Redaksiyamıza Zərdab rayonunda aclıq aksiyası keçirən bir qrup fermerin müraciəti daxil olub
Müraciətdə bildirilir ki, rayon icra başçısı Lütvəli Babayev yaratdığı problemlər onları aclıq aksiyası keçirməyə vadar edib:
“Uzun illərdir rayonda qış otlaq sahəsindən qanuni icarə müqaviləsi ilə qoyunçuluqla məşğul olub, dövlətə vergi ödəyib, xeyir veririk. İndi isə Zərdab rayon icra başçısı Lütvəli Babayev “prezidentin tapşırığı var, fermer təsərrüfatlarını ləğv edilib yerində pambıq əkəcəyik” bəhanəsi ilə əraziləri təhvil verməyimizi tələb edir”.
Müraciətdə bildirilir ki, artıq bir neçə gündür icra başçısı polis əməkdaşlarını, müxtəlif texnikanı və icra hakimiyyətinin əməkdaşlarını yataqların yerləşdiyi ərazilərə də cəlb edib.
“Pambıq əkmək üçün icra başçısı və qohumlarının qanunsuz əldə etdikləri minlərlə hektar torpaq sahələri var ki, boş saxlanılır. Bəzilərini ancaq özlərinə məxsus sürüləri saxlamaq üçün yem tədarükü sahəsinə çevirib, yonca əkiblər. İcra başçısı əgər dövləti düşünürsə niyə özünə məxsus münbit torpaq sahələrini dövlətə güzəştə getmir?! Əlli-altmiş ilin fermer təsərrüfatını məhv edib, onlara aid ot tədarükü sahələrinin yerində pambıq əkmək hansı qanunda nəzərdə tutulub?!”
Fermerlər həmçinin bildirirlər ki, əllərində sözügedən ərazilərin onlara məxsus olduğunu təsdiqləyən müvafiq sənədlər var. Ancaq sənədlərə əhəmiyyət verən yoxdur.
“Biz bu mübahisəli olayı ictimaiətin diqqətinə prezident İlham Əliyevin ədalətinə və dəstəyinə güvənərək edirik. Bu qanunsuzluğun qarşısının dərhal alacağına və ciddi tədbirlər görüləcəyinə ümid edirik. Eyni zamanda icra başçısının vəzifə səlahiyyətlərini aşması səbəbindən cəzalandırılacağına ümidvarıq”.
Teymur
Bizimyol.info