Aygün Həsənoğlu: “Azərbaycanın sürətlə dəyişən dünya ilə ayaqlaşması üçün bütün sahələrdə uzunmüddətli strategiyalar hazırlanmalıdır”
Elmi ədəbiyyatlarda XX əsrin ikinci yarısından sonra dünya miqyasında baş verən fundamental prosesləri izah etmək üçün "qloballaşma" terminindən ilk dəfə 1967-ci ildə istifadə edildiyi bildirilir. Müasir anlamda termin kimi isə "qloballaşma" 1980-ci illərin ortalarında dövriyyəyə buraxılmış və intellektual elita tərəfindən qəbul olunmuşdur. Qloballaşma termininin meydana gəlməsini professor Teodor Levitin adı ilə bağlayırlar. O, 1983-cü ildə "Harvard biznes revyu" jurnalında çap etdirdiyi "Bazarların qloballaşması" məqaləsində bu terminlə transmilli korporasiyaların istehsal etdiyi ayrı-ayrı məhsulların bir-birinə qovuşması fenomenini ifadə etmişdir. "Qloballaşma" anlayışının akademik status alaraq geniş yayılmasında amerikalı sosioloq R.Robertsonun rolu xüsusi qeyd olunur.
Qloballaşmanın ilk dəqiq işlənmiş nəzəri modelləri 1980-1990-cı illərdə ortaya qoyulmuşdur. Azərbaycan alimlərindən akademik Ramiz Mehdiyev, professorlar Ağayar Şükürov, Səlahəddin Xəlilov və Rövşən Mustafayev qloballaşmanın müxtəlif aspektlərinə dair tədqiqat əsərləri yazmışdır. Qloballaşma mövzusunda son dövrlərdə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə çox müxtəlif səpkili tədqiqat əsərləri çap olunmuşdur.
Bu problem üzrə ölkəmizdə nəşr olunan ən sanballı əsər Ramiz Mehdiyevin "Azərbaycan: qloballaşma dövrünün tələbləri" adlı monoqrafiyasıdır. Bu əsərdə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda gedən proseslərin səciyyəsi verilmiş və ümumiyyətlə qloballaşma haqqında elmi-nəzəri təlimlərin məğzi açıqlanmışdır. Bununla belə, bəşəriyyəti narahat edən bir sıra problemlərin başqa prizmalardan da açıqlanmasına böyük ehtiyac vardır. Xüsusən dünyanın ən böyük dövlətlərindən olan Rusiyanın mövqeyi çox önəmlidir. Keçmiş sosialist məkanından dünyaya açılan pəncərədən baxdıqda, müasir Qərb prioritetlərinə də nə kimi fərqli münasibətlər ola biləcəyini təsəvvür etmək mümkün olur.
Yeni iqtisadi münasibətlər sisteminə sosializmdən keçən bir ölkə olaraq Azərbaycanın yaşadığı sosial-iqtisadi təbəddülatlar və inkişaf perspektivləri MDB ölkələri ilə xeyli dərəcədə oxşardır. Lakin bununla belə, təkcə Rusiya və Azərbaycan üçün, hətta bütün keçmiş sosialist platforması üçün deyil, bütövlükdə bəşəriyyət üçün təhlükə törədə biləcək qlobal problemlərin birgə səylərlə öyrənilməsinə böyük ehtiyac vardır.
Bəs qloballaşma bizə nə vəd edir: İnsanları milli mədəniyyət səviyyəsindən daha ali bir məqama qaldırmaq, yoxsa onlar arasındakı fərqi (bu fərq məhz milli mədəniyyət mərtəbəsindədir) götürməklə onları kütləvi mədəniyyət səviyyəsinə endirmək? Bəlli olduğu kimi, millilikdən kütləviliyə eniş, milli deqradasiya heç şübhəsiz xalqların öz təşəbbüsü ilə baş vermir. Əlbəttə, icraçı hər bir xalqın öz nümayəndələridir. Lakin ideya müəllifləri harada isə kənardadır.
"Bizim Yol"un bugünkü müsahibimiz İstanbulda yaşayan yazıçı-tədqiqatçı, fəlsəfə doktoru, erməni separatizmi ilə bağlı bir sıra kitabların müəllifi Aygün Həsənoğludur. Onunla müasir qloballaşma dalğası, millətlərin və dövlətlərin bu prosesdə yeri, ümumbəşəri və milli-mənəvi dəyərlərin sintezi, qeyd olunan nəhəng dalğada milli kimlik amilinin və tarixi özünüdərkin unudulmaması, habelə digər mövzular ətrafında söhbətləşdik.
- Bu gün dünyada nəhəng qloballaşma prosesi gedir, sərhədlər get-gedə aradan qalxır, Avropa İttifaqı kimi modellər ortaya çıxır. Sizcə, hansısa ölkənin bu prosesdən kənarda qalması mümkündürmü? Yaxud necə etməli ki, həm dünya ilə ayaqlaşasan, həm də öz milli kimliyini qoruyub saxlayasan?
