Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsinin müzakirəsi davam etdirilir. Maliyyə naziri Samir Şərifov deputatlara məlumat verib ki, büdcənin gəlirləri ÜDM-in 25,2%-i olmaqla, mütləq ifadədə 14,566 mlrd. manat nəzərdə tutulub. Bu, 2015-ci ilin göstəricisindən 4,872 mlrd. manat və ya 25,1% azdır.
Nazirin sözlərinə görə, gəlirlərin 46,5%-i və ya 6,773 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək: "2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək. 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1 mlrd. 590 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir"-deyə S.Şərifov vurğulayıb.
Başa çatmaqda olan böhranlı 2015-ci ilin təcrübəsi göstərir ki, büdcə ilə bağlı proqnoz rəqəmlərin özünü doğrultması kifayət qədər risklidir. Neftin qiymətinin kəskin ucuzlaşması, ölkədə iqtisadi fəallığın azalması, bank sektorunda, ticarətdə meydana çıxan problemlər, iş yerlərinin bağlanması hökumətin çox çətin şəraitdə işləyəcəyindən xəbər verir. Artıq Prezident İlham Əliyev 2016-cı ilin asan olmayacağını bəyan edib. Dövlət başçısı hökuməti böhran situasiyasına uyğun olaraq qənaət rejiminə keçməyə çağırıb.
Beynəlxalq şirkətlərin, bankların, neft kompaniyalarının rəyinə görə 2016-cı ildə neftin qiymətləri 50-55 dollar səviyyəsində qalacaq. Azərbaycan hökuməti də neftin büdcə qiymətini 50 dollar/barel səviyyəsində götürüb. Problem yaradan əsas məsələ ölkənin neft gəlirlərindən kəskin şəkildə asılı olmasıdır. Neft sənayesi ölkənin valyuta gəlirlərinin 90 faizdən artığını təmin edir. Azərbaycanın xarici ticarətində də neft və neft məhsulları mütləq paya malikdir. Bu strateji məhsula görə Bakı və Abşeron iqtisadi rayonu büdcə gəlirlərinin 97 faizini təmin edir.
2015-ci il təcrübəsi göstərdi ki, neft gəlirlərinin azalmasını indiki imkanlarla kompensasiya etmək mümkün deyil. Ona görə də qısa müddətdə ölkə iqtisadiyyatında durğunluq və tənəzzül başlayıb. Konkret olaraq;
- Əhalinin məşğuliyyətini təmin edən dövlət investisiyaları məhdudlaşıb. Bu da kütləvi işsizliyə səbəb olub
- Milli valyuta 33 faiz civarında devalvasiyaya məruz qalıb. Bu da əhalinin, bankların və dövlətin böyük həcmdə borclanmasına, öz öhdəliklərini yerinə yetirməsində ciddi problemlərə yol açıb.
- Ölkənin valyuta ehtiyatları kəskin şəkildə azalıb. Mərkəzi Bank rezervlərinin 55 faizni itirib, Dövlət Neft Fondu da milyardlarla dollar zərərə məruz qalıb
- Əhalinin məşgulluğunun təmin olunmasında müstəsna yer tutan ticarət, tikinti sektoru can üstündədir.
- Əhalinin gəlirləri, ölkədə pul dövriyyəsi azalıb. Çünki həm dövlət tərəfindən bazara buraxılan vəsait, həm də Rusiyadan göndərilən pullar 50 faizdən çox məhdudlaşıb.
- Bank sektorunda böyük problemlər yaranıb, bir neçə böyük kommersiya qurumunun iflic duruma gəlməsi əhalinin bu sektora inamını azaldıb. Ona görə də əhali banklardakı depozitlərini dollarlaşdırmaqla kifayətlənmir, bir hissəsini çıxararaq xaricə aparır. Mərkəzi Bankın rəsmi məlumatına görə, təkcə ötən ay depozitlərin miqdarı 280 milyon manat azalıb. Bu faktor milli valyutanı təzyiq altında saxlamaqla yanaşı ölkədə iqtisadi fəallığın daha da azalmasını şərtləndirir.
2016-cı ildə yuxarıda sadalanan problemlərin daha da dərinləşməsi gözlənilir. Xüsusi ilə dövlət investisiyalarının məhdudlaşdırılması kütləvi işsizliyə yol açacaq. Hökumətin böhranın zərərlərini necə kompensasiya edəcəyinə gəlincə, Prezidentin Nazirlər Kabinetinin müşavirəsində qaldırdığı məsələlərə diqqət yetirmək gərəkdir. Dövlət başçısı sahibkarlığa qarşı yaradılan problemlərin üzərində ciddi dayanıb, eyni zamanda monopoliyanın, inhisarçılığın, dövlət qurumlarının özəl sektor subyektlərinə əsassız müdaxilələrinin dayandırılmasını tələb edib. Bununla yanaşı dövlət başçısı hökumət strukturlarını dövlət vəsaitlərinə qənaət etməyə çağırıb.
Sahibkar, fermer digər məhsuldar qüvvələr, onların əlində olan kapital ölkədə iqtisadi fəallığı stimullaşdıran başlıca faktorlardır. Ölkənin post-neft strategiyası sahibkarların üzərində qurulub. Amma təəssüf ki, Prezidentin də dediyi kimi, dövlət qurumları müxtəlif qanunsuz üsullarla ölkənin iqtisadi rifahını çiyinlərində saxlayan sahibkarları məhv etməyə çalışır. Bu tendensiya böhranlı 2016-cı ildə daha ağır nəticələrə gətirib çıxara bilər. Ona görə də hökumətin qarşısında təcili islahatlar vəzifəsi durur;
- Prezidentin sadaladığı problemlərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır. Ölkənin iqtisadi inkişafını sabotaj edən məmurlar cinayət məsuliyyətinə cəlb olunmalıdır.
- Monopoliya aradan qaldırılmalı, inhisarçı şirkətlərə qarşı qanun çərçivəsində tədbirlər görülməlidir. Rəqabət Məcəlləsi nəhayət qəbul edilməlidir.
- Biznesi,sahibkarlıq fəaliyyətini mədudlaşdıran bütün bürokratik əngəllər aradan qaldırılmalıdır.
- Hüquqi dövlət prinsiplərinin- qanunçuluğun bərpa edilməsi ölkədə iqtisadi fəallığın bərpasında müstəsna əhəmiyyət kəsb edir. Sahibkara, biznesə, onların yatırdığı sərmayələrə qanunların zəmanəti təmin olunmalıdır. Məhkəmə sistemi rüşvətdən, süründürməçilikdən azad edilib ədalət prinsipinə söykənməlidir. ASAN Xidmətin səlahiyyətləri genişlənməli, bütün dövlət strukturlarını əhatə etməlidir.
- Büdcə xərclərinin səmərəli, şəffaf xərclənməsinə ən yüksək səviyyədə dövlət nəzarəti həyata keçirilməlidir. Əsas yatırımlar, büdcə xərcləmələri parlamentdən, ictimai müzakirələrdən keçməlidir.
- Ən əsası, ölkə vətəndaşında dövlətə inamın bərpasına nail olmaq lazımdır. Bu da, hazırkı böhran şəraitində əhalinin sosial vəziyyətinin pisləşməsinin qarşısını almaq istiqamətində həyata keçirilən tədbirlərdən asılıdır.
Prezident İlham Əliyevin çıxışı bu islahatların həyata keçirilməsi üçün yaxşı zəmin yaradıb. Qalır islahatları sistemləşdirib, proqramlaşdırıb onları icra etmək. 2016-cı ildə sabitliyin qorunub saxlanması bu tədbirlərdən çox asılıdır...