Sabir Rüstəmxanlı: "Niyə istəyirlər ki, yaşlı nəsillə cavan nəslin dialoqu olmasın? "
Xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı Shergf.az-a danışıb. Onunla cəmiyyətimizdə cinayət hadisələrin artma səbəbləri, kriminal aləmin "əfsanələri" ilə bağlı yazıların daha çox diqqət çəkməsi , ali və orta məktəblərin mədəni, mənəvi dəylərlərimizə biganəliyi, ölkəmizdə ziyalı çatışmazlığı və. s məsələlər ətrafında söhbət apardıq.
Sherg.az müsahibəni təqdim edir:
- Bu gün səhər 2 saat ərzində 3 cinayət hadisəsinə dair xəbər yayıldı. Demək olar ki, bu hal hər gün təkrarlanır. Belə olayların çoxalmasının kökündə nə dayanır?
-Sosial iqtisadi sıxıntılar. Qarabağ probleminin düyünə düşməsi ilə bağlı sıxıntı. Bir milyondan artıq insanın yurd -yuvasından didərgin düşməsi və bu həllin uzanması. Televiziya verilişləri, dünyanın zorakılığı və vəhşiliyi təbliğ edən elementləri təqdim etməsi. Bunun qarşısında bizim qınaq mexanizmlərimizin zəifliyi cəmiyyətdə mənəvi ucuzluq yaradır. İnsanların bir-birinə sevgisi azalıb. Bu sevgini artırmaqdansa, həmin sevgiyə köklənmiş sistem qurmaqdansa, onun əksinə olan proseslər aparılır. Əlbəttə, belə vəziyyətdə kriminal hallar artacaq. Adamların bir-birinə olan müraciətindən başlayaraq, bir-birinə olan rəftarı insanaları cinayətə sövq edir.
-Son zamanlar kriminal aləmin "əfsanələri" ilə bağlı yazılar daha çox oxunur nəinki tarixi araşdırma xarakterli yazılar. Bunlar nədən irəli gəlir?
- Bunu mən də müşahidə edirəm. Bunun hamısının səbəbi ailə və məktəb tərbiyəsi ilə bağlıdır. Məktəb, dərslik və müəllim uşaqları dəyərlərimizə, bizi düşündürən məsələlərə necə kökləyə bilir? Uşaq küçədə, bazarda daha çox kriminal məsələlər haqqında söhbətlər eşidir. Bu mənda həmin uşaqda böyüdükcə belə məsələlərə meyllilik yaranır və belə işlərə daha çox diqqət göstərir. Bu təhsil və tərbiyə ilə əlaqədardır. Cəmiyyət canlı bir orqanizmdir. O tərbiyə olunmalıdır, onun immunitet sistemi, vərdişləri və alışqanlıları tərbiyə olunmalıdır. Tərbiyə olunmayanda əyri istiqamətə gedəcək. Yəni üzü aşağı yuvarlanacaq. Cəmiyyət kamilliyə doğru dırmaşmalıdır. Amma onu özbaşına buraxanda uçuruma yuvarlanır.
-Orta məktəbdə oxuyanda Əhməd İsmayılov adlı riyaziyyat müəllimimiz vardı. Dərsə başlamazdan öncə, təxminən 15 dəqiqə bizimlə cəmiyyəti narahat edən, adət ənənələrimizə, milli şüurumuza zidd olan məslələr haqqında söhbətlər aparırdı. Tövsiyyələrini verirdi. Bu halla univeristetdə də rastlaşdım. Amma belə məsələlərə diqqət yetirən müəllimlərin sayı barmaqla sayılacaq qədər idi. İndi isə demək olar ki, həmin meyl aradan götürülüb. Belə tərbiyəvi, ibrətamiz söhbətlərə qayıdış nə dərəcədə gərəklidir?
