Elxan Mirhəşimli: “Kənardan baxdıqda ölkəmizin dünya birliyinə inteqrasiyasındakı əzmkarlığı, qətiyyəti, bu yolda qət etdiyi böyük məsafə açıq-aşkar görünür və təqdir olunur”
"Qərbə inteqrasiya Azərbaycanın xarici siyasətinin başlıca istiqamətlərindən biridir". Bu fikirlər Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur. Prezidentin sözlərinə görə, Azərbaycan Avropanın yeni qonşuluq siyasətinə qoşulub və orada uğurla iştirak edir: "Hazırda Cənubi Qafqaz bölgəsi Avropa üçün mühüm rol oynayır. Bu gün Xəzər dənizinin enerji resurslarının Avropa bazarlarına tədarükü xüsusilə ciddi məna kəsb edir".
İlham Əliyevin diqqət çəkdiyi məqamlardan biri də Azərbaycanın iri neft-qaz hasilatçısına çevrilməklə, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birimə çevrilməsidir: "Avropa üçün enerji təhlükəsizliyi - zamanın hökmüdür. Belə olan halda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş rolunu oynamağa hazırdır".
Bununla yanaşı, ölkəmizin məruz qaldığı işğal faktı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də ədalətli həllini tapmaması və bu məsələdə Qərb dünyasının kifayət qədər fəallıq göstərməməsi, Azərbaycanın haqlı narazılığına səbəb olub. Elə Prezidentin də dediyi kimi: "Bölgədə mövcud olan Dağlıq Qarabağ münaqişəsi Avropa və Cənubi Qafqaz arasında əlaqələrin yaranması üçün böyük maneədir. Avropa bu münaqişənin nizama salınmasında ciddi rol oynayaraq, bölgədə sülhün bərqərar olmasına səy göstərməlidir. Hazırda Ermənistan dünyada yeganə dövlətdir ki, onun ərazisində milli azlıqlar yoxdur, bu - monodövlətdir. İki erməni dövlətinin yaradılması mümkün deyil, bu, heç bir beynəlxalq hüquqi norma və prinsiplərə, o cümlədən Avropa standartlarına uyğun gəlmir və Avropanın gələcəyi üçün böyük təhlükə mənbəyidir".
"Bizim Yol"un əməkdaşı bu və digər mövzular ətrafında, Hollandiyada yaşayan soydaşımız, Niderland Azərbaycan Evinin sədri Elxan Mirhəşimli ilə həmsöhbət olub.
- Bəzi ekspertlərin iddiasına görə, Azərbaycanın Qərb üçün əhəmiyyəti neftə bağlı idi və artıq neft dəyərdən düşdükcə, ölkəmizin önəmi də azalır. Həqiqətənmi neftsiz biz dünya üçün heç kimik? Və gerçəkdənmi kiçik Azərbaycanı nəhəng dünya ilə bağlayan başqa tellər yoxdur?
- Neftin qiymətinin düşməsi Azərbaycanın dəyərdən düşməsi, yaxud əhəmiyyətinin azalması anlamına gəlməməlidir. Hər şeydən öncə biz özümüz öz Vətənimizə, dövlətimizə dəyər verməliyik. Və bunu öyrənməliyik. Azərbaycanda bəzi insanlar öz düşüncəsi, öz ölkəsinin maraqları çərçivəsində addımlar atmır, başqaları bizim haqqımızda nə düşünər, nə deyər prinsipi ilə yaşayır. Halbuki biz öz gələcəyimizi, ölkəmizin istiqbalını dövlətimizin maraqları, xalqımızın rifahı naminə qurmalıyıq.
Qərb ölkələri Azərbaycana yanaşmada yalnız ikitərəfli münasibətlər çərçivəsində əməkdaşlığa önəm verir. Dünya birjasında neftin dəyərdən düşməsi də elə Qərb ölkələrinin siyasi oyunudur. Baxmayaraq ki, dünyada neftin qiyməti 5 dəfəyədək aşağı düşüb, Avropa ölkələrindən enerji və yanacağın qiymətində, cəmi 10-15 faiz azalma var. Deməli, bu oyunda Avropa ölkələri neft ixrac edən dövlətlərdən daha çox gəlir əldə edir.
Neftsiz Azərbaycanın dünya üçün əhəmiyyətsiz olduğunu ifadə edənlər yanılırlar. Azərbaycan Respublikası kiçik bir ölkə olsa da, dünyada yaşayan 50 milyondan çox azərbaycanlının, Azərbaycan türkünün vətənidir. Azərbaycan BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurumların üzvüdür. Dövlətimiz regionda əsas söz sahiblərindən biri, önəmli siyasi-iqtisadi proseslərin iştirakçısıdır. Bütün bunlar ölkəmizin əhəmiyyətinin, onu dünyaya bağlayan tellərin göstəricisidir.
- Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti, dünyaya inteqrasiya olunmaq yolunda atdığı addımlar kənardan necə görünür?
