Layihə gənclərdə həm ekoloji mədəniyyəti inkişaf etdirmək məqsədi daşıyıb
(Əvvəli ötən sayımızda)

Heydər Əliyev Fondunun dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən 2013-cü ilin iyulun 11-dən 15-dək Mingəçevirdə “Təmiz şəhər naminə” IV ekoloji yay məktəbi təşkil olunub. Yay məktəbi tullantıların idarə olunması sahəsində gənclərin maarifləndirilməsinə, onların ekoloji mədəniyyətlərinin artırılmasına xidmət edirdi.
Məktəbdə 50 tələbə tullantıların idarə olunması sahəsində əsas anlayışlar, tullantıların növləri, onların idarə olunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələniblər. “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən iştirakçılara ölkəmizdə tullantıların idarə olunması sahəsində əldə edilən nailiyyətlər, bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları, Balaxanı Sənaye Parkı və gələcək layihələr haqqında məlumat verilib.
Məktəbin təlim-tədris hissəsində mütəxəssislər tərəfindən tələbələr üçün mühazirələr keçirilib, ekoloji mövzuda debatlar təşkil olunub. Gənclər üçün müxtəlif komanda oyunları, intellektual və ekoloji yarışlar da keçirilib. Sonda yay məktəbinin iştirakçılarına “Təmiz Şəhər” ASC tərəfindən sertifikatlar verilib.
Buzovna çimərliyində təmizlik aksiyası
2013-cü ilin sentyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Beynəlxalq Xəzər həftəsi” çərçivəsində “Təmiz Şəhər” ASC tərəfindən növbəti iməcilik aksiyası keçirilib. “Təmiz Şəhər” ASC ənənəvi olaraq ildə 2 dəfə - çimərlik mövsümündən əvvəl və sonra təmizlik aksiyaları təşkil edir. “Təmizlik naminə!” şüarı altında keçirilən budəfəki aksiya çərçivəsində Buzovna çimərliyinin sahili müxtəlif tullantılardan təmizlənib.
Aksiyanın məqsədi ictimaiyyətin diqqətini çimərliklərin zibillənməsi probleminə cəlb etmək və təbiətə ziyanın mümkün qədər azaldılmasıdır. İməciliyə 150-yə yaxın könüllü qoşularaq çimərliyi plastik qablardan, kağız, karton və digər məişət tullantılarından təmizləyiblər. Buzovna çimərliyinin təmizlənməsi nəticəsində toplanmış tullantılar Balaxanı şəhər tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
Gənclərin diqqətini tullantıların idarəedilməsi sahəsinə yönəltmək
Yenə həmin ilin oktyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda gənclər arasında veloyürüş təşkil olunub. İki mərhələdən ibarət veloyürüşdə 50-yə yaxın gənc iştirak edib. Velosipedçilər Qala Tarixi-Etnoqrafiya Muzeyinin qarşısından yola çıxıb və qəsəbə ərazisində təyin olunmuş marşrut üzrə hərəkətlərini davam etdiriblər.
Veloyürüş bitdikdən sonra isə açıq havada iştirakçılar üçün gəzinti təşkil edilib, onlara çöl şəraitində sağlam qidalanma ilə bağlı təlim keçirilib. Gəzinti zamanı ətraf mühitin təmiz saxlanılması və tullantıların idarə edilməsi barədə söhbət aparılıb. Sonra gənclər ərazini tullantılardan təmizləyiblər.
Aksiya gənclərin diqqətini tullantıların idarəedilməsi sahəsinə bir daha yönəltmək, eləcə də sağlam həyat tərzini təbliğ etmək, insanları ekologiyaya vurulan ziyanın mümkün qədər azaldılmasına çağırmaq, eyni zamanda, gənclərdə həm ekoloji, həm də piknik mədəniyyətini inkişaf etdirmək məqsədi daşıyır.
Uşaqların ikinci beynəlxalq konfransı
2013-cü il noyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində Qala qəsəbəsində “Yenidən istifadə et. Azalt. Çeşidlə.” (“Reuse. Reduce. Recycle.”) şüarı altında uşaqların ikinci beynəlxalq konfransı öz işinə başlayıb. Qeyd edək ki, 15 noyabr - Tullantıların Çeşidlənməsi Günüdür.
Tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, Ukrayna və Özbəkistandan ekologiya və ətraf mühit sahəsinə maraq göstərən şagirdlər iştirak edirlər. Üç gün davam edən konfransın keçirilməsində məqsəd uşaqların ətraf mühitin mühafizəsində iştirakı, onlara tullantıların düzgün zərərsizləşdirilməsi metodlarının öyrədilməsi, eləcə də məişət tullantılarının çeşidlənməsi, təbii ehtiyatlara qənaət mövzularında müzakirələrin aparılması və bununla da məlumatlılıq səviyyəsinin artırılmasıdır. Müxtəlif ölkələrin məktəbliləri arasında tullantıların idarəolunması sahəsində bilik mübadiləsinin aparılması da konfransın əsas hədəflərindən olub.
Beynəlxalq konfransda qeyri-ənənəvi təhsil metodlarından da istifadə olunur. Konfransın sessiyaları və panel diskussiyaları tamamilə uşaqların özləri tərəfindən təşkil edilir. “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri və müstəqil ekspertlər tərəfindən müzakirə xarakterli seminarlar keçirilir.
(Davamı gələn sayımızda)
ÜMİD