Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısı çərçivəsində, hansı işlərin görülüb? Dövlət bu təbəqədən olan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə nə kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən aşağıdakı məlumatı əldə etdik.
- 2008 ci ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 338,1 milyon manat vəsait sərf edilmişdir (163,1 milyon manat büdcə, 145 milyon manatı Dövlət Neft Fondunun, 30 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti). Bu da 2003-cü ildə (103,4 milyon manat, o cümlədən 53,4 milyon manat (AZN) büdcə, 20 milyon manatı Dövlət Neft Fondunun, 30 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti) qeyd olunan məqsədlər üçün istifadə olunan vəsaitdən 3,2 dəfə çoxdur.
- Ağdam rayonunun ərazisində Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin tikintisi başa çatdırılmış və 17 yanvar 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə həmin kompleksin rəsmi açılışı olmuşdur.
- Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2008-ci il 18 aprel tarixdə Füzuli, Biləsuvar və Beyləqan rayonlarına səfəri zamanı Füzuli rayonunda məcburi köçkünlər üçün yeni salınmış Zobucuq qəsəbəsindəki məktəbin açılışında iştirak və çıxış etmişdir. Görülən işləri yüksək qiymətləndirən ölkə prezidenti elə həmin gün Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə məktəbin açılışında, tarix diyarşünaslıq muzeyində olmuş və məcburi köçkünlərlə səmimi söhbət etmişdir.
- Goranboy rayonu ərazisində Xocalı rayonundan olan məcburi köçkünlər üçün 500 ailəlik 4 yeni qəsəbədən Aşağı Ağcakənd qəsəbəsində - 150 ailəlik, Börü qəsəbəsində - 130 ailəlik, Meşəli qəsəbəsində - 100 ailəlik qəsəbələrin tikintisi başa çatmış, hazırda məcburi köçkün ailələri qəsəbələrdə olan evlərə köçürülürlər. Yuxarı Ağcakənd qəsəbəsində - 120 ailəlik qəsəbənin tikintisi davam edir.
- İstismar müddəti başa çatmış fin tipli qəsəbələrdə, eləcə də ayrı-ayrı şəhər və rayonlardakı məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin, binaların və evlərin layihələndirilməsi və tikintisi ilə bağlı işlərin həyata keçirilməsi üçün MKSİF tərəfindən tender komissiyası formalaşdırılmışdır.
- 983 məcburi köçkün ailəsi üçün İmişli rayonunun ərazisində yaşayış qəsəbəsinin, Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsinə çoxmərtəbəli binaların inşası üçün torpaq sahələri ayrılmış, tikinti üçün layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır.
- Göygöl rayonu ərazisində 26 məcburi köçkün ailəsi üçün evlərin, yol-küçə və elektrik şəbəkəsinin tikintisinə dair podratçı təşkilatla müqavilə bağlanılmış, hazırda tikinti işlərinə başlanılması üçün hazırlıq işləri aparılır.
- Təcili təmirə ehtiyacı olan 130 məskunlaşma obyektinin bir hissəsində təmir işlərinin aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008- ci il 10 iyun tarixli 211s nömrəli sərəncamı ilə sifarişçi təşkilat funksiyaları Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) həvalə edilmişdir. Təmir işlərinin aparılması üçün layihə təşkilatı müəyyən edilmiş və müqavilə bağlanmışdır. Artıq layihə təşkilatı tərəfindən layihə işləri yerinə yetirilmiş, 40 obyektdə təmir işlərinin aparılmasına dair podratçı təşkilatlarla müqavilələr bağlanılmışdır.
- Məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən köçürülməsi ilə əlaqədar Komitəyə 1289 müraciət daxil olmuş, onlardan 927 müraciət qaçqın və məcburi köçkünlərdən, 362 müraciət isə vətəndaşlar tərəfindən daxil olmuşdur. 115 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmiş, köçürülmələrin qarşısı alınmış, vətəndaşlara müvafiq cavablar verilmişdir.
- 392 nəfərə işsiz statusu verilmiş, 401 nəfərə işsizlik müavinəti təyin edilmiş, 281 nəfər qaçqın və məcburi köçkün əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 187 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.
- Dövlət investisiya xərcləri hesabına respublikanın müxtəlif rayonlarında tikintisi yarımçıq qalmış 58 evdə tikinti işləri başa çatdırılmışdır.
- Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2008-ci ildə təsdiqlənmiş 70,0 milyon manat vəsait müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinadarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.