Elməddin Hacılı: “Azərbaycan dövləti həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması sahəsində diaspor təşkilatlarının təşəbbüslərinə dəstək verir”
Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.
Bütün bunlarla yanaşı, müharibə şəraitində yaşayan Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün, xaricdə yaşayan həmvətənlərimizin dəstəyinə ciddi ehtiyac var. Bu mənada diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrin cəmiyyətlərinin bir parçasına çevrilməli, fəaliyyətlərini bu yöndə qurmaqla, ölkəmizin problemlərini həmin cəmiyyətlərə duyurmağa nail olmalıdırlar. Bu məsələ dünya azərbaycanlılarının keçirilən qurultaylarında da xüsusi qabardılır. Məsələn, Dünya azərbaycanlılarının III qurultayında Prezident İlham Əliyev diasporumuzun durumu ilə bağlı mühüm mesajlar verib.
"Çox şadam ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Birinci qurultaydan keçən dövrdə, yəni 10 il ərzində böyük işlər görülübdür, təşkilatların sayı artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar bəlkə də həlledici rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər. Bu, çox mühüm amildir. Mən çox şadam ki, bu gün dünyada fəaliyyət göstərən diaspor təşkilatları yeni səviyyəyə qalxıbdır. Bu təşkilatlar arasında koordinasiya işlərinin aparılması əlbəttə ki, onların fəaliyyətini daha da gücləndirir. Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir", -deyə Prezident bəyan etmişdi.
Dövlət başçısı ideal variant kimi qeyd etmişdi ki, hər bir azərbaycanlı diaspor təşkilatlarına üzv olmalı, onların tədbirlərində iştirak etməli, öz dəstəyini verməli, öz köməyini göstərməli və eyni zamanda, diaspor təşkilatları tərəfindən də lazım olanda kömək görməlidir: "Bunu etmək üçün bu təşkilatlar daha da güclü olmalıdır. Mən hesab edirəm ki, ən vacib amillərdən biri diaspor təşkilatlarının birliyidir. Bəzi hallarda bir ölkədə bir neçə diaspor təşkilatı fəaliyyət göstərir, böyük ölkələrdə əlbəttə ki, onların sayı onlarladır. Əksər hallarda cəmiyyətlər arasında əlaqələr sağlamdır. Ancaq elə hallar var ki, orada müəyyən ziddiyyətlər, müəyyən problemlər, anlaşılmazlıq ortaya çıxır. Mən çox xahiş edirəm ki, əgər belə bir hal varsa, buna son qoyulsun. Çünki biz ölkə daxilində də, xaricdə də bir yerdə olmalıyıq. Birlik bizi gücləndirir. Birlik olmasa, biz güclü ola bilmərik".
Beləliklə, xaricdə yaşayan azərbaycanlılar, onların həmin cəmiyyətlərə inteqrasiyası, diaspor təşkilatlarımızın durumu və onların Azərbaycanın dünyadakı mövqeyinin güclənməsi yolundakı fəaliyyətləri ilə bağlı "Bizim Yol"un suallarını, Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılı cavablandırır:
- Azərbaycan dövlətinin başqa dövlətlərlə normal və hətta yüksək əlaqələrinin olmasına baxmayaraq, azərbaycanlıların gedib yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası məsələsində daim sıxıntılarımız olur. Nədir bunun səbəbi?
- Əlbəttə, bu gün azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşayır, fəaliyyət göstərirlər. Qeyd olunduğu kimi, müxtəlif ölkələrdəki azərbaycanlıların yaşadıqları cəmiyyətlərə inteqrasiyası dövrün ən aktual məsələlərindən biridir. Fikrimizcə, inteqrasiya problemini bütövlükdə hamıya aid etmək düzgün olmazdı. Çünki həmin insanların içərisində müxtəlif dövrlərdə mühacirət etmiş adamlar da var. Bilirsiniz ki, son yüz ildə bu və ya digər səbəblərdən ölkəmizi tərk etmiş minlərlə mühacir var. Tarixdən bilirsiniz ki, ötən əsrin əvvəllərində, 1920-ci illərdə, 1937-38-ci illərdə sovet imperiyasının xalqımıza qarşı apardığı repressiyalar nəticəsində, İkinci Dünya Müharibəsindən sonra vətənə geri dönməyən, SSRİ-nin süqutundan sonra minlərlə həmvətənimiz dünyanın müxtəlif ölkələrinə mühacirət ediblər. Buraya 1979-cu il İran İslam İnqilabından sonra mühacirət etmiş cənubda yaşayan azərbaycanlıları da əlavə etsək, görərik ki, əslində bizim böyük diaspor qüvvəmiz var.
