Təcrübəli jurnalistlər mövzunu bir ara içində gəzdirir. Bəsləyir, gözəlləşdirir, mənalandırır və ola bilər ehtiyac duyduğu, yaxud durğunluq məqamlarında yazıya alıb ortaya çıxarır. Kimsə etiraz edər ki, jurnalist mövzunu gəzdirməli deyil, dərhal yazıb ictimailəşdirməlidir. Jurnalistika çevik olmalıdı, ədəbiyyat deyil ki. Məndə isə tamam fərqlidir. Mütəmadi mütaliəm olduğundan qarşıma çıxan qiymətli informasiyaları fayllara ayırıb, ad verib saxlayıram. Bu balaca informasiya düyünçələrimi yığdığım qovluğu "yazmaq istədiklərim" də adlandıra bilərəm. Zaman-zaman onları yazıya çevirirəm. Bəzi fayllar illər uzunu gözünü mənə dikib qəzetdə, ya da saytda, sonra oxucunun gözündə parlayacağı günü gözləyir.
Həmin bu qovluqda hansısa çər dəymiş məşhur aktyorun it ilində dilindən sürüşüb düşən bir sözündən tutmuş dünya miqyasında şok xəbərlərə, kosmosun ənginliklərindən xəbərçilik edən yazılardan qonşunun evində axıdan su kranına qədər müxtəlif növ xəbərciklər var. Cəmiyyətdə qovğalar artdıqca ola bilər kimsə həmin yazılara ehtiyacın artdığını ehtimal edə bilər. Amma əksinəsi baş verir. Mənim sevimli qovluğum, bir növ "çörək ağacım" tədricən "yazmaq istəmədiklərim" kateqoriyasına keçir. Bu yaxınlarda, sentyabrın 26-da, ümumdünya kontrasepsiya günündə oxucunu qədim kontraseptiv vasitələrin təsnifatı ilə şoka salmaq şansını bilərəkdən ötürdüm. Qədim Misirdə qadınların uşağa qalmamaq metodlarından, Orta əsrlərin bicliklərindən, fransız xanımlarının təcrübəsindən, Qədim Yunanıstan xanımlarının qurğuşun qatqılı vulkan suyu içməsindən yazacaqdım. Axı heç kim bilmir ki, 60-cı illərdə Amerika qadınları Koko-Kola ilə yuyunmaqla gözlənilməz hamiləlikdən qorunurmuş. Bütün bunları yazmadım, çünki onsuz da başımıza un kimi ələnən ədəbsizlik fonuna bir zərrə də yenilik vermək istəmədim. Amma yazsaydım oxunardı, şübhə etməyə bilərsiz.
Məlum statistika var, yazıda "ayıb" kateqoriyasına salına biləcək mövzular bol olduqca oxucunun marağı bir o qədər çox olur. Bu, təkcə bizdə belə deyil, insanın mahiyyətində duran bu cəhət bütün millətlərdə var. Məsələn, ingilis tənqidçisi, leksikoqrafı, "Britannik" ensiklopediyasının dəyərləndirməsinə görə ingilisdilli ölkələrdə savadlı danışma termininin sinonimi kimi qəbul edilmiş Semuel Consonu götürək. 18-ci əsrdə o, ilk lüğətini çıxarandan sonra yanına cəmiyyətin seçmə, hörmətli ingilis xanımlarından ibarət bir nümayəndə heyəti gəldi. Onlar müəllifi tərifləyib dedilər ki, halal olsun, onun lüğətində bir dənə də söyüş və biədəb ifadə yoxdur. Consonun cavabı isə belə oldu: "Necə də xoşdur, siz bütün biədəb sözləri bir-bir mənim lüğətimdən axtarmısız".
Ona görə də dünyanın bir yarısı bir-birinin ətini didirkən, o biri yarısı dəli kimi isterik şəkildə sevişirkən mövzu seçimində problemlər olmamalıdı. Qandan da yazanda oxunur, sevgidən də. Necə ola bilər ki, bir ölkə qan çanağına dönərkən, qonşu ölkə silah-sursatını qoltuğuna vurub araya soxularkən, üçüncü tərəfin ara qatmasını, kənarda durub ləbbeh deyən ölkələrin özünü tində oturan cığal uşaqlar kimi aparmasını izləyən adam yazmağa mövzu tapmasın?! Yəni nardaranlı qadınların çığırtılı videolarını, dəmir döyəcləməklərini, kişilərin mənası bilinməyən uymuş gözlərindəki ifadəni, meymun balası kimi çığırıb maşına cummalarını, ekstaz "rəqs"lərini gözdən keçirib yağlı bir köşə cuppuldatmaq olmazdı ki?! Belə xəbərlər heç "yazmaq istədiklərim" qovluğuna düşməyə də layiq görülmür.
Yığdığım informasiyalar yazmaq istəmədiklərim kateqoriyasına keçdikcə "yazmaq nəyə lazımdı ki?" sualı həmişəkindən tez-tez beynində tüğyan eləyir. Bəlkə də bu, şəxsi psixoloji problemlərdən danışır. Bəli, mənim bəzi işlərə artıq səbrim çatmır. Təkəbbürlü olduğuma görə deyil, vaxtımı və gücümü mənə ağrı verən, incidən məqamlara sərf etmək istəmədiyimə görə. Yekəbaşlığı da götürmürəm, yaltaqlığı və yarınmağı da. Artıq o yaşdayam ki, məni bəyənməyən, sevməyən adamların xoşuna gəlməkçün çalışmaq istəmirəm. Yalan deyən və məni azdırmağa çalışanlara qarşı kor və kar oluram. Niyə də olmasın, ikiüzlü, ədalət hissi barədə yalnız kitablarda oxumuş, dedi-qodu yapanların içində nə işim var bəyəm? Kifayət qədər vəfalı ola bilməyən dostları da, sevgiləri də bir saniyəyə silib atacaq qədər özümü güclü duyuram. Qandan, qırğınlardan da yazmaq istəmirəm, orqazmdan və ləzzətdən də. Bəzən darıxdırıcı insanlarla olmaqdansa heyvanlarla əylənməyi, bitkilərlə ruhi rahatlıq yaşamağı üstün sayıram. Siz də mənimlə eyni vibrasiyadasızsa, duyduqlarımız üst-üstə düşürsə demək yazdıqlarım təkcə mənim durumum deyil, cəmiyyətin kütləvi şəkildə hiss etdiklərinin məcmusudur. Bir qədər kədərli səhnədir”¦
Yazmaq istəmədiklərim isə yaşamaq istəmədiklərimdən daha çoxdu.