Südabə Sərvi: “Hər birimiz dövlətimizin beynəlxalq aləmə inteqrasiyası üçün üzərimizə düşən məsuliyyəti dərk etməliyik”
Mədəniyyət siyasəti dövlətin daxili və xarici siyasətinin qurulması və həyata keçirilməsi işində mühüm rol oynayan əsas vasitələrdən biridir. Müstəqil Azərbaycan dövləti də yarandığı ilk vaxtlardan mədəniyyətə xüsusi diqqət yetirmiş, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib.
Dünyaya açılımın, inteqrasiya proseslərinin əsas sütunlarından biri mədəni əlaqələrin güclənməsidir. Mədəniyyət xadimlərinin, ədiblərin, yazarların, rəssamların, bəstəkarların və s. dünyaya çıxması, öz əsərləri ilə ölkəsini beynəlxalq aləmdə tanıtması çox mühümdür. "Bizim Yol"un bu günkü müsahibi olan, yazıçı-publisist Südabə Sərvi ilə də bu mövzu ətrafında söhbətləşdik.
- Südabə xanım, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropaya inteqrasiya xəttini seçdi. Bu siyasi kursla yanaşı, mədəniyyətimizin, ədəbiyyatımızın da Qərbə inteqrasiyasına ehtiyac varmı?
- Əlbəttə ehtiyac var. Avropaya da, Qərbə də, Şərqə də. Türk dünyasının böyük yazarı Çingiz Aytmatov "Drujba narodov" jurnalında çıxan "Cəmilə" hekayəsi ilə dünya arenasına çıxdı. Məşhur fransız yazıçısı Lui Araqon bu hekayəni oxuduqdan sonra onu dünyanın ən gözəl eşq hekayəsi adlandırmışdı. Bundan sonra yazıçının Avropaya, Qərbə çıxışı başlandı və kiçik qırğız xalqını böyük dünyaya tanıtdı. Əlbəttə, o zaman yazıçının tanınması üçün şərait, stimul vardı və istedadlı yazarlar bundan istifadə edib bəxtlərini sınayırdılar. İndi vəziyyət başqa cürdür.
İndi yazıçı gərək yazdığı əsəri ruscaya, ingiliscəyə çevirə bilsin ki, dünyaya çıxa bilsin. Çingiz Abdullayev bu gün dünyanın onlarla ölkəsində həmin dillərə tərcümə olunub tanınırsa, Anarın, Elçin Əfəndiyevin əsərləri əsasında xaricdə filmlər çəkilirsə, bunun nəyi pisdir? Bu, ancaq ölkəmizə başucalığı gətirər.
Amma etiraf edək ki, bu gün istedadlı yazarların, incəsənət işçilərinin əksəriyyəti maddi cəhətdən sıxıntı içindədir. Kimin ki, imkanı var, əsərlərini tərcümə etdirir, elektron poçtla yayımlayır, nəinki Şərq ölkələrində, eləcə də Qərbdə tanınmağa çalışır. Bu, indiki dövr üçün normal bir hal sayılır. Qərb bu əsərləri qəbul edirmi, bax, bu ayrı məsələnin mövzusudur. Bilirsiz, şəxsən tanıdığım elə istedadlı yazarlar var ki, çox güclü əsərləri var, həm də Qarabağ mövzusunda və bu əsərləri nəinki rus, ingilis dilinə çevirməyə, heç onları çap etdirməyə imkanları yoxdur. Yadıma Qabriel Qarsiya Markes düşdü. 41 yaşında sonuncu kitab şkafını və servantını sataraq məşhur "Yüz ilin tənhalığı" əsərini çap etdirdi. Və bu əsər Nobel mükafatına layiq görüldü. Yəni təşəbbüs göstərmək lazımdır! Əgər istedadın varsa, o missiya çiyninə qoyulubsa, bunu etməyə borclusan.
- Dünyaya açılım, başqa dövlətlərlə siyasi-iqtisadi, mədəni, humanitar əlaqələrin genişləndirilməsi Azərbaycana nə qazandırar?
- Azərbaycan iyirmi beş il əvvələ kimi sovetlər birliyinin tərkibində idi və respublikamızın siyasi-iqtisadi, eləcə də mədəni, humanitar sahədə qazandığı bütün uğurlar SSRİ deyilən bir dövlətin adıyla bağlanırdı. İndi şükür Allaha, ölkəmiz müstəqildir, milli ruhlu vətənpərvər övladların sayəsində 98 il öncə böyük Məhəmməd Əmin Rəsulzadənin qurduğu Cümhuriyyət yenidən bərpa edildi. Təcrübəli siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlişi sayəsində dünyaya açılım qüvvətləndi. İqtisadi-siyasi, mədəni sahələrdə uğurlar qazanıldı. Dünyanın demək olar bütün ölkələrində səfirliyimiz fəaliyyət göstərir. Bu gün bizim muğamımız dünyanın əksər ölkələrində tanınır və qəbul edilirsə, bu, çox xoş bir hadisədir, qürurvericidir. Dünya şöhrətli rəssamlarımız, aktyorlarımız var. İdmançılarımızın uğurları sayəsində Azərbaycanın üçrəngli bayrağı qaldırılır, himnimiz səslənir. Əvvəllər biz bunu ancaq xəyal edərdik.
- Bu gün ədiblərimiz, yazarlarımız, elm adamlarımız başqa ölkələrin bu təbəqədən olan nümayəndələri ilə nə kimi bağlılıqlar yarada biliblər?
- Bu sahədə uğurlar tam qaneedici olmasa da, irəliləyişlər var. Bir çox elm adamlarımız Türkiyədə, Amerikada, Almaniyada, Fransada, İngiltərədə, Hollandiyada və digər ölkələrdə fəaliyyət göstərirlər. Bir çoxları maddiyyat xatirinə xaricə gediblər. Önəmli olan odur ki, öz ölkəndə oturub bu əlaqəni digər ölkələrlə yarada biləsən. Yəni tək özünün mənafeyindən deyil, ölkəmizin, dövlətimizin, cəmiyyətin mənafeyindən çıxış edə biləsən. Bunun üçün ilk növbədə vətənə, torpağa böyük sevgi olmalıdır. Ən çox bağlılıq qardaş Türkiyə ilədir. Bu da təbiidir. Çünki eyni millətik. Bəstəkar Emin Sabitoğlu uzun illər İstanbul Dövlət Konservatoriyasında müəllim kimi çalışmış, çoxlu tələbələr yetişdirmişdir. 600-ə qədər mahnının müəllifi olan bəstəkar haqqında "Bu dənizin gözü yaşlı sənsiz.." adlı ilk və hələ ki, son kitabı mən yazmışam. Təbii ki, İstanbulda bəstəkarın müəllim yoldaşları və tələbələri ilə də görüşmüşəm.
Etiraf edək ki, ədiblərimizin, yazarlarımızın xarici ölkələrlə əlaqələri tam qaneedici deyil. Təbii ki, virtual aləmlə də əlaqələr qurulur. İnternetlə başqa ölkələrə çıxmaq şansı var. Amma burda yenə də tərcümə məsələsi ortaya çıxır. Bir romanı ingilis və ya rus dilinə tərcümə etmək çoxlu vəsait tələb edir.
- Dövlətin beynəlxalq aləmə inteqrasiyasının möhkəmlənməsində vətəndaş cəmiyyətinin üzərinə necə bir vəzifə düşür?
- Cəmiyyəti formalaşdıran insanlardır. Cəmiyyət o zaman formalaşır ki, vətəndaşlar öz mövqelərini həm dövlət qarşısında, həm də bir vətəndaş olaraq dərk edə bilsinlər. İsmayıl Şıxlının "Ölən dünyam" əsərində belə bir fikri xatırlatmam yerinə düşər: "Cəmiyyətin istiqamətini dəyişən adamlara dahi deyirlər".
Dahilər də insanlardan yetişir. Adam var ki, ömrü boyu "məndən ötdü sənə dəydi" prinsipi ilə yaşayır. Xaricdə yaşayan soydaşlarımız hər biri Azərbaycan türkü olaraq öz vəzifəsini anlamalıdır, Məmməd Arazın təbirincə desək, "vətən daşı" olmalıdırlar! Hər birimiz dövlətimizin beynəlxalq aləmə inteqrasiyası üçün üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Jurnalist də, yazıçı da, qəzet redaktoru da, sayt rəhbəri də, adi vətəndaş da. Əgər bu gün hansısa saytda və ya qəzetdə sensasiya xatirinə yanlış və qərəzli məlumat gedirsə, bunun birbaşa dövlətçiliyimizə zərəri var. Sevmək üçün yanmaq lazımdır. Nazim Hikmətin bu şeirini çox sevirəm: "Sən yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa?"
- Azərbaycan QHT-lərinin bu istiqamətdəki fəaliyyətini necə qiymətləndirirsiniz? Prezident yanında QHT Şurası yarandıqdan sonra bu missiyanın yerinə yetirilməsi üçün nə cür dəstək verib?
- Bəzilərini çıxmaq şərtilə, o qədər də yüksək qiymətləndirmirəm. Danılmaz fakt idi ki, bəzi QHT-lərin sadəcə adı vardı və onlar demək olar ki, heç bir iş görmürdülər. Görüntü xatirinə bir-iki tədbir keçirilirdi. Onlara ayrılan vəsaitlərin müəyyən hissəsi aid olduğu yerlərə sərf olunmurdu. Bu baxımdan Prezident yanında QHT Şurasının yaranmasını bir yazar olaraq alqışlayıram. Düşünürəm ki, bu, QHT-lərin işinə bir nəzarətdir. Bu onlara həm də bir stumuldur. İnşallah, fəaliyyətlərini daha da genişləndirərlər. Əgər bu gün körpə uşaq dilənməyə məcbur edilirsə, qadınlar şiddətə məruz qalırsa, ana ölümləri ilbəil artırsa, torpaqlar işğal altındadırsa... hələ görüləsi çox işlərimiz var.
ÜMİD