- Azərbaycanın xarici siyasətinin uğurları, yuxarıda da qeyd etdiyim kimi, BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurumların üzvü olmaqla özünü göstərir. Kənardan ölkəmizin dünya birliyinə inteqrasiyasındakı əzmkarlığı, qətiyyəti, bu yolda qət etdiyi böyük məsafə açıq-aşkar görünür və təqdir olunur. Dünya azərbaycanlıları da bu yolda dövlətimizin yanındadır və dövlətimizin öz hədəflərinə ulaşması üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.
Çox təəssüflər olsun ki, üzdə Azərbaycana dost olduğunu göstərib, arxada yüz oyundan çıxan dövlətləri də görürük. Qərb dünyasının ikili standartlarını görmək bizi çox incidir. Bu ikili yanaşma, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində özünü göstərir. Qərbin bu cür anlaşılmaz davranışlarında, haradasa özümüzün də günahımız olduğunu düşünürəm. Biz avropalıların psixologiyasını, üslublarını hələ də tam olaraq qavraya bilməmişik. Bu səbəbdən onlarla lazımi səviyyədə dil tapıb, dərdimizi anlada bilmirik.
- Qərb-İran konfliktinin səngiməsi və yaxınlaşmaları, regiondakı Azərbaycan-Türkiyə üstünlüyünə necə təsir edəcək?
- Düşünmürəm ki, Qərb-İran gərginliyinin səngiməsi, tərəflərin ortaq məxrəcə gəlmələri, bölgədəki Türkiyə-Azərbaycan tandeminə, hegemonluğuna mənfi təsir etsin. Tarixdən də göründüyü kimi, Qərb aləmi daim Türkiyə ilə İranı qarşı-qarşıya gətirməyə, müharibəyə sürükləməyə çalışıb ki, onların hər ikisi zəifləsin, xüsusilə Türkiyənin gücü zəifləsin. Bu səbəbdən, hesab edirəm ki, həm Azərbaycan, həm Türkiyə, həm də İranın siyasətçiləri düzgün qərarlar verəcək, oyuna getməyərək öz tarixi qonşuları ilə münasibətlərini daha da istiləşdirəcəklər.
- Rusiya və İran kimi nəhənglərin arasında qalan Azərbaycan bundan sonra xarici siyasətini necə aparmalıdır?
- Bu gün Rusiya və İran regionda, həmçinin dünyada, təxminən eyni xarici siyasəti yürüdür. Onların maraqları bir çox geosiyasi proseslərdə üst-üstə düşür. Bizim bölgəmizdə də Qərbin önəmli maraqları olduğu üçün, qarşıdurma yaranıb. Əslində, burada Qərb-Rusiya qarşıdurması, xüsusilə Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi Azərbaycanı çətinliyə salıb. Türkiyə Yaxın Şərq məsələsində Qərblə həmfikir olduğunu açıqladı. Qərbin oynadığı ikibaşlı oyunlar və ikili standartlar səbəbindən isə, Azərbaycan Qərbdən bəzi hallarda uzaqlaşır. Təbii ki, regionda İran və Rusiyanın da dəqiq maraqları var. Belə olan halda, rəsmi Bakı çalışır ki, nə tərəflər arasındakı qarşıdurmadan ziyan görsün, nə də öz maraqlarına zidd addımlar atsın. Bütün hallarda, qan bahasına qazanılmış müstəqilliyimiz qorunub saxlanmalıdır ki, Azərbaycan dövlətinin də buna çalışdığı açıq-aydın ortadadır.
- Avropa və avropalıların Azərbaycana marağı daha çox nə ilə bağlıdır?
- Avropa və avropalıları hər şeydən öncə öz ölkələrinin vətəndaşlarının yaşam səviyyəsi, rifahı, təhlükəsizliyi və gələcəyi maraqlandırır. Azərbaycana baxışları da bu maraqlar prizmasından müəyyənləşir. Sadə avropalıları isə, biznes və turizm maraqlandırır. Hər şey bu qədər sadədir.
- Nəhayət, yaşadığınız Niderland Krallığından Azərbaycan necə görünür və bu iki ölkə arasında münasibətlər hansı səviyyədədir?
- Öncələr Azərbaycanı, Vətənimizi o qədər də tanımırdılar. Zaman keçdikcə biz onlarla ünsiyyət yaratdıq, özümüzü, ölkəmizi, mədəniyyətimizi, tariximizi tanıtmağa başladıq. Bu söhbətlərin ardınca həmin o hollandiyalı evinə gedib, internetdə Azərbaycan haqda daha ətraflı məlumatlar əldə etməyə başladı. Bu gün Azərbaycan Respublikası ilə Niderland Krallığı arasındakı münasibətlər yüksək səviyyədədir, dövlətimizin dəvəti ilə bir neçə Niderland şirkəti ölkəmizdə fəaliyyət göstərməyə başlayıb. Niderlanddan Azərbaycana baxdıqda, gənc və müstəqil ölkə görünür. Ümid edirik ki, bu gənc və müstəqil dövlət tezliklə öz suverenliyini, ərazi bütövlüyünü bərpa edəcək, öz işğal altındakı torpaqlarını düşmən əsarətindən qurtaracaq və inkişafına daha sürətlə davam edəcək.
ÜMİD