Mütəllim Rəhimli: “Azərbaycan yalnız öz yolu ilə getməlidir, hansısa dövləti seçərək onun arxasınca düşməməli və digər tərəfi də özünə qarşı düşmənə çevirməməlidir”
"Bildiyiniz kimi, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı olub və bu, geniş regional əməkdaşlığa öz töhfəsini verib. İlk olaraq, neft boru kəmərini qeyd etmək istəyirəm. Bu layihə regional tərəfdaşlar qismində Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirdi. Layihə başa çatdıqdan sonra Mərkəzi Asiya dövlətləri onun tranzit imkanlarından bəhrələnməyə başladılar".
Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Davos Forumundakı çıxışında səsləndirmişdi. Dövlət başçısı bütün iştirakçı dövlətlərin layihədən faydalandığını bildirərək, onların yeni bazarlara çıxış və yeni ixrac marşrutları əldə etdiklərini qeyd edib: "Əslində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin bərpa olunmasından sonra enerji amili regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edib. Biz bu işləri daha da sürətləndirməyə müvəffəq olmuşuq və hazırda nəqliyyat infrastrukturu üzərində çalışırıq".
Prezident daha bir vacib layihənin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu layihəsi olduğunu bildirib: "Bu, Avropanı və Asiyanı birləşdirəcək layihədir və yeni "İpək yolu" hesab olunur. İnşaat işləri davam etməkdədir. Ümid edirəm ki, dəmir yolu xətti 2015-ci ildə istifadəyə veriləcək. Yəni bu, həm nəqliyyat, həm enerji əlaqəsidir, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu demək. Xüsusilə, əlavə maddi resurslara malik olan ölkələr yeni sərmayə imkanları axtarırlar və düşünürəm ki, bu gün Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya sərmayə qoyuluşu baxımından əlverişli məkanlardır. Çünki burada inkişaf edən bazarlar mövcuddur, sürətli əhali artımı və dinamik iqtisadi inkişaf potensialı var".
Ümumiyyətlə, Azərbaycan regionun zəngin neft-qaz ehtiyatlarına malik olan ölkəsi kimi həm regional, həm beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Ötən əsrin 90-cı illərinin ortalarında dünyanın aparıcı enerji şirkətləri ilə strateji əhəmiyyətli, gələcəyə hesablanmış neft müqavilələri bağlayan Azərbaycan paralel olaraq neft-qaz resurslarının xarici bazarlara nəqli üçün də milli maraqlar üzərində qurulmuş strateji xətt yürüdür. Bu xətt enerji resurslarının çoxşaxəli nəql marşrutlarına malik olmaq və hər hansı bir marşrutdan asılı olmamaq prinsipi üzərində qurulub. Bölgənin enerji resurslarının çoxşaxəli nəql marşrutları həm Azərbaycanın, həm Azərbaycan neftinin və qazının əsas alıcılarının, bütövlükdə Avropa qitəsinin maraqlarına cavab verir.
Təbii ki, müstəqillik qazanarkən, öz enerji potensialı ilə dərhal Qərb dünyasının diqqətini çəkən Azərbaycan, öz imkanlarını düzgün qiymətləndirməyi bacardı. Nəhəng neft-qaz layihələrinin təşəbbüskarı olan Azərbaycanın təklifi ABŞ və Avropa Birliyi tərəfindən çox müsbət qarşılandı. Nəticədə "Əsrin müqaviləsi"ndən tutmuş, hazırda icra olunan və gələcəkdə nəzərdə tutulan böyük kontraktlara imza atıldı. Və bu amil böyük imperiyaların qonşuluğunda yerləşən, müstəqilliyinə təzəcə qədəm qoyan kiçik Azərbaycan, həmçinin bütün Cənubi Qafqaz üçün həyati əhəmiyyətli idi.
Beləliklə, "Bizim Yol" əməkdaşı bu və digər mövzular ətrafında, Ədalət Partiyası sədrinin müavini, siyasi şərhçi Mütəllim Rəhimli ilə həmsöhbət olub.
- Mütəllim bəy, müstəqillikdən sonra Azərbaycanın malik olduğu enerji resursları tək öz ölkəmizin deyil, regiondakı bütün dost ölkələrin bir növ təhlükəsizlik qarantı və yaşam şərti oldu. Həqiqətən bölgə ölkələri və xalqları bunu tam olaraq dərk edirmi?
- Enerji ehtiyatlarımızdan istifadə edilməsi və onun Avropaya çıxarılması ölkəmizin iqtisadi gücünü xeyli artırdı. Nəticədə Respublikamız Qafqaz ölkələri arasında iqtisadi potensialına görə lider dövlətə çevrilə bildi. Lakin ondan düzgün istifadə edilərək alternativ istehsal sahələrinin yaradılmaması enerji resurslarının azalması nəticəsində ölkə daxilində iqtisadi gərginliyin yaranması müşahidə edildi.
