Xaləddin İbrahimli: «Prosesi labirintə yönəltmək cəhdləri daha alınmayacaq»
«Rusiya sülhməramlılarının bölgəyə gətirilməsi, 5 rayonun azad olunması məsələsinə konsentrasiya olunmaq dövrü bitdi»
"Üç günlük müharibə" doğuran səbəblər, onun nəticələri və bundan sonrakı proseslərə təsiri ilə bağlı "Bizim Yol" qəzetinin suallarını politoloq Xaləddin İbrahimli cavablandırıb. Müsahibəni oxucularımıza təqdim edirik.
- Sizcə Azərbaycanla Ermənistan arasında 3 günlük müharibə niyə başladı? Bu spontan hərbi qarsıdurma idi, yoxsa əvvəldən qarşıdurmaya hazırlıq vardımı?
- Bu son iki ildə Ermənistan tərəfdən atəşkəsin davamlı pozulmasının məntiqi nəticəsi idi, irəlidə də hərbi əməliyyatların belə intensivləşməsi yəqin ki, olacaq.
- Bu qarşıdurmanın nəticələri hərbi və başqa müstəvidə nədən ibarət oldu?
- 2008-ci il 6 günlük Gürcüstan-Rusiya müharibəsindən fərqli olaraq 3 günlük Ermənistan-Azərbaycan savaşında Azərbaycan tərəfi qazanan, irəliləyən tərəf oldu. İndi Azərbaycanın hərbi əməliyyatlar, paralel olaraq diplomatik danışıqlar aparmaq üçün mövqeləri nəzərə çarpacaq dərəcədə yaxşılaşıb. Müharibə bir sıra başqa ciddi məsələlərə də aydınlıq gətirdi. Birincisi, milli ordumuzun döyüş qabiliyyətli olduğu ortaya çıxdı. İkincisi, millətimiz qısa zaman kəsiyində tək vücud ola bildi. Üçüncüsü, Ermənistan ordusunun əsaslı problemlər yaşadığı və erməni toplumunun usanmış, təngə gəlmiş, əsəbi bir hala gəldiyi bəlli oldu. Dördüncüsü, Azərbaycanın haqq işinə beynəlxalq aləmdən daha çox, həm də ciddi dəstək gəldi. Sonuncu, məncə Rusiyanı da daha çox düşündürən bir məsələ oldu.
- Rusiya demişkən, 5 rayonun qaytarılması və bölgədə rus sülhməramlılarının yerləşdirilməsi ilə bağlı ortaya atılan təkliflərlə bağlı nə düşünürsüz?
- Bu təklif əvvəllər, Azərbaycan üçün şəraitin indikindən çətin olduğu dövrlərdə də var idi. Əlbəttə, heç cür razılaşmaq olmaz. Digər tərəfdən RF-nin Ermənistanda ordusu və hərbi bazası var və bu fakta əsasən onun ordusunun sülhməramlı qismində bölgəyə gətirilməsi mümkün deyil. Rusiya Ermənistanla bağladığı müqavilələrlə hüquqi öhdəliklər götürüb və beləliklə bir tərəfə çevrilib. Onun Minsk Qrupunda olması da beynəlxalq hüququn məntiqinə ziddir. Böyük ehtimalla Minsk Qrupunun formatı da dəyişəcək, ya da yerini başqa bir quruma verəcək. İslam Əməkdaşlıq Təşkilatı artıq "Təmas Qrupu" deyilən yeni bir ideya ortaya atıb. Heç kim deyə bilməz ki, bu Minsk Qrupunu əvəz edə bilməz.
- Rusiya Minsk üçlüyünün pozulmasına razı olarmı?
- Rus qırıcılarının Baltik dənizində NATO-nu qorxutmaq kimi Putinsayağı mənasız cəhdlərə baxmayaraq indi ölkə ağır durumdadır, yaxın gələcəkdə daha ciddi gərginliklə üzləşə bilər. Putinin Obamanın zəif xarici siyasətindən bəhrələnmək və dünyada xof yaratmaq siyasətinin də yaxın zamanlarda sonu çatacaq. Rusiya cəhd etdi ki, Suriyadakı cihadçıları zərərsiz hala gətirsin. Amma əksinə, daha böyük əks reaksiya qazandı. Məlum olduğu kimi, İŞİD silahlılarının nəzərəçarpacaq təsirli bir kəsimi qisas hissi ilə yaşayan Şimali Qafqaz mücahidləridir. Komandanlığın əksəriyyəti çeçenlərdir. Şimali Qafqaz mücahidləri dünya cihadçılarının şəbəkəsi ilə güclü bağlar qurub. Əvvəllər ruslara Şimali Qafqazda savaş aparmaq nisbətən asan idi, amma indi zərbənin hardan dəyəcəyini bilmək çətindir, ölkə çox böyükdür və açıq yerləri çoxdur. Həm də onu təkcə Şimali Qafqazlılar təhdid etmir, tatarlardan və başqa müsəlman toplumlardan da ciddi və açıq təhdidlər var. Böhran zamanı nələrin baş verəcəyini proqnozlaşdırmaq zordur. Bunları Moskvada görürlər. Əminəm ki, indi ruslar Qafqazda stabilliyin pozulmasında maraqlı deyillər. Ölkə həm beynəlxalq aləmdə təklənib, həm dalbadal iqtisadi zərbələr alır və sosial durum kəskinləşir, həm də iç stabillik təhdid altındadır. Görünən sakitlik və stabillik aldadıcıdır. Belə bir durum Azərbaycan diplomatiyasının uğur qazanması üçün əlverişlidir. Başqa sözlə, Rusiya sülhməramlılarının bölgəyə gətirilməsi, 5 rayonun azad olunması məsələsinə konsentrasiya olunmaq dövrü bitdi. İndi Qarabağın tam demilitarizasiya olunması, buradakı ermənilərin Sovet dövründəki status-kvolarının, yəni muxtar vilayət statuslarının saxlanması və Azərbaycan-Ermənistan sınırına İslam Əməkdaşlıq Təşkilatının son təklifi də nəzərə alınmaqla 6 dövlətin (3 Minsk Qrupu+3 müsəlman dövləti: Türkiyə, Pakistan, Səudiyə) sülhməramlılarının yerləşdirilməsi müzakirə mövzusu ola bilər. Əgər İran Türkiyənin yolu ilə gedib işğalçı Ermənistanla iqtisadi, diplomatik əlaqələri kəsərsə, bu zaman o da tərəfsiz olacaq və formatda yer ala bilər. Belə yanaşma real sülhə gətirərdi. Prosesi labirintə yönəltmək cəhdləri məncə daha alınmayacaq və heç kimə sərf etməyən müharibəyə yol açacaq.
Elmar