Rübabə Sahib: “Ədəbi nailiyyətlərin dünyaya inteqrasiyası, həmin ədəbi nailiyyətin məzmununun dünya oxucusunun İQ səviyyəsi ilə balanslaşmasından asılıdır”
Ədəbiyyat sərhəd tanımaz, heç bir ölkənin hüdudları ilə kifayətlənməz. Onu qəfəsə salarsan, boğular və gec-tez bu qəfəsin dəmir barmaqlıqlarını sındırıb, bütün dünyanı ağuşuna alar. Hər bir millətin dünya xalqları arasındakı çəkisi, həm də öz söz adamlarının qələm gücü ilə ölçülür. Yazar öz əsərləri ilə vətənini dünyaya tanıdar və əcnəbi oxucunu öz əsərlərinin izi ilə ölkəsinə çəkib gətirər.
Nəticədə dinindən, dilindən, irqindən, milliyətindən asılı olmayaraq, bir inteqrasiya prosesi başlayar. Mədəni inteqrasiya siyasi-iqtisadi inteqrasiyalara yol açar. İnsanların yaxınlaşması millətlərin, xalqların yaxınlaşması dövlətlərin yaxınlaşmasına rəvac verər.
Azərbaycan müstəqillik qazandıqdan sonra dünya birliyinə inteqrasiya yolunu tutdu, müxtəlif beynəlxalq təşkilatlara üzv oldu, xarici dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələr yaratdı. Bu prosesdə ədəbi-mədəni münasibətlərin də rolu az olmadı. Ədiblərimizin üzünə əcnəbi ölkələrin qapıları açıldı, intensiv gediş-gəliş yarandı, qarışıq yaradıcı mühitlər ortaya çıxmağa başladı. Beynəlxalq ədəbi-bədii, elmi-mədəni konfranslara Azərbaycanın söz adamları qatıldı, getdikcə bu proses dərinləşdi və bir müddət sonra ölkəmiz belə tədbirlərə ev sahibliyi etməyə başladı.
Beləliklə, "Bizim Yol" əməkdaşı Azərbaycan və dünya ədəbiyyatı, qarşılıqlı faydalanmalar, ədəbi-mədəni inteqrasiya, ədiblərimizin əcnəbi həmkarları ilə, ədəbi qurumlarımızın başqa ölkələrdəki anoloji birliklərlə əlaqələri və digər mövzular ətrafında, yazar-publisist, tənqidçi Rübabə Sahiblə həmsöhbət olub. Müsahibəni təqdim edirik:
- Rübabə xanım, klassik Azərbaycan ədəbiyyatı poeziya, Qərb və rus ədəbiyyatı isə daha çox nəsr janrı üzərində qurulub. Bu günkü fərqlərimiz nədən ibarətdir?
- Demək olar ki, tarix təkrarlanır. Bu gün də Azərbaycan ədəbiyyatında poeziya örnəkləri daha çoxdur. Lakin bu nəsrin inkişafını kölgələmir. Xarici ədəbiyyatda da ədəbi yük yenə nəsrin üzərindədir.
- Ədəbiyyat heç bir ölkənin sərhədləri daxilinə sığmayacaq qədər böyük bir sahədir. Klassik ustadlarımızın nəzərdə tutmadan, son 25 ildə hansı ədiblərimizi dünyaya tanıda bilmişik və hansı ədiblərimiz Azərbaycanı dünyaya tanıda bilib?
- Siz təxminən 90-cı illərdən sonranı nəzərdə tutursunuz zənnimcə. 80-ci illər ədəbiyyatımızın ərəfə dövrü kimi qiymətləndirilir. Məhz bu dövrdən sonra, daha dəqiq desək, 70-90-cı illərdə ədəbiyyatda söz və fikir azadlığı, milli-ictimai istiqlal uğrunda ədəbi mübarizə, eyni zamanda ədəbiyyatın dünyaya inteqrasiya, qloballaşma meylləri gücləndi. Və təbii ki bu, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, F.Sadıq, Cabir Novruz, Məmməd Araz, Fikrət Qoca, İlyas Tapdıq, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Zəlimxan Yaqub, eləcə də nəsrdə Elçin, Anar kimi ədiblərimizin, eyni zamanda rus dilində yazıb-yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Natiq Rəsulzadə və b. yazıçıların yaradıcılığından ana xətt kimi keçirdi.
Lakin sizin sualınızda iki məqam var: birincisi ədəbiyyatın öz ədibini tanıtması, ikincisi yazıçının, şairin öz vətənini dünyada tanıda bilməsi. Birinci halda tanıtım elmi-texniki, mədəni inkişafa bağlıdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonrakı mədəniyyətin, incəsənətin, elmin inkişafı ilə Elçin, Anar, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Rəşad Məcid və başqa qələm sahiblərinin fəaliyyəti ölkə hüdudlarını aşdı. Elçinin "Mahmud və Məryəm" romanı əsasında film çəkildi və bir neçə dilə tərcümə edilərək ekranlaşdırıldı, eləcə də Anarın "Beşmərtəbəli binanın altıncı mərtəbəsi" əsəri "Təhminə və Zaur" adlı ekran ömrü qazandı və bütün türk və Avropa ekranlarında yayımlandı. Zəlimxan Yaqubun şeirləri türk dünyasını qarış-qarış dolaşır, Rəşad Məcidin "10 sentyabr" hekayəsi 10-dan çox dilə tərcümə olunub, eyni zamanda "Çiyələk qadın" kitabı İtaliyada tərcümə olunaraq nəşr edilib.