- Müasir dövr informasiya dövrüdür. Bu o deməkdir ki, sizin dünyanın hər yerindən informasiya almaq imkanınız vardır və siz o informasiya axınından kənarda qala bilməzsiniz. Heç bir ölkə bu prosesdən kənarda qala bilməz. Siz ona doğru getməsəniz, o, sizə doğru gələr. Mən həmişə bu fikri təkrar edirəm: Əgər üzərinizə gələn selə qarşı dayana bilmirsinizsə, o zaman selin içində özünüzə uyğun bir yer seçməlisiniz.
Avropa İttifaqı Avropanın özünü qorumaq üçün yaratdığı bir modeldir, lakin artıq çürüməyə doğru gedir. Avropanın iqtisadi dayaqları çökməkdədir. Təsəvvür edin ki, Fransa Afrika ölkələrindən ildə 500 milyard dollar gəlir alır. Bu, əslində bir xəracdır. Getdikcə Fransa bu gəliri itirəcək və iqtisadiyyatını bərpa edə bilməyəcək.
Avropanı dünyada üstün edən texnologiyası oldu. Bu gün Türkiyə texnologiyada irəliləmək üçün böyük çalışmalar həyata keçirir. Təəssüf ki, hələlik Azərbaycan bu sahədə lazımi səviyyəyə çatmayıb. Azərbaycanda daha çox neftlə bağlı məhsullara üstünlük verilir. Amma vaxt vardı, "Çinar" soyuducusunun, kondisioner zavodunun məhsulları məşhur idi. Lakin onlar zamanla ayaqlaşa bilmədilər. Bu gün özünü yaşatmaq üçün öncə iqtisadiyyatını bərpa etmək, ölkə içi istehsalı artırmaq lazımdır. İkincisi, bütün sahələrdə uzunmüddətli strategiyalar hazırlanmalıdır.
- Bunun üçün nə kimi yollar təklif edirsiniz?
- Azərbaycanın milli ideoloji konsepsiyası olmalıdır. İdeologiyamız yalnız ədəbi əsərlərdə qorunur və günümüzə çatdırılır. Halbuki, bu, bir dövlət strategiyası olmalıdır. Uşaq və gənclərimizin Azərbaycanın milli vətənpərvərlik ruhunda yetişdirilməsi üçün ortada nələr var? Cizgi filmlərimiz yoxdur! Teatr tamaşalarımız yoxdur! Romanlarımız, çox azdır! Uşaqlar üçün roman və hekayələr isə, demək olar ki, yoxdur. Təbii ki, mən bunlar "heç yoxdur" demirəm. Amma bir strategiya və proqram şəklində yoxdur.
Məsələn, o zaman mən "Xallı pələng" ("Şahlıq dərisi" adı ilə çap olunub) adlı əsərimi Gənc Tamaşaçılar Teatrının Bədii Şurasına təqdim etmişdim. Əsər bəyənilsə də, teatrın o zamankı baş rejissoru bu əsərə siyasi rəng verərək onun səhnələşdirilməsinə imkan vermədi. Bununla da artıq mən teatra əsər vermədim. Bizdə Novruz bayramına həsr olunmuş tək uşaq pyesini də mən yazmışam. Xocalı soyqırımı haqqında ilk pyesi də mən yazmışam. Amma bunların səhnəyə çıxmaması, yaxud Qarabağ müharibəsi ilə mifologiyamızın səsləşməsini əks etdirən, milli özgüvən aşılayan "Mağara" pyesimin səhnədə çox qala bilməməsi ortada bir ideoloji təbliğatın olmamasından xəbər verir.
- Dövlətin mövqeyi bəllidir - Azərbaycanın güclənməsi, dünyaya açılım, uğur və problemlərimizin beynəlxalq aləmə duyurulması. Lakin dediyiniz kimi, bəzən kimlərinsə xırda maraqları, yaxud səriştəsizliyi bu prosesin sürətini azaldır. Bunları necə önləməli?
- Öncə də dediyim kimi, Azərbaycana milli ideologiya konsepsiyası lazımdır. Bu cür strategiya, konsepsiya və proqramlar mənim şəxsən cənab Prezidentə təqdim etdiyim layihə əsasında qurulmuş Strateji Araşdırmalar Mərkəzi tərəfindən hazırlanmalı idi. Amma bu sahədə lazımi canlanmanı və nailiyyətləri, təəssüf ki, görə bilmirik.
Bunlardan başqa, hesab edirəm ki, bütün məsələlərdə, o cümlədən, Qarabağ məsələsində təbliğat taktikası dəyişdirilməlidir. Çox böyük səhvlər var. Ona görə də görülən işlər nəticə vermir. Televiziyalarımızdan əxlaqsızlığı ilə məşhur olan müğənnilər çıxarılmalı, əxlaqı ilə örnək olan insanlar önə çəkilməlidir. Televiziya hər evin icazəsiz qonağıdır. Sizinlə birlikdə süfrəniz başındadır. Təəssüf ki, televiziya aparıcılarımız savadsızlığı, səviyyəsizliyi ilə səviyyəsiz də tamaşaçı kütləsi yetişdirir. Televiziya proqramları toplumun ən aşağı səviyyəli təbəqəsinə yönəlmişdir. Bütün bu sahələrdə görüləcək işlər çoxdur.
(Davamı gələn sayımızda)
ÜMİD