Asiman Əlihəsənov: “Aqressiv imperiya xalqları ilə qonşu olmaq alnımıza yazılıb. Sanksiyalardan sonra İranın əl-qolu daha da açılacaq. Bunun üçün də Türkiyə ilə Azərbaycan bir-birinə əvvəlkindən daha çox dəstək olmalıdır”
Nəhayət, uzunmüddətli danışıqlar və gərgin müzakirələrdən sonra Qərb ölkələrinin cənub qonşumuz olan İrana qarşı tətbiq etdiyi iqtisadi-siyasi sanksiyalar aradan qaldırıldı. Siyasi müşahidəçilərə görə, İrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması ilk növbədə bu ölkənin hərtərəfli inkişafına yol açacaq. Tehranın dünya birliyinə qayıtması qlobal bazarlar, ələlxüsus da neft bazarı üçün nəhəng nəticələrə səbəb olacaq. Sanksiyaların qaldırılması Tehranın dünya bazarına dərhal 500 min barel əlavə neft çıxarmasına imkan verəcək. İran bankları yenidən Avropanın maliyyə şəbəkəsinə qoşulacaq və İran biznesləri bundan maksimum fayda götürməyə başlayacaq. Qısası, Tehranın həm bölgədə, həm də dünyada mövqeləri möhkəmlənəcək.
Bəzi ekspertlərin hesablamalarına görə, Azərbaycan üçün İrana qarşı sanksiyaların ləğv olunmasının yaxşı tərəflərindən daha çox pis tərəfləri var. Onların qənaətincə, iqtisadiyyatı güclənən İran, məzhəbçi siyasətindən öz məqsədləri üçün maksimum yararlanmağa çalışacaq ki, bu da məzhəblərarası müharibəni daha da qızışdıracaq.
Hesab olunur ki, İranın sanksiya altında olmuş maliyyə resurslarının dövriyyəyə buraxılması İranda iqtisadi inkişaf templərini artıracaq. Bu da istər-istəməz İranla qonşu dövlətlərə, o cümlədən Azərbaycana təsir göstərəcək. Bu təsir təkcə pozitiv təsir olmayacaq. Bunun neqativ tərəfləri də var. İran neftinin artıq dünya bazarına çıxması durmadan sürətlənir, bu da istər-istəməz bölgənin energetik mənzərəsini əsaslı şəkildə dəyişə bilər. Azərbaycan İran və Rusiya arasında olduğuna görə hərbi, strateji, siyasi cəhətdən daha bir önəmli dövlət kimi qəbul olunursa, bu situasiya da dəyişmiş olur. Bunlar hamısı əsasən neqativ təsirlərdir. Amma Azərbaycan İran münasibətləri daha praqmatik istiqamətə yönələrsə və qarşılıqlı səmərəli əməkdaşlıq üzərində qurularsa, bunun həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycana müsbət təsirləri ola bilər.

Beləliklə, İrana qarşı sanksiyalardan sonra bölgəmizdə yaşanacaq dəyişikliklər, Tehranın əl-qolunun açılmasından sonra regionda Azərbaycan-Türkiyə əməkdaşlığının perspektivləri və digər məsələlər ətrafında "Bizim Yol"un suallarını Türkiyə Azərbaycan Tələbə Birliyinin (TATB) Ankara təmsilçisi Asiman Əlihəsənov cavablandırıb.
- Qərb dövlətlərinin İrana qarşı uzun illərdən bəri tətbiq etdiyi sanksiyalar ləğv edildi. Bundan sonra bölgəmizdəki münasibətlər necə olacaq? İranın mövqeyi güclənəcəkmi?
- Qeyd etdiyiniz kimi, Qərb dövlətlərinin İrana qarşı uzun illərdən bəri tətbiq etdiyi sanksiyalar ləğv edildi. Bu, uzun zamandan bəri dünyanın dördgözlə müşahidə etdiyi danışıqlar və gərgin müzakirələrin sonucunda baş tutdu. İndiyədək Qərb Tehranın qarşısında ciddi şərtlər qoymuş və bu şərtlərin yerinə yetirilməyəcəyi təqdirdə, İranla heç bir əməkdaşlığın mümkün olmayacağını bəyan etmişdi. Öz növbəsində rəsmi Tehran da mövqelərindən qətiyyən geri çəkilmir və o şərtləri qəbul etmirdi. Nəhayət, İran şərtləri qəbul edəcəyini açıqladı və qarşılığında Qərb dövlətləri də tələblərində yumşalmaya getdi. Nəticədə son 12 ildə tətbiq olunmuş ağır sanksiyalar ləğv edildi və Tehran Qərb ölkələri ilə siyasi-iqtisadi əlaqələrini bərpa etmək yönündə fəaliyyətlərə başladı.
Bəli, sanksiyaların ləğvi ilə bölgəmizdə İranın mövqeyi güclənəcək. Çünki daha çox gəlir və daha geniş bazar əldə edəcək bu ölkə. Digər tərəfdən Rusiyayla əlaqələrin zəifləmə ehtimalı var. Rusiya bölgəmizdə tək qala bilər. Zənnimcə, ümumiyyətlə yaxın 5-10 il ərzində Rusiyanın əvvəlki gücündən əsər-əlamət qalmayacaq. Amma bazarda rəqib Səudiyyə Ərəbistanının da olması bu məsələdə tarazlaşdırıcı faktor rolunu oynaya bilər.
