Araz Ataxan: “Güclü dövlətin haqları da həmişə müdafiə olunur, dostları çoxalır, düşmənləri azalır. Zəif dövləti isə kimsə saymaz, dostluq etməz, yanındakı stulda ona yer göstərməz”
Dünya siyasəti vicdan və əxlaq üzərində deyil, maraq və qan üzərində qurular. Siyasi prosesləri azacıq izləyən və tarixdən xəbərdar olan hər kəs bu gerçəyi bilir. Bunun nəticəsidir ki, Azərbaycan üzləşdiyi Dağlıq Qarabağ problemini kimsəyə qəbul etdirə bilmir. Daha doğrusu, onlar bizim haqlı olduğumuzu bilir, diplomatik həmlələrimiz qarşısında etiraf etməyə də məcbur olurlar. Sadəcə onların maraqları bu haqqı görüb də, görməzdən gəlməyi tələb edir.
"Bizim Yol" əməkdaşı bu və digər mövzular ətrafında, Niderlandın Rotterdam şəhərində yaşayan soydaşımız, əslən Cənubi Azərbaycandan olan Araz Ataxanla həmsöhbət olub.
- Araz bəy, Azərbaycanın 30 ilə yaxın davam edən haqlı davası, dünyanın əksər ölkələri, xüsusilə xristian dünyası tərəfindən real dəstək görmürdü. Lakin Qarabağ cəbhəsində yaşanan son hadisələr, sanki bu sahədə mənzərəni dəyişdi. Demək olar ki, əksər dövlətlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi prizmasından çıxış etdi. Nə baş verir?
- Bu məsələdə ölkəmizdə baş verən daxili faktorlarla xarici faktorları birlikdə dəyərləndirmək lazımdır. Azərbaycan dövlətinin son 20 ildə apardığı başarılı xarici və daxili siyasətləri nəticəsində bir güc alternativinə çevrilməsi mümkün olub, dövlətimiz bunu bacarıb. Həmin bu uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimiz, həm də bölgəmizə və Avropaya qədər nüfuz edə bilən bir qüvvəyə çevrilib. Məhz bu amil düşmənlər üzərindəki uğurlu qələbəmizdə əsas rol oynayır. Regional gücə çevirilən Azərbaycanın uğuru artdıqca, inkişafı sürətləndikcə, Ermənistan bir o qədər geriyə gedir, zəifləyir, olan-qalan nüfuzu da düşür.
Bir gerçəyi anlamaq lazımdır ki, siyasət dünyasında və beynəlxalq münasibətlər sistemində insan haqları və millətlərin haqlarından çox, dövlətlərin öz mənfəətləri əsas amildir. Yəni insan haqları, demokratiya, xalqların tapdanan haqları, sadəcə kimlərinsə işinə yarayanda, önəmli olur, qalan hallarda yalnız və yalnız arxa plana atılaraq, məqamı gözlənilir.
Hər dövlət öz mənfəətləri üzərindən Azərbaycan məsələsinə yanaşır və masada oturur. Belə yanaşmaların hökm sürdüyü dünyada, o dövlət siyasi oyunların oynanıldığı masadan qalib qalxır ki, onun gücü, əlində oyun qaydalarını dəyişdirə biləcək kartları və iqtisadi imkanlar olur. Bu mənada, düşünürəm ki, .Azərbaycan dünya siyasətində yaşanan oyun qaydalarını, həmçinin bölgəmizdə gedən proseslərin mahiyyətini gözəl bilir. Yəni bu məlumatlılığın, çevikliyin və ağıllı siyasətin nəticəsidir ki, artıq dünya birliyi bu Cənubi Qafqaz ölkəsi ilə hesablaşır.
- Bir zamanlar böyük Sovet İttifaqının tərkibində olan, adı dünyanın əksər bölgələrində tanınmayan, Bakı deyildikdə, sadəcə SSRİ və neft ağıla gələn bir ölkə, bu gün beynəlxalq münasibətlər sistemində layiqli yer tutur. Ən azından, hər bir azərbaycanlı öz bayrağını BMT Baş Qərargahının binası önündə görməkdən qürur duyur. Kənardan necə görünür Azərbaycan?
- Azərbaycan dövləti artıq 20 il bundan öncəki dövlət deyil. Azərbaycan son illərdə çox incə və təsiredici siyasət yeridib, düşünülmüş, uzaqgörən və sonu dəqiq hesablanmış addımlar atıb. Dünya dəngələrini gözəl anlayan Azərbaycan rəhbərliyi, zərgər dəqiqliyi ilə ağrılı dönəmlərdən ölkəni qansız-qadasız çıxarmağı bacarıb. Hökumətimiz iqtisadi inkişafa dayanmaqla və iqtisadi prosesləri düzgün analiz etməklə, iqtisadiyyat üzərindən ağıllı oyunlar qurub. Dünyanın ehtiyaclarını düzgün başa düşərək, o ehtiyacların üzərindən böyük ölkələri özünə bağlayaraq və özünə güclü müdafiə sistemi, hərbi qüdrət yaradaraq, bugünkü üstünlüyünə ulaşıb. Bu gün, daxildə milli ruhu daim ayaq üstündə tutan, sülhsevər və mehriban xarici siyasət yürüdən, eyni zamanda milli mənfəətlərini, ümummilli maraqlarını daim həssaslıqla qoruyan, dünyanın bütün cinahları ilə yüksək əlaqələrə sahib olan bir Azərbaycan var. Bunu görən dünya gec-tez Azərbaycanın haqlarını ön plana çəkəcəyini, bu haqların bərpa olunmasının vacibliyini anlayırdı. Nəticəsi də oldu. Biz bu nəticəni Qarabağ cəbhəsindəki son qarşıdurmada müşahidə etdik.
