Bu yeni il əvvəlkilərdən fərqlənəcək deyəsən, bunu hətta mənim balaca oğlum da artıq başa düşüb. Bu günlərdə təntənəli şəkildə elan elədi ki, Şaxta Babaya yazdığı məktubu bu dəfə bizə göstərməyəcək. O, qəti qərara gəlib, görsün bu sehirli baba həqiqətən varmı, yoxsa hər il başını aldadıb onun yerinə hədiyyələri biz alırıq. Deməli, onun üçün də sehir bu ilin sonu bitəcək. Bu ilin sonu millətin gələcəyə ümidlərinin böyük hissəsi öləziyib yox olacaq. Ümidlərsə həmişə maddi durumla bağlı olmur.
Yeni il gecəsi yaxınlaşır. 2016-cı ili hərə bir cür gözləyir - kiminsə işi başından aşır, bu barədə düşünməyə vaxtı yoxdu, kimsə bayrama qədər günləri sayır, kimsə devalvasiyaya baxmayaraq pul kisəsinin dibini siyirib bayrama yeni libas axtarışını bir az da intensivləşdirib. Amma əksəriyyəti kədərlidir. Maddi durumunda dəyişiklik olmayanlar da, manatın məzənnəsi biznesini darmadağın edənlər də, hətta prosesdən qazancı olanlar da az qala eyni dərəcədə məyusdur. Gələn il qaranlıq görünür, onsuz da aydın olmayan gələcəyimizdə daha bir çətin il gözlənilir. İqtisadçılar nə deyir, desin, astroloqlar nə proqnozlaşdırır, qoy eləsin, gələn il işıqlı olmalıdır! Axı işıqlı olmasa özümüzü məşələ çevirib yandırmalıyıq.
Çox güman ki, yeni il həmişəki qaydada, eyni vaxtda gələsidi. Deməli, tezliklə ilin ən sehirli gecəsində yenə də heç nə sehirli bir şey baş verməyəcək, həmişəki kimi. Yeni ilin bizim bayram olmadığını deyən müsəlmanlar, İsa Məsihin zühuruna inanan xristian dünyasının yaratdığı bayram abu-havası ilə dolanaraq (filmlərə baxacağıq, uşaqları bayram toplantısına aparacağıq, bəlkə özümüz də bir qədər atılıb düşdük), Çin təqvimində yaşayıb yeni ildə dinlərdən qabaqkı əski inanclara uyğun yolka ağacını evində bəzəyərək bayramı gözləməyindədir. "Nə qədər ki, millət piştaxtalardakı sonuncu ərzağı alıb aparmayıb, həm də növbədə çox dayanmamaqçün indidən bazarlıq eləyib qoyaq" deyə eyni zamanda fikirləşən bütün şəhər əhalisi marketlərə cumdu.
Devalvasiya prosesindən asılı olmayaraq evlərdə yolkalar qurulub bəzənməkdədir. Bu kiçik ailə tədbirində hər şey əvvəlki qaydada gedir. Böyüklər əvvəl quraşdırmaq istəmir, balacaların boynuna atır, sonra balacalar həvəslə işə girişəndən sonra oyuncaqları əllərindən alır və özləri asmağa başlayır. Tədricən qışqırıq və çığırtılar, bəzi evlərdə ağlaşmalar artaraq bütün şəhərin narahatlıq fonuna qarışır. Prosesdə "Düz as", "Görmürsən əyridi?!", "Şarı hara soxuşdurursan?", "Partladacaqsan indi!", "Korsan, görmürsən oyuncaq bura heç yaraşmır!", "Üstümə çığırma!", "Zəhrimara qalmış bayram, bircə qurtarsaydı" səslənir və "Gələn il əlimi də yolkaya vurmayacam!" kulminasiyası ilə bitir. Nəticədə yolka bəzənir və adətən sonunda hamı göyçək yolkanın işıqlarına baxıb gülümsəyir. Yeni il bayramını yarım kilo konfet və yolkadan asılmış almalarla qarşılamağı artıq heç kim xatırlamır.
Şəhər kədər içindədir, narahatlıq bayramı korlayacaq - deyə fikirləşənlərin özü də il təhvil olan gün bədniyabətlik eləməyəcək. Heç olmasa şənlik görüntüsü yapacaqlar, yəqin. Hər şey hind filmlərindəki kimi olsaydı, nə vardı ki. Problemlərimizi rəqsvari, ləzginka, yaxud qaytağı ritmində, ya da uzaqbaşı muğam üstündə həll edərdik, çıxıb gedərdi. Ayağını yerə çırpırsan, topuğundakı zınqırovlar cingildəyir və dağların başındakı qarlar, budaqlardakı topa-topa sırsıralar titrəyib yerə tökülür. Məcazi mənada bunu dolların kursunun aşağı düşməsi kimi təsəvvür etmək olar. Ya da itirdiklərini xatırlayıb zilə çıxırsan, zəngulə vurub qurd kimi (it kimi yox aaa) ulayırsan, qədimliyini, türklüyünü bir daha xatırlayırsan, bütün dünyanın səndən necə qorxduğunu təsəvvür edirsən, onda problemlər uzaqlaşıb lap okeanın o tayına qədər səndən aralana bilir. "Hər şeydə Amerikanın barmağı var" deyib artıq sayıqlamırsan. Belə ənənəvi yolla sən olayların əsl günahkarlarını axtarmaqdan şüurlu şəkildə imtina edirsən. Müdrik olursan, fəlsəfi düşünürmüş kimi, ağllı görünürsən. Bizdən bir az aralı, üzü günəşə doğru Şərq müdrikləri buna gözəl tərtibat da verə bilir və bu kəlamlar kölgələr süründükcə bizə də "Şərq prtiçaları" şəklində gəlib çatır: "Əgər həlledilməz problemin varsa ora-bura qaçma. Otur axar su kənarına və düşün. Bir də görəcəksən ki, düşməninin meyiti üzə-üzə qarşından keçəcək”¦"
Odur ki, bayram günü televizorun qarşısından çəkilməyin. Günahkarları bir-bir sürüyüb çıxaracaqlar bu sehirli qutuya. Yeməyini ye, Allah verəndən və müdrik görkəm almağı da unutma, əlbəttə ki. Yerdə qalanı düzələr, ya da düzəldərlər. Bir qamçı çək təzə ilə, gözünün odunu al. Haydı, 2016, yarı yolda qoyma bizi!