Belə nümunələrin sayını kifayət qədər artıra da bilərik. Bir məqamı vurğulamalıyam ki, bu hələ ədəbiyyatın öz ədibini tam olaraq tanıtması deyil. Belə ki, Azərbaycanın unitar, demokratik, əlavətən humanist bir dövlət olaraq Yaxın Şərqdəki güclü inkişafı elmin-sənətin yüksəlişinə təkan verir, ədəbiyyatın özünü sübutuna imkan yaradır. Bununla belə, ədəbiyyatın ənənəvi zənginliyi bu günün ədibinin novatorluğu, yaradıcı təxəyyülü və elmi-biliyi ilə sintezləşdiyi zaman sizin sualınızdakı ikinci məqam özünü doğruldur, yəni sənətkar ədəbiyyatı tanıdır. Məsələn, günümüzdə Ç.Abdullayevin dedektiv əsərləri bestsellerlik qazanıb.
- Get-gedə qloballaşan və sərhədlərin aradan qalxdığı dövrdə yaşayırıq. Necə düşünürsünüz, müstəqil Azərbaycan öz elmi-ədəbi nailiyyətləri ilə dünya inteqrasiya oluna bilibmi?
- Əvvəlki sualınızda bununla bağlı bir az açıqlama vermiş oldum, məncə. Daha detallı izah üçün deyə bilərəm ki, ədəbi nailiyyətlərin dünyaya inteqrasiya olunması həmin ədəbi nailiyyəti təşkil edən materialın ideya-bədii dəyəri, quruluş mexanizmi, məzmun dili, estetik romantikası, etik libası bu günün oxucusunun İQ səviyyəsi (mental düşüncəli dünyaca oxucuları nəzərdə tuturam) ilə balanslaşmağından asılıdır. Dəqiq desək, maraq (ədəbi dəyər) oxucuya sərhədləri qırıb o nailiyyətləri tanıtdırır.
- Hazırda ölkədə gənc yazarlarımız yeni bir dönəm açdıqlarını bildirir və vahid mövqedən çıxış edirlər. Bəs onların beynəlxalq ədəbi qurumlara açılımı hansı həddədir? Tutaq ki, hansı ədəbi birliyimiz dünyanın hansı anoloji qurumu ilə əməkdaşlıq edir?
- Mütəşəkkil bir başlanğıc olmasa da, ədəbiyyatda yeni bir mərhələ hiss olunur. Bu mərhələ essenin digər nəsr növlərini üstələməsi, dolayısı ilə onlara təsir etməsi, poeziyada isə mental fəlsəfənin romantikanı, duyğusallığı arxa fona atmasıyla özünü göstərir. İnanıram ki, son onillikdə ədəbiyyatda başlanan yeni nəfəs 2020-ci ildə yeni bir ədəbi cərəyan və ədəbi məktəblə möhürlənəcək ədəbiyyatşünaslıqda. Bu gün İ.Yaşarın şeirləri və Sərvər Kamranlının hekayə və şeirləri özbək dilinə tərcümə olunursa, Elməddin Nicatın səsi zaman-zaman qardaş Türkiyədən gəlir. Eləcə də K.Böyükçöl, Q.İman, A.Evren , R.Qərib Alagöz, R.Mərzili, T.Mansur, G.Səma, G.Həsənli, Ş.Vəli, E.Piri, X.Rza, R.Dost Əli və digər qələmdaşlarımız müxtəlif ədəbi qurumlarda tanınırlar və ciddi fəaliyyət göstərirlər. AYB-nin "Gənc ədiblər məktəbi" ötən il ikinci dəfə məzunlarını diplomla təltif edib xeyir-dualarını verdi. Yazıçılar birliyi "AYB kitab layihəsi" çərçivəsində gənc qələmlərin əsərlərini nəşr etməklə bərabər, onların təqdimatını da təşkil edir. Hətta bəzi əsərlərin rus, ingilis, türk və digər dillərə tərcümə olunmasına da şərait yaradır.
- Azərbaycan Yazıçılar Birliyinin hansı beynəlxalq əməkdaşlıqları var?
- AYB-nin hansı beynəlxalq əməkdaşlıqlarının olduğunu dəqiq, əhatəli şəkildə deyə bilməsəm də (yaxşı olar ki bunu AYB-dən dəqiqləşdirəsiniz), bütünlükdə türkdilli ölkələrin hər biri, eləcə də Gürcüstan, İran və başqa ölkələrin yazıçılar ittifaqları ilə qarşılıqlı əməkdaşlıqları var. Ən son Türkiyədə elm və ədəbiyyat əsəri sahibləri məslək birliyi olan İLESAM-la ortaq müqaviləsi çərçivəsində oktyabr ayında Azərbaycanda və noyabrda Türkiyədə "mahnıdan-şarkıya" konsert proqramı keçirildi. Layihə çərçivəsində altı azərbaycanlı şairin şeirinə altı türk bəstəkarı mahnı bəstələmişdi və əksinə, 6 türk şairinin şeirinə 6 azərbaycanlı bəstəkar mahnı bəstələmişdi. Bu ədəbi-bədii layihə digər türk dövlətləri ilə də davam etdirilməkdədir. AYB-nin bu kimi əməkdaşlıqları ildən-ilə artmaqdadır.
ÜMİD