- Qərb-İran konfliktinin səngiməsi və yaxınlaşmaları, regiondakı Azərbaycan-Türkiyə üstünlüyünə necə təsir edəcək?
- Azərbaycan müstəqillik qazandıqdan və böyük enerji layihələrinə start verildikdən sonra qardaş Türkiyə ilə uzlaşdırılmış siyasət yürüdülməyə başladı. Bu iki qardaş ölkənin birgə çalışmaları, bir-birinə qarşı gerçək dost və qardaşlıq bağlılığı, bizim regiona da söz sahibi olmağımızı şərtləndirir. Dediyiniz kimi, İrana qarşı sanksiyaların götürülməsi Tehranın əl-qolunu açacaq və bölgədə qüvvələr balansına təsir edəcək. Əsasən mənfi təsir edə bilər, amma bunun yararı da ola bilər. Mənfi təsirlərindən biri transmilli layihələrin gələcəyi ilə bağlı ola bilər. Bunun üçün də digər sahələrdə üstünlük əldə edilməlidir. Qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bayaq dediyim kimi, bunun yararı da ola bilər. Məsələn, nüvə proqramı bir müddətlik təxirə salınacaq. Azərbaycanla Türkiyə öz mövqelərinin zəifləməməsi üçün dostluqlarını daha da qüvvətləndirməli, birgə layihələrin sayını artırmalı, eyni zamanda daxildə inkişaflarını daha da sürətləndirməlidir.
- Rusiya və İran kimi nəhənglərin arasında qalan Azərbaycan tarixən bunun acı nəticələrini yaşayıb. Buraya ölkəmizin zaman-zaman işğallara məruz qalmasından tutmuş, Vətənimizin iki böyük və bir neçə kiçik hissələrə parçalanmasına qədər, nəhayət müstəqillikdən sonra şimaldan və cənubdan göstərilən təzyiqləri qeyd edə bilərik. Bundan sonra Azərbaycan öz xarici siyasətini necə qurmalıdır?
- Doğrudur, həqiqətən Azərbaycanımız tarixin bir çox mərhələlərində çox ciddi təzyiqlərə, təcavüzlərə məruz qalıb. Aqressiv imperiya xalqları ilə qonşu olmaq alnımıza yazılıb və bunun üçün daha güclü olmağa məcburuq. Bundan sonra Azərbaycan və Türkiyə bir-birinə əvvəlkindən daha çox dəstək olmalıdır. Bu iki qardaş dövlət arasında ticarət sahələri artmalı, əlaqələr daha da güclənməlidir. Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsi İran və Rusiyanın bölgəmizdəki söz sahibliyini müəyyən mənada zəiflədə bilər. Ayrıca, Qərb dünyası ilə münasibətlərimizi sıxlaşdırmalı, Qərbin inkişaf metodlarını, texnoloji yeniliklərini mənimsəməli, inkişaf etmiş dünya ilə siyasi-iqtisadi münasibətlərimizi gücləndirməliyik. Əks halda, tarixin təkrarlanmayacağına kimsə zəmanət verə bilməz.
- Qərb ölkələri İranla münasibətlərini düzəltməyə başlayıb. İndiyədək düşmən olan bu iki cinah arasında, Qərbin bölgədə əsas nöqtələrindən biri Azərbaycan idi. Tehranla aranı düzəldən Qərb ölkələri üçün bundan sonra Azərbaycanın önəmi azala bilərmi?
- Xeyr, düşünmürəm. Azərbaycanın önəminin azalacağını demək yanlış olar. Azərbaycan milli maraqlar çərçivəsində, qarşılıqlı mənfəət əldə edə biləcəyimiz şəkildə əlaqələri İran və Avropayla davam etdirdiyi müddətdə, Azərbaycanın önəmi nə Avropa, nə də İran üçün azalacaq. Çünki ortada tək İran deyil, həm də Rusiya amili var. Bundan əlavə, Azərbaycanın yerləşdiyi coğrafi mövqe onu hər zaman Qərb dünyası üçün cəlbedici edir.
- Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirirsiniz və bu ilişkilərin daha da güclənməsi üçün nə etməliyik?
- Regionda Türkiyə-Azərbaycan dostluğu inkişafın əsas sütunlarıdır. Türkiyə və Azərbaycan ən yaxın iki dövlət, strateji müttəfiqdir. Bildiyimiz kimi, Rusiyanın bölgədə hegemon dövlət olması və onun əsas müttəfiqinin cənub qonşumuz İran olması bəzən bu inkişafa mane olur. İnkişafa mane olan səbəblər aradan qaldırılmalı, hər iki dövlət beynəlxalq arenada bütün sahələrdə bir-birini dəstəkləməlidir. Zənnimcə, Rusiya son illərini yaşayır. Putin səhv addımlarıyla Rusiyanı uçuruma sürükləyir. Bunu bilən İran isə, Avropa ilə əlaqələri sahmana salıb Rusiyayla müttəfiqliyə yenidən göz gəzdirmək niyyətindədir. Azərbaycan və Türkiyə bu prosesdən öz mənafelərinə uyğun şəkildə istifadə etməlidir.
ÜMİD