iki dəfə dərmanları öz vəsaiti hesabına sifarişlə Türkiyədən alıb: “Leykoz xəstəliyindən əziyyət çəkən oğlum Mərkəzi Hərbi Klinik Hospitalda müalicə alarkən o dərman vasitələri ilə təmin olunurdu. Təxris olunduqdan sonra oğlumu Səhiyyə Nazirliyinin tabeliyində olan B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna göndərildi. Burda isə pasient bəzi hallarda dərman vasitələri ilə təmin olunur. Müraciət etdikdə “dərman yoxdur” deyirlər. Məcburiyyət qarşısında borca-xərcə girərək dərman vasitələrini özüm almalı oluram. Hətta Türkiyədən sifarişlə dərman gətizdirmişəm. Oğlum sağalmaq ehtimalı var. Əməliyyatın qiyməti baha olduğu üçün bunu etməyə imanımız yoxdur”.
Ç.Tağıyev övladının dərman vasitələri ilə təmin edilməsini istəyir: “Bu barədə Səhiyyə Nazirliyinin “qaynar xətti”nə də müraciət etdim. Amma yenə də dərmanlar verilmədi”.
Qeyd edək ki, Leykoz sümük iliyi xəstəliyi olub, qanda keyfiyyət və kəmiyyətcə dəyişikliklər nəticəsində qanın tərkibində çoxlu miqdarda ağ qan kürəciklərinin yaranmasına səbəb olur. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə informasiya sorğusu göndərdik. Qurumdan məsələnin araşdırılacağı bildirildi.
Ramid İBRAHİMOV