İsa Türkoğlu: “İngiltərənin ehtiyacı enerji resurslarına, Azərbaycanın ehtiyacı isə müasir texnologiyayadır. Bu qarşılıqlı ehtiyac iki dövləti yaxınlaşdırır”
Sovet İttifaqı dağıldıqdan sonra Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanıdı və Azərbaycanın Avropada Əməkdaşlıq və Təhlükəsizlik Konfransında (hazırda Təşkilat adlanır) iştirakını dəstəklədi. İki ölkə arasında diplomatik əlaqələr parlamentin üzvü, Britaniyanın Xarici İşlər Naziri Hon Duqlas Hoqqun 1992-ci ilin mart ayında Bakıya səfərindən sonra yenidən quruldu.
Bakıda kiçik ofislə kifayətlənməli olan Ser Brayn Fol Britaniyanın Azərbaycandakı ilk səfiri oldu. 1993-cü ildə təyin edilən Tom Yan isə Britaniyanın Azərbaycanda daimi nümayəndəliyində ilk səfir olaraq tarixə düşdü. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi isə 1994-cü ilin yanvar ayında açılıb.
Britaniya Şurası Bakıda 1993-cü ildən fəaliyyət göstərir. 1994-cü ilin fevral ayında mərhum prezident Heydər Əliyevin Londona səfəri çərçivəsində iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Britaniya Şurasının məqsədi islahatlarda Britaniyanın rolunu önə çəkmək, ingilis dilinin tədrisini və istifadə olunmasını genişləndirmək, mədəniyyət və incəsənət vasitəsiylə Britaniya yaradıcılığını və fərqliliyini nümayiş etdirmək və Britaniya təhsil təcrübəsini təbliğ etməkdir. Onun proqramları ilk olaraq 35 yaşından aşağı gənclər üçün nəzərdə tutulub və fərdi, həmçinin çoxtərəfli əməkdaşlıq yolu ilə həyata keçirilir.
2004-cü ilin 13-14 dekabr tarixində Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyada rəsmi səfərdə olub. O, Britaniyanın baş naziri, Xarici işlər və müdafiə üzrə dövlət katibləri ilə görüşüb. Baş Nazir və prezident 1998-ci ildə iki ölkə arasında imzalanmış Dostluq və Əməkdaşlığa dair birgə Bəyannaməni bir daha təsdiqləyiblər. Onlar insan haqları, azadlıqlar və qanunun aliliyinə söykənən demokratiyanın və bazar iqtisadiyyatının hərtərəfli inkişaf etməsi üçün ikitərəfli münasibətlərin inkişafına bir daha dəstək ifadə ediblər. Səfər zamanı Azərbaycan prezidenti və Britaniya baş naziri tərəfindən ikitərəfli münasibətlərin ilkin və gələcək inkişaf perspektivləri istiqamətində Birgə Komunike qəbul edilib.

"Bizim Yol"un bu dəfəki müsahibi Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Peşəkar futbolçu, eyni zamanda İranda türklərə qarşı yeridilən ayrı-seçkilik və assimilyasiya siyasətinə qarşı fəal mübarizə aparanlardan olan İsa Türkoğlu, həmin ictimai-siyasi fəaliyyətinə görə rejim tərəfindən təzyiqlərə, işgəncələrə məruz qalıb.
Haqsız repressiyalarla üzləşən Türkoğlu, nəticədə doğma yurd-yuvasını tərk edərək, 2007-ci ildə Böyük Britaniyanın Leeds şəhərinə köçüb. 2008-ci ildə İngiltərədə ATAY Cəmiyyətini yaradıb və hazırda həmin quruma rəhbərlik edir. Eyni zamanda, Cənubi Azərbaycandan Britaniyaya köç etmiş insanların yaratdığı Qaçqınlar Cəmiyyətinin İdarə Heyətində 3 il təmsil olunub və Birləşmiş Krallıqda nümunəvi cəmiyyət idarəçisi seçilib. Hazırda, həmçinin İngiltərədə yeniyetmələrə futbol təlimləri də verməklə məşğuldur.
İsa Türkoğlu ilə Azərbaycan-Britaniya münasibətləri, ölkəmizin Avropaya inteqrasiya siyasəti, beynəlxalq aləmlə əməkdaşlıq və digər mövzularda söhbətləşdik:
- İsa bəy, Azərbaycan-Britaniya münasibətlərinin əsas xəttini nə təşkil edir? Hansı qarşılıqlı ehtiyac bu iki dövləti bir-birinə yaxınlaşdırır?
- Hər şeydən öncə qeyd etmək istəyirəm ki, Böyük Britaniya dediyimiz yer, tərkibində dörd dövlətin - İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın olduğu ölkələrin birlikdə olan gücüdür. Baxmayaraq ki, Britaniya "Commonwealth" (http://thecommonwealth.org/member-countries), yəni 53 ölkəni - o ölkələr şərqdən qərbə qədər nəhəng əraziləri əhatə edir - idarə edə biləcək gücə malikdir, Britaniya yüksək inkişaf səviyyəsinə çatmış ölkə olduğundan, idarəçiliyi altında olan ölkələrlə yanaşı, dünyanın bir çox dövlətləri ilə də qarşılıqlı iqtisadi-siyasi əlaqələri var. Azərbaycan da bu ölkələr arasında ilk sıralarda qərarlaşıb. Yəni Azərbaycan Böyük Britaniyanın xarici siyasətində xüsusi yer tutur.
