Artıq xahiş edirəm, mənim yaxşılığım üçün bir şeylər fikirləşməyin...
“Bizi birləşdirən dəyər” kimi çıxmasın, deyirdilər guya, 99 birləşdirici rəqəmdir. Məsələn, Xaçmazda qeydiyyatda olub, Bakıda yaşayan Feruz müəllim 99-a sıkı-sırlam sarılarsa, onun maşınına ölkənin heç bir nöqtəsində (hətta paytaxtda da) “gözün üstdə qaşın var” deyən olmaz. Haqq üçün, eləydi də. İnsafən, əvvəllər heç 31-ə, 35-ə, 58-ə, nə bilim 85-ə də yan baxan yox idi. Onlar da bütün normal insanlar kimi, şəxsi arabaları ilə ölkəni başdan-başa dolaşa bilirdilər. O ki qala bizi birləşdirən rəqəm ola...
Və günlərin bir günü qəfildən kiminsə ağlına gəldi ki, “ə nolsun e, dünyada analoqu olmayan qərar olacaq, gəl bu gəlmələri Bakıya buraxmayaq. Çünki yaxşılıqlarına edirik. Zatən, gecə səhərədək yatmayıb, onların yaxşılıqlarını düşünürük”. O qədər həssas düşünürlər ki, hətta bizim ziyanımıza olsa belə, ölümcül xəstə olanı “birtəhər göz yumub paytaxta buraxarıq” dedilər.
İşimə 15, ən yaxın metrostansiyaya 10 kilometr məsafədə yerləşən, heç bir infrastrukturu, rəsmi sənədi, normal nəqliyyatı olmayan Abşeron Gənclər Şəhərciyindən borc-xərclə ev alarkən də... yəqin mənim barəmdə düşünmüsünüz ki, niyə günü gündən gözəlləşən paytaxtımızın görməli yerlərindən birini deyil, ilan mələyən Bakı-Sumqayıt yolunu seçdi...? Sağ olun, var olun!
Təbii ki, şəhərin gözəl yerlərindən birində yaşamaq, səhərlər lüks idman zalında tər, axşamlar evimin bir addımlığındakı dəniz sahilində tur atmaq çox gözəldir. Keyfiyyətli qidalar, mümkün qədər avtomobildən istifadə etməmək, evlə iş arasında cəmi 500 metr məsafəni ayaqla qət etmək insan sağlamlığı üçün çooox önəmlidir. Hələ maddi problemlər haqda gecə-gündüz düşünməyin ürəyə necə ziyan olduğunu demirəm (Ki, bu barədə də xüsusi tövsiyyələriniz var). Allah razı olsun!
“Avtomobilsiz həyat”... Gözəl fikirləşmisiz. Təəssüf ki, bu xeyrimi də sonralar - işə-evə marşrutu üzrə 35 kilometr məsafə qət etdikdən sonra anladım (vaxtında şəhərdən ev almadığım üçün çox peşmanam). Neynəmək olar... Keçənə güzəşt deyərlər.
Dünən “VAZ-ın dairəsi”ndə barrikada qurmuş DYP əməkdaşlarının girovuna çevrilərkən (çünki nə irəli buraxdılar, nə geri, baxmayaraq ki, 99-um da yerindədi) nə qədər uzaqgörən olduğunuzu bir daha dərk etdim. Zəhmli polis əməkdaşının əsəbi halda “əgər həqiqətən 15 ildir burada yaşayırsansa, niyə qeydiyyata düşmürsən?” tənəsini də acizanə şəkildə dinlədim. Kaş, vaxtında yenə sizin müdrik məsləhətinizi dinləyəydim - paytaxtdakı gül kimi bahalı, “kupçalı” mənzillər dura-dura, gedib özümü cəncələ salmazdım.
Mən yaxşılıqdan anlamayan bir təbəəyəm. Amma, vallah, neftin qiymətini mən düşürmədim. Acığınızı niyə məndən çıxırsınız? Gedib-döndüyü yol insani standartlara uyğun gələn hansı axmaq, Bakıda maşın sürmək istər? Və ya sayənizdə kolbasa sexinə çevrilmiş ictimai nəqliyyatdan istifadənin daha ucuz başa gəldiyinin fərqində deyilikmi? Fərqindəyik, sadəcə ölmək, ən yaxşı halda hər gün gecikəcəyimiz işdən qovulmaq istəmirik (ölkədə hər il minlərlə iş yeri açılırkən, bu prosesə çomaq soxmaq günahdır).
Az qala yadımdan çıxacaqdı, hər dəfə belə strateji qərarlar qəbul edərkən, “alternativ yollardan istifadə edin” xəbərdarlığında bulunursunuz axı. Dünən “VAZ-ın kruqu”nda yolumu kəsən polis qardaşımla birgə nə qədər axtardıqsa, o dediyiniz yolu tapa bilmədik. Dedim, bəlkə BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev o yolun harada olduğunu bilə. Qismətdən, bu dəfə heç onun özünü tapa bilmədik.
Artıq xahiş edirəm, mənim yaxşılığım üçün bir şeylər fikirləşməyin! Evdən çıxıb işə, hətta evdən çıxıb evə gələ bilmirəmsə, yəqin mənim yaxşılığım üçündür. Amma, istəmirəm. Buraxın, özümün tərcih etdiyim pisdən zövq almağa çalışım. Ala-balamın canı, düz sözümdür...