British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 28 aprel - 4 may 2017-ci il tarixlərindəüçüncü “British Film Spring”festivalının keçiriləcəyini məmnuniyyətlə elan edir. Festival çərçivəsində Britaniya kinematoqrafiyasının ən yaxşı və ən məşhur yeni filmləri Azərbaycan tamaşaçılarına təqdim ediləcəkdir.
2017-ci il festivalında qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş altı unudulmaz və çox fərqli film nümayiş olunacaq: "Yetkinlik Həyatının Bacarıqları" (Adult Life Skills), "Mən, Deniel Bleyk" (I, Daniel Blake), "Yan, Yan, Yan" (Burn, Burn, Burn), "Daşqın" (The Levelling), "Möhtəşəm Həyat” (This Beautiful Fantastic) və "Etel və Ernest" (Ethel and Ernest). Bu ilki açılış filmi Reyçel Tunnardın mükafat almış "Yetkinlik Həyatının Bacarıqları" komediyasıdır. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq.
British Council Azərbaycanın direktoru Elizabet Vayt Azərbaycanda üçüncü “British Film Spring” festivalının keçirilməsi münasibətilə bildirib: "Builki “British Film Spring” festivalı üçün sözün əsl mənasında maraqlı filmlər seçilib. Ümid edirəm Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar. Biz Britaniya filmlərini və film rejissorlarını Azərbaycan tamaşaçısına təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməlliklə seçilən yaradıcılıq mübadiləsi üçün imkanlar yaratmaq istəyirik”.
Böyük Britaniyanın Azərbaycandakı səfiri qeyd edib: "Böyük Britaniyanın Azərbaycandakı səfirliyi “British Film Spring” festivalını yenidən dəstəkləməkdən çox məmnundur və mən müasir qadın rejissorlar və prodüserlərin yaşadığımız həyatın sevinc və çətinliklərini ekranlara necə daşıdıqlarını görməyi səbirsizliklə gözləyirəm".
Bundan başqa, British Council Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və "Nərimanfilm" kino şirkəti ilə birgə 24-28 aprel tarixlərində "Nizami" Kino Mərkəzində azərbaycanlı ssenaristlər üçün beş günlük seminar təşkil edəcək. Layihənin məqsədi britaniyalı mütəxəssis, “Yetkinlik Həyatının Bacarıqları” filminin ssenari müəllifi Pol Freyzerin apardığı təlim proqramı vasitəsilə azərbaycanlı ssenaristlərin peşəkar səriştə və bacarıqlarının gücləndirilməsidir. 20-dən çox yerli ssenarist bu seminarda bilik və təcrübələrini paylaşmaq, onlar üçün yeni olan iş üsullarını müzakirə etmək, Birləşmiş Krallığın innovasiya perspektivləri baxımından yeni əməkdaşlıq modellərini araşdırmaq imkanı əldə edəcək.
Festival "Nizami" Kino Mərkəzində keçiriləcək. Biletlərin qiyməti 2 AZN-dir. Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.
Bütün KİV nümayəndələri 28 aprel, bazar ertəsi günü səhər saat 11:00-da Nizami Kino Mərkəzində keçiriləcək mətbuat konfransına dəvət olunur.
British Council Azərbaycan fürsətdən istifadə edib Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və "Nərimanfilm" kino şirkətinə dərin təşəkkürlərini bildirir.
Festivalın qrafiki aşağıdakı kimidir:
Yetkinlik Həyatının Bacarıqları 28.04 - 19:00 1-ci zal / 30.04- 14:30 2-ci zal
Etel və Ernest 29.04 - 14:30 2-ci zal/ 01.05 - 14:30 2-ci zal
Mən, Deniel Bleyk 30.04 - 18:30 2-ci zal / 04.05 - 18:30 2-ci zal
Möhtəşəm Həyat 01.05 - 18:30 1-ci zal/ 02.05 - 14:30 2-ci zal
Yan Yan Yan 02.05 - 18:30 1-ci zal / 03.05 - 14:30 2-ci zal
Daşqın 03.05 - 18:30 1-ci zal / 04.05 - 14:30 2-ci zal
Əlavə məlumat əldə etmək üçün əlaqə saxlaya bilərsiniz:
Dilarə İbrahimova | İncəsənət üzrə menecer
British Council | Nizami küç., 96, 8 mərtəbə, The Landmark III, Bakı AZ1010| Azərbaycan
T +994 12 497 1593 | F + 994 12 498 9236