-Özbəkistanda orta məktəblərdə mənəviyyat dərsi keçirilir. Bizdə də belə dərslik olmalıdır. Bizdə orta məktəblərlə və ya məktəblilərlə ziyalılar arasında uçurumlar yaranıb. Onsuz da Azərbaycanda ziyalıların sayı çox deyil. Gənclərlə bizim dialoqumuz həmişə maraqlıdır. Məsələn, son 15-20 ildir ki, heç bir universitetə görüşə dəvət olunmamışam. Halbuki bizm vaxtımızda yazıçı və şairlərlə mütəmadi olaraq görüş keçirilirdi. Bu görüş də beyinlərimizdə unudulmaz izlər buraxırdı. O vaxt ədəbiyyat dərnəkləri olurdu. Orada millətin dəyərlərini aşılayan söhbətlər aparıldı. İndi gənclərin belə söhbətlərə ehtiyacı yoxdur ? Niyə gənclərlə ziyalılar arasında uçurum yaradılır? Nədən ehtiyat edirlər? Niyə istəyirlər ki, yaşlı nəsillə cavan nəslin dialoqu olmasın? Bura iqtidar müxalifət söhbətinin heç bir dəxli yoxdur. Gənclərlə görüşdə həmişə daha çox milli və tarixi dəyərlərə söykənir. Burada heç vaxt iqtidar müxalifət söhbəti getmir. Kitab müzakirə olunur. Vaxtikən "Ömür kitabı"m ayrı-ayrı yerlərdə 43 dəfə müzakirə olunurdu. Ondan sonra mənim onlarla kitabım çıxıb. Bir dənə ali və orta məktəbdə kitab müzakirəsi keçirilməyib. Bunu özümə görə demirəm. Mənim yetərli sayda oxucularım var. Amma külli halında tərbiyə üsulu kənarda qalıb və bundan istifadə olunmur. Son vaxtlar yaxşı ki, Təhsil Nazirliyi məktəbdən kənar kitabların oxusu ilə bağlı müəyyən tapşırıqlar verib. Bu istiqamətdə işlər gedir. Amma burada da ciddi bir irəliləyiş görmürəm. Bizim nəsil oxumaq üçün kitablar axtarırdı. Bəzən kənar kitabxanalardan kitablar gətirib oxuyurduq. Düzdü, indi elektron media var. Kitablar internetdə də var.
- İnternetdə oxu kitabı əvəz edə bilirmi?
İnternetə kitab oxumağa girəndə o kitabın verdiyi dəyərləri pozan onlarla, yüzlərlə əxlaqsız şeylər görürük. Bundan qaçmaq mümkün deyil. Bunun qarşısını almaq üçün açıq söhbətlər olmalıdır. Görüşlər təşkil olunmlıdır. Baxın, Azərbaycan televizyalarında kitab reklamına az yer verilir. Telekanallarımızda hər şeyin reklamı var, amma Azərbaycanın mənəvi dəyərlələrinin reklamı son dərəcə azdır. Əlbəttə, bunları mədəniyyət aşınmalarının çoxlamasına təsir göstərir.
-Bir haqlı məsələni də qeyd etdiniz ki, ziyalılarımızn sayı azdır. Sizcə, səbəb nədir?
- Ölkədən gedənlərin sayı artıb. Müəyyən səbəblərdən gedirlər. Bəziləri də "Az aşım ağrımaz başım" deyib, kənara çəkilir. Söz demək istəmirlər. Görünür, alternativ sözə dözümsüzlük var cəmiyyətdə. Cəmiyyətdə ziyalı sözünə dözümsüzlük var. Ona görə də, heç kim özü üçün əlavə problem yaratmaq istəmir. Halbuki cəmiyyətdə hər şey açıq deyilsə, ciddi bir dialoq olsa, ziyalı sözünə, fikrinə sayğı olsa, onda vəziyyət dəyişilər. İndi ziyalının sözünə baxan yoxdur. Bir məsələ 100 dəfə tənqid olunur. Yenə də xeyri olmur. Yəni həmin tənqid olunan nazirliklər reaksiya vermir. Vaxtikən bir qəzətdə məqalə çıxanda onu araşdırırdılar ki, görək bu nədi, necədi. Günahkaları tapılırdı və onların cəzası verilirdi. O işləri həll etmək üçün yollar axtarılırdı. İndi qəzetdə yazı çıxanda deyirlər ki,çıxsın da kimdi onu oxuyan.