- Zaman-zaman böyük dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirsələr də, real dəstək hiss olunmurdu. Amma bu dəfə həm onların yanaşması dəyişmiş kimi görünürdü, həm də Azərbaycanın cəbhə bölgəsində qazandığı uğurlardan o qədər də narahatlıq ifadə etmirdilər. Gerçəkdənmi artıq dengələr bizdən yana dəyişir?
- Dövlətlər arasında dostluq, qardaşlıq olmaz, hər dövlət öz milli mənfəətləri, maraqları üzərindən güc dəngələri qurub, ona görə də addımlar atır. Yəni böyük siyasətdə daimi dost yoxdur, daimi maraqlar vardır. Güclü dövlətin haqları da həmişə müdafiə olunur, dostları çoxalır, düşmənləri azalır, yaxud özü istəmədiyi müddətcə, kimsə onunla düşmənçilik etməyə cəsarət etmir. Bunun əksinə olaraq, zəif dövləti kimsə saymaz, dostluq etməz, haqqına girər, aşağılayarlar. Heç kim yanındakı stulda ona yer göstərməz.
Diqqətlə baxsaq, görərik ki, dünyanın böyük dövlətləri Qarabağı elə 25 il bundan qabaq da Azərbaycanın bir parçası hesab edirdi, bu gün də hesab edirlər. Ancaq əməldə həmişə erməniyə dəstək veriblər. Çünki onların milli maraqları Azərbaycanın haqlarına, haqlı davasına deyil, özlərinin çıxarlarına, hədəflərinə istiqamətlənib, siyasətləri bu maraqlar üzərində qurulub. Bilirik ki, 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ Rusiya və İranın əli ilə erməniyə verildi və Avropa da bunu öz mediası və lobbiçiliyi üzərindən dəstəklədi. Hər kəsə gün kimi aydındır ki, Ermənistanın, ermənilərin hər zaman bizim torpaqlarda gözü olub və fitrətində işğalçılıq meyli gizlənib. Lakin onların heç vaxt işğalçılıq etməyə gücləri, təkbaşına imkanları olmayıb. Güclərinin olmaması və hətta tarix boyu dövlət qurma və idarə etməyə qadir olmamaları aşkardır.
- Niyə dünya gücləri Ermənistanı dəstəkləyir. Bu ölkə Qərb dünyası üçün hansı səbəbdən bu qədər önəmlidir?
- Əslində, bu 25 ildə də dünya dövlətləri Qarabağın işğalından öz mənfəətlərini ermənilərdən yararlanaraq, onları maşa kimi istifadə edərək, təmin edib. Hətta çox maraqlıdır ki, hər zaman bir-biri ilə didişən, toqquşan, bir-birinə düşmən kəsilən Qərb və Rusiya, habelə Qərblə İran da, Dağlıq Qarabağın işğalda qalması üzərindən siyasət yeridib, maraqları da üst-üstə düşüb.
Xüsusilə, işğalçılıq istiqamətində hərəkət edən və dünya rəyinə təsir edən önəmli 2 faktoru, yəni Rusiya və İranı diqqətə almalıyıq. Rusiya, zatən Ermənistanla hərbi-siyasi müttəfiqdir, daha doğrusu, Ermənistan Rusiyanın forpostudur. Moskva ermənilər vasitəsilə bölgədə etnik qarşıdurmalardan faydalanır, öz təsir imkanlarını qoruyur, başqa dövlətlərə təzyiqlər edir. Əsasən də Cənubi Qafqazda mövcud olan münaqişələrlə bölgəni idarə etmək və enerji mənbələrinə, xətlərinə nəzarət etmək arzusu 200 ildən çoxdur, Rusiyanı rahat buraxmır. Bu, daim Moskvanın diqqət mərkəzində olan siyasi kursdur.
İran isə son 25 ildə Ermənistanin iqtisadi və siyasi baxımdan ən önəmli tərəfdaşlarından biridir. Hətta Şuşa kimi bölgələrin işğalında birbaşa İran aktiv rol almışdır. Azərbaycan dövləti 1992-ci ildə müstəqillik qazandıqdan sonra Tehranın yuxusu qaçıb. Müstəqil və güclü Azərbaycan daim İran üçün təhlükə mənbəyidir, qorxulu kabusdur. Hər sahədə bizə zərbə endirmək istəyən İran dövləti, min bir vəchlə və ən müxtəlif formalarda təxribatlara əl ataraq, Azərbaycanı arxadan vurmağa çalışıb. Ölkəmizə qarşı riyakarlıq edib, düşmənçilik xətti tutub, düşmənlərimizlə dostluq edib. Bu gün də Tehran anti-türk, anti-Azərbaycan siyasətini şiddətlə davam etdirir. Həmin siyasətin bariz nümunəsini də Dağlıq Qarabağ münaqişəsində, Ermənistanın ayaqda dura bilməsi üçün, İrəvana dəstək verməsində görürük.
(Davamı gələn sayımızda)
ÜMİD