Azərbaycandan başqa bizim enerji ehtiyatlarımızdan Gürcüstan daha çox bəhrələnə bildi. Gürcüstan həm tranzit ölkəsi olduğuna görə xeyli gəlir əldə etdi, həm də Azərbaycanın əlavə güzəştləri sayəsində, xüsusilə mərhum prezident Heydər Əliyevin bu ölkəyə xüsusi münasibəti nəticəsində xeyli qazanc götürdü. Üstəlik Rusiyanın enerji embarqoları zamanı Azərbaycanın bu ölkəyə elektrik və qaz təchizatında təmənnasız köməklik göstərməsi də unudulmamalıdır. Bu, Gürcüstanın ayağa qalxmasına xeyli yardım elədi və dar gündə Azərbaycan özünün bütün enerji resursları ilə Gürcüstanın yanında oldu.
Amma indi görünən budur ki, Gürcüstan ölkəmizin bu xeyirxahlığını kifayət qədər qiymətləndirə bilmir. Elə son günlər Gürcüstanın enerji naziri Kaxa Kaladzenin Rusiya və İrandan qaz almaq üçün apardığı danışıqlar da bunu təsdiq edir. Dünya bazarında neftin qiymətinin kifayət qədər aşağı düşdüyü və ölkəmizin iqtisadi gərginlik keçirdiyi bir vaxtda Gürcüstanın belə hərəkət etməsi dostluq münasibətləri ilə bir araya sığmır və Azərbaycanın nümayiş etdirdiyi münasibətə adekvat deyil. Düşünürəm ki, Gürcüstan tərəfi bu hərəkətləri ilə fürsətdən istifadə edərək Azərbaycana təzyiq etməyə çalışırdı ki, aldığı qazın qiymətini aşağı salsın. Üstəlik onun hərəkətləri Azərbaycanla səmimi olmadığını nümayiş etdirdi.
Cənubi Qafqazın digər ölkəsi olan Ermənistan isə bölgədəki inteqrasiyadan, enerji layihələrinin gətirdiyi qazancdan kənarda qaldı. Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın 20 faizinin işğalı səbəbindən, bu ölkə ilə aramızda olan gərgin münasibətlər, Ermənistanı bütün regional və beynəlxalq layihələrdən kənarda buraxdı. Nəzərə almaq lazımdır ki, sözügedən münaqişə, üstəlik Türkiyəyə qarşı yersiz ərazi iddiaları səbəbindən, Ankara da 20 ildən artıqdır ki, İrəvana qarşı embarqo tətbiq edib - Ermənistanla sərhəd qapılarını bağlayıb.
- Mürəkkəb geostrateji məkanda yerləşən Azərbaycan tarixən müxtəlif seçimlər qarşısında qalıb. Bizim manevrlərimizi anlayanlar da olub, anlamayanlar da. Bu gün necə, Azərbaycanın supergüclər arasında niyə konkret seçim etmədiyinin səbəbləri necə qəbul olunur? Hər iki cinahda...
- Ölkələrin əksəriyyəti mürəkkəb geosiyasi məkanda yerləşdiyini iddia edir. Bu mürəkkəbliyi yalnız strateji hədəfləri uğurlu seçilmiş siyasət sadələşdirə bilər. Əks halda biz çoxtərəfli maraqların toqquşduğu bölgədə yerləşirik, deməklə yalnız hərəkətsizliyə bəraət qazandırmış olarıq. Əslində ictimai fikirdə səhv bir yanaşma mövcuddur ki, Azərbaycan supergüclərdən hansınısa seçməlidir. Bu, düzgün yanaşma deyil. Biz yalnız öz yolumuzla getməliyik, hansısa dövləti seçərək onun arxasınca düşməməli və digər tərəfi də özümüz üçün düşmənə çevirməməliyik.
Düşünürəm ki, mövcud iqtidar bu məsələdə düzgün siyasət aparır. Biz kiminsə əlaltısına çevrilə bilmərik. Xalqımızı da bu siyasətin düzgünlüyünə inandırmalıyıq ki, kənar güclərin gələcəkdə daxili proseslərə müdaxiləsi mümkünsüz olsun. Bunun üçün ilk növbədə hakimiyyəti xalqdan uzaq salan, özbaşınalığa meyl edən bürokratik məmur aparatı yenilənməlidir. Ölkədə ciddi islahatlar aparılmalıdır.
- Bəzi ekspertlərin iddiasına görə, Azərbaycanın Qərb üçün əhəmiyyəti neftə bağlı idi və artıq neft dəyərdən düşdükcə, ölkəmizin önəmi də azalır. Həqiqətənmi neftsiz biz dünya üçün heç kimik? Və gerçəkdənmi kiçik Azərbaycanı nəhəng dünya ilə bağlayan başqa tellər yoxdur?
(Davamı gələn sayımızda)
ÜMİD