Əlbəttə ki, təbii sərvətlər, iqtisadiyyat və günün texnologiyası əlaqələrin əsas xəttini təşkil edir. Ən önəmlisi isə İngiltərənin bölgənin siyasi vəziyyətinə hakim olmasıdır. Azərbaycanın ehtiyacı yeni texnologiya, təhsil və siyasi dəstəkdir. Azərbaycanın iqtisadiyyatının dövr etməsi üçün onların dəstəyinə ehtiyacı, onların isə iqtisadiyyatın ilkin açarı təbii sərvətlər olduğundan, onu alması qarşılıqlı əlaqələrin əsas istiqamətlərindən biridir.
Məlum olduğu kimi, Azərbaycan və Britaniya Avropa Təhlükəsizlik Şurasına bərabərhüquqlu üzvdür. Qeyd etmək istərdim ki, bu iki dövlət arasındakı münasibətlər Cümhuriyyət dövründən əvvəlki vaxtdan başlayıb. Hətta, 1918-ci ildə Cümhuriyyət qurulduğu zaman İngiltərə Azərbaycanı müstəqil bir dövlət kimi tanıyıb.
- Bu iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr əsasən hansı sahələri əhatə edir?
- Bildiyimiz kimi, Azərbaycan coğrafi mövqeyinə görə çox əlverişli şəraitə malikdir. Avropa və Asiya arasında dəhliz rolunu oynaması, müstəqillik əldə etdikdən sonra öz iqtisadi-ticari əlaqələrinin inkişaf istiqamətini təyin edən gənc dövlət üçün çox əhəmiyyətlidir. Azərbaycan öz təbii sərvətlərinə görə dünyada ən öndəgedən məmləkətlərdən biridir və iki ölkə arasında olan iqtisadi və ticari əlaqələr əsasən bu mənbələr üzərindəndir. Hələ XIX əsrdə Azərbaycan nefti bir çox ölkələrin diqqətini çəkib və böyük dövlətlər burada neft sektoruna külli miqdarda sərmayə yatırıb. Məlumat üçün bildirim ki, o dövrün məşhur sahibkarları olan Nobel qardaşlarının gəlirinin çox hissəsi Bakı neft sahəsində əldə edilib. Alfred Nobelin adı Bakı nefti ilə bağlıdır və hazırda bütün dünyada çox önəmli olan və onun adını daşıyan "Nobel" mükafatını almaq üçün dünyanın böyük alim və liderləri öz davranışlarında çox diqqətli olmaq məcburiyyətindədirlər.
Necə ki müstəqillik əldə etdikdən sonra qısa zaman müddətində ölkəmiz Azərbaycana çox sürətli sərmayələr axmağa başladı, Britaniya da o ölkələr arasında ilk yeri alanlardan oldu. Xüsusilə neft və qaz sahəsində inkişaf nəzərəçarpacaq şəkildə sürətli olub və 2013- cü ildə neft sənayesi yüksək inkişaf həddinə çataraq, gün ərzində 873.260 barel neft və 29 m3 qaz istehsal edib. Digər İnkişaf etmiş ölkələr kimi, Britaniya da öz növbəsində bu fürsətlərdən çox faydalanıb. Belə ki, BP şirkətinin Azərbaycanda yeni bölməsi fəaliyyətə başladı və o zamandan etibarən British Petrolium öz ehtiyaclarının çoxunu Azərbaycandan almaqdadır.
- Azərbaycan vətəndaşının, xüsusilə gənclərimizin düşüncə tərzi, dünya görüşü ilə Qərb insanının düşüncəsi arasında nə kimi oxşarlıq və fərqlilik var?
- Səmimi deyim ki, mövcud olan fərqlər bəzi sahələrdə çox, bəzi sahələrdə isə azdır. Hər bir insanın toplumdakı düşüncə tərzi uşaqlıqda aldığı təhsildən başlar. İki dövlət arasındakı təhsil səviyyəsini müqayisə etsək, fərqlər açıq şəkildə ortaya çıxar. Azərbaycan qədim və yüksək mədəniyyətə malikdir. Lakin onu da unutmayaq ki, dünyanın bugünkü vəziyyəti irəli hərəkət edən bir texnologiya qatarına bənzəyir. Kim ki o texnologiyaya yetişir, gələcəyə doğru rahat gedir, yetişə bilməyənlər isə sadəcə öz keçmişləri ilə zaman keçirir.
Oxşarlıqdan danışsaq əgər, hər iki gəncliyin gələcəyə doğru hərəkət etməyi sevdiyini, lakin təhsil səviyyələri fərqli olduğundan, hər ikisinin fərqli yollarla irəlilədiyini qeyd edə bilərik. Fərqliliyə gəldikdə, bir cümlə ilə deyə bilərəm ki, keçmişin səhvlərindən nəticə çıxardıb gələcəyə lazımsız təəssüblərdən uzaq qalaraq hərəkət etməyə çalışma cəhdi Britaniya gəncliyində Azərbaycan gəncliyinə görə daha yüksəkdir.
- Britaniyadakı Azərbaycan diasporu nə dərəcədə fəaldır? Azərbaycan həqiqətlərinin İngiltərə ictimaiyyətinə çatdırılması baxımından nələrə nail ola bilmişik?
(Davamı gələn sayımızda)
ÜMİD