Bakının silinən tarixi ilə bağlı faktlar «Bizim Yol»da
Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişikliklə Yasamal rayonu, "Sovetski" adlandırılan məhəllədə 23 yaşayış və qeyri-yaşayış obyektlərini "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarıb.
Bu qərara ictimai etirazların olmasına baxmayaraq, artıq Murtuza Muxtarov küçəsi 83-də yerləşən tarixi hamam və dramaturq A.M.Şərifzadənin evi sökülüb. O cümlədən, 1916-cı ilə aid M.A.Əliyev küçəsi, 102-də yerləşən yaşayış evi, 1900-cü ilə aid M.A.Əliyev küçəsi, 115-də yerləşən yaşayış evi, 1900-cü ilə aid M.A.Əliyev küçəsi, 124-də yerləşən yaşayış evi və 1890-cı ilə aid M.A.Əliyev küçəsi, 126-da yerləşən yaşayış evi artıq yoxdu. 1900-cü ilə aid S.Rəhimov küçəsi, 44-də yerləşən yaşayış evi də sökülüb.
Söküləcək abidələrin siyahısında olan, S.Rəhimov və A.Şaiq küçələrinin tinində yerləşən, XIX əsrin sonunda tikilmiş Şollar su kəmərinin su yayma qüllə hələ ki, mövcud olaraq qalır. Sakinlərlə söhbətimizdə məlum oldu ki, su yayım qülləsi 1885-ci ildə inşa olunub və 1950-ci illərədək istifadə olunub. Sakinlər qülləyə qoyulan krandan vedrələrlə evlərinə su daşıyırmışlar.
1909-cu ilə aid M.Fətəli küçəsi, 45-də yerləşən yaşayış evində mülk sahibi olan Əliyev Faiq Məşədi oğlu abidənin sökülməsinə etiraz edir: "Mən 40 ildən çoxdur burda yaşayıram. İki mərtəbəli bu binanın birinci mərtəbəsi mənə məxsusdur. İcra hakimiyyəti fəhlələrə göstəriş verib ki, binanın üzərində olan naxışları söksünlər. Ona görə ki, abidənin tarixi olması sübut olunmasın. Bizi razı salmadan və köçürmədən evimizin olduğu binanı qəzalı vəziyyətə saldılar. Onların təzyiqinə təslim olmadığımızı görüb qaz, işıq və su xətlərini kəsdilər. Amma bizim mübarizəmiz davam edir".
1896-cı ilə aid Ç.Mustafayev küçəsi 69-da yerləşən yaşayış evinin sakini Əlizadə Nuranə Mehdi qızı da bildirir ki, onu razı salmadan evdən köçürdürlər: "İki mərtəbəli tarixi binada 9 ailə yaşayırdı. Hazırda burda 3 ailə qalıb. Binanı arxa tərəfdən uçurmağa cəhdlər ediblər. Binada çartlar əmələ gəlib. Tarixi abidənin sökülməsi arzuolunmazdır".
N.Əlizadə deyir ki, bu ünvanda yerləşən 8-ci mənzili 2007-ci ildə 57 min dollara alıb: "İcra hakimiyyəti mənə 53 min manat kompensasiya verir. Mən bu pulla hazırda yaşadığım ərazidən ev ala bilmərəm. Bunu icra hakimiyyətinin və Maliyyə Nazirliyinin rəhbərliyinin diqqətinə çatdırmışam.
Yasamal rayon icra başçısının müavini Səməd İslamov və Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov məni evlə təmin edəcəklərinə söz verdilər. Amma məni aldatdılar. İndi də evdə ola-ola evi başıma uçurtmaq istəyirlər".
1885-ci ilə aid Ç.Mustafayev küçəsi 57-59 ünvanında yerləşən tarixi əhəmiyyətli yaşayış evi isə artıq yoxdu.
1908-ci ilə aid M.Sübhi küçəsi 63-də yerləşən Hacı Əbdülrəhimbəy Qulubəyov məscidi də söküləcək abidələrin siyahısındadır.
Maraqlıdır ki, Nazirlər Kabineti "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxardığı bu abidəni məscid deyil, yaşayış evi kimi qeyd edib.
M.Sübhi 63-də yerləşən, Sovetskidəki 7 məsciddən biri olan Hacı Əbdülrəhimbəy Qulubəyov məscidinin üzərindəki lövhədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunduğu (inventar nömrəsi: 3607) göstərilib.
Bir əsrdən çox tarixə malik olan məscid tarixi abidələr siyahısından çıxarılmasından az keçməmiş arxa tərəfdən başlayaraq söküntüsünə start verilib.
Söküləcəyi gözlənilən tarixi abidələrdən biri Zərgərpalan küçəsi 43 ünvanında yerləşir. Bu yaşayış binası 1914-cü ildə inşa olunub. Sakinlərin sözlərinə görə, binanı inşa etdirənin nəticələri bu binada vərəsəlik hüququna malikdirlər. Həmin ailə vərəsəlik yolu ilə onlara keçən binanın söküntüsünə icazə verməyəcəyini deyib.
Ramid İBRAHİMOV