Müşahidələrə görə, inteqrasiya probleminə son illərdə mühacirət edən insanlar arasında daha çox rast gəlinir. Bu da əlbəttə ki, insanın bir şəxsiyyət olaraq müxtəlif mühitlərdə formalaşmasıdır ki, onların mühacirət etdiyi cəmiyyətə uyğunlaşma prosesi zaman məsələsidir. Əvvəlki dövrlərdə mühacir olmuş həmvətənlərimizin fəaliyyətinə baxsaq, görərik ki, onlar yaşadıqları cəmiyyətlərə inteqrasiya olunaraq daha çox uğur qazanmış və digərlərinə nümunə olacaq bir istiqamət müəyyənləşdirmişlər. Onların arasında yaşadıqları ölkənin rəhbərliyində təmsil olunan azərbaycanlılar da olmuşdur. Bir məqamı da unutmayaq ki, müasir dünyada mövcud cəmiyyətə inteqrasiya olunmamaq məhvə aparan amildir. Yəni inteqrasiya prosesindən kənarda qalmaq məhvə aparan yoldur.
- Soydaşlarımızın həmin cəmiyyətlərə inteqrasiya olunması ilə bağlı problem daha çox özünü hansı formada büruzə verir?
- Yenə müşahidələrə görə soydaşlarımız təhsil aldıqları və yaşadıqları dövlətlərdə təmasda olduqları insanlarla ünsiyyət zamanı ilkin olaraq Azərbaycanın qlobal problemlərindən danışmamağa üstünlük verirlər. Çünki avropalılar sakit və sabit həyata alışdıqları üçün problemlərdən uzaq durmaq istəyirlər. Mütəxəssislərə görə: "Bunun üçün də ilk olaraq onlarla dostlaşmaq, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəxindən danışmalı, evlərinizə qonaq dəvət etməlisiniz və bu cür yaranan ünsiyyət əsnasında da tədricən onların diqqətini ölkəmizin problemlərinə yönəltməlisiniz".
Bununla bərabər, hal-hazırda xarici ölkələrdə yaşayan soydaşlarımız yaşadıqları cəmiyyətin ictimai, iqtisadi, mədəni, siyasi və digər həyatına fəal şəkildə daxil olmaqla, diasporumuzun ayrı-ayrı ölkələrdə həyata keçirdikləri müxtəlif layihələrinin sayını daha artırmalıdırlar. Ümumiyyətlə, soydaşlarımızın yaşadıqları ölkələrin parlamentlərində, dövlət və hökumət strukturlarında təmsil olunması kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi də zəruri addımlardan olmalıdır. Onu da nəzərə almaq lazımdır ki, azərbaycanlılar yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiya etməklə, dilini və milli kimliyini də qorumalıdır. Dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, hər bir azərbaycanlı maksimum dərəcədə çalışmalıdır ki, yaşadığı ölkənin dəyərli vətəndaşı olsun. Bu da əlbəttə, həmin insanların timsalında dünyada bir millət olaraq azərbaycanlılar haqqında ictimai fikrin formalaşması ilə nəticələnir.
- Dövlət bu problemin həlli üçün nələr etməlidir?
- Əlbəttə, dövlət bu prosesdə mümkün qədər kömək etməyə daim səy göstərir. Təqdirəlayiq bir haldır ki, dövlətin "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanunu və bu qanunu icra edən xüsusi orqanı var. Dövlət Azərbaycanın təbliğ olunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində diaspor təşkilatlarının təşəbbüslərini alqışlayaraq, onların müxtəlif layihələr keçirmələrinə dəstək nümayiş etdirir. Və inanırıq ki, bundan sonra da davam etdirəcəkdir. Düşünürəm ki, bütün problemlərin həllini dövlətin üzərinə yıxmaq düzgün olmazdı. Çox məsələlər bir fərd olaraq insanların özlərindən asılıdır. Onlar müəyyən aktual təşəbbüslərlə çıxış etməli, dövlət də qeyd etdiyimiz kimi, bu təşəbbüsləri dəstəkləməlidir, necə ki, dəstəkləyir.
(Davamı gələn sayımızda)
ÜMİD