Məktəbdə bizə riyaziyyatı başa salarkən əvvəl sıfırdan sonrakı müsbət tərəfi göstərirlər. O vaxt say 1-dən başlayırdı, (sıfırın olması faktını da bir qədər gizləyərdilər), bütün əməliyyatların cavabı müsbət olurdu və sıfırdan sağa doğru irəliləyirdi. Bir qədər sonra bizə sıfırdan sola getməyi anlatdılar. Onda bildik ki, mənfi və müsbəti toplayanda bəzən mənfi nəticə də almaq olarmış. Yəni ki, böyük müsbət nəticələr almaq üçün toplananların hər ikisinin müsbət olması vacibdi, yoxsa itirəcəyik. Bütün bunlar nə qədər maraqlı olsa da, proseslər müstəvi üzərində gedirdi və həyatı heç cür əks etdirmirdi. Amma biz özümüz də bilmədən həyatımızı sıfırdan sağa və sola gedirmiş kimi quraşdırdıq: sevir, ya da sevmir, bəyənir, ya bəyənmir, gözəldir, yaxud çirkindir, ağıllıdır, yaxud axmaqdır, ağdır, ya da qaradır. Bu cür yaşamaq həyatı son dərəcə məhdudlaşdırır. Çünki sağa və sola hərəkət etməkdən savayı irəli və geriyə, yuxarı və aşağı da, üstəlik "kefin istəyən tərəfə" anlayışları da var. Necə ki, ağ və qara arasındakı fəzada bütün rənglər topalaşıb. Onların kefi istəyəndə göy qurşağı yaranır”¦
”¦ Bizim küçəmizdən keçən cəmi bir marşrutun naməlum dayanacağında hər səhər tezdən bir kişi dayanır. O, tezdən evdən çıxanda sevinir, çünki o vaxtlar avtobusda bashabas olmur. O, imkan olarsa pəncərənin qarşısında oturub yola baxmağı da sevir. Səhər yeməyinə qızardılmış kolbasa olanda o, yaman sevinir, çünki möhkəm yeyəndə tez acımır və mədəsinin qurultusu ona işləməyə mane olmur. O, təbii kofeni dəmləyib balaca fincana süzməyi, sonra bu fincanı iki ovcu arasında tutub qızınmağı və kofenin qoxusunu içinə xüsusi ləzzətlə çəkməyi də yaman sevir. Kofeni gecələr içməyi amma sevmir, çünki təzyiqi qalxır və ona gecələr mütaliə etməyə imkan vermir. Üstəlik bu halını görəndə arvadı yaman deyinir. Arvadının belə donquldanmağını isə o, heç sevmir. İndi, illər keçmiş o, arvadını nəyə görə bəyəndiyini artıq xatırlaya bilmir. Deyinməyi bir yana, qaşlarını çatıb hikkə ilə gözlərini süzdürəndə lap özündən çıxır. Belə eləyəndə arvadı metroda keçidə nəzarət edən qadının gəlib gedənə göz süzdürməsini xatırladır. Bu jesti isə o, hər şeydən artıq sevmir, bəyənmir və heç görmək də istəmir”¦
”¦ Metro nəzarətçisi hər səhər işə gəlməzdən əvvəl gözünün qıraqlarına quş çəkməyi unutmur. Çünki qara qələmi bir qədər qalın çəkəndə diqqəti gözünün qıraqlarındakı xırda qırışlardan yayındırır. O, eyni həvəslə şəkərburaya naxış vurmağı da çox sevir. Onun naxışları xüsusi təriflənəndə az qalır bayılsın. Amma yeməyə gələndə vanilli vafliləri seçir. Bu vaflilərin dadı ona həyatda itirdiklərini unutmağa imkan verir. Qarşısındakı büllur stakan eyvandan düşən günəş şüalarından bərq vuranda ürəyi dağa dönür. Çünki düz 10 dəqiqə onu pasta ilə sürtüb parıldadıb. Hələ yataq dəstini yuyub sərəndə qonşuların həyətdə olmasını necə də gözləyir”¦ Camaşırları hamınınkından ağ olanda həyatından çox razı olur. Ona görə də hər dəfə metroda dırnaqlarının altında çirk görünən bir kəsin kartı aparata uzatdığını görəndə lap itə dönür. Metroda məşq elədiyi iti baxışları o, hər dəfə onu çəkidə aldatmağa cəhd edən mağaza işçisinə tuşlayır. Axı onu aldadanı da sevmir. Hər gün smenindən asılı olmayaraq işdən çıxanda tində oturan şikəst kişiyə xırda pul verir. Çünki dünyanın ədalətsiz olduğuna qəti inanmaq istəmir”¦
”¦ Dilənçi kişi hər gün eyni plitənin üstündə oturmağı vacib sayır, çünki uğur gətirir. O, xırda pulları cibinə yığıb barmaqları arasında cingildətməyi sevir. Bir də barmaqlarını oynaqdan xırçıldatmağı. Kimin pul verib kimin verməyəcəyini qabaqcadan bildiyindən çox rahatdı. Gözlədiyi bircə şey var, o da ağca xanımın bu dəfə ona yaxın yerdən keçməyidir. Yay-qış ayaqlarından əskik olmayan hündürdabanların tıqqıltısını hələ keçidə düşməmişdən eşidib qulaqlarını şəkləyir. Amma qadınların şalvar geyməyini xoşlamır. Hamıya aşağıdan yuxarı baxanda kimin kişi, kimin qadın olduğunu bilmək olmur. O isə insanların gözünün içinə baxmağı sevmir. Hə, bir də uşaqların onu cırnatmağına dözə bilmir artıq”¦
”¦ Balaca oğlanlar nələri sevərmiş, ay Allah. Propelləri olan helikopterlərdən tutmuş zirehli maşınlara qədər, arkanoid oyunlardan tutmuş qan su yerinə axan davalı kompüter oyunlarına, sevgi macəralarından tutmuş vampir filmlərinə kimi hər şeyi. Üstəlik şokoladlı dondurmaları, parta yoldaşına badalaq vurmağı, gözəl qızın hörüklərini dartmağı, nazik yazan qələmləri, tərslik edib höcətləşməyi, lazım gəlsə yekəbaşın biri yekəbaşı kötəkləməyi, bufetdə 20 qəpiyə satılan keksləri, təriflənməyi, əlləri cibində gəzməyi və ən çoxu gələcəyə planlar cızmağı. O, bütün bunları sevir, bəyənir, arzulayır və gözləyir. O, böyüyəndə mütləq qonşunun tank boyda maşınından alacaq. Amma onun arvadına olan münasibətini heç anlaya bilmir. Hər gün qonşulara görk olsun deyə daim hündürdaban geyən arvadını maşınına mindirib siqnallayaraq həyətdən çıxarırsa da iki tin aparıb metroda düşürdür. O, bunu maşının ardınca qaçanda görmüşdü. Qonşunun arvadına olan münasibəti atasının anasına olan münasibətindən daha pis görünürdü. O, belə yaşamaq istəmir. İstəmir ki, atası kimi hər səhər ehmallıca mətbəxə keçib kofe dəmləsin və onu tənhalıqda içsin. İstəmir ki, arvadı hər dəfə acıqlı-acıqlı ona göz süzdürsün. Yox, o tamam fərqli yaşayacaq, sevəcək, arzulayacaq, niyyət düyünləyəcək, bəlkə də arada itirəcək, amma ümidini itirməyəcək. Eləcə də həyatın rənglərini də”¦
P.S. Əslən azərbaycanlı olan dünyaca məşhur alim Lütfi Zadənin qeyri səlist məntiqinə əsasən ağ və qara, sıfır və bir arasında minlərlə çalar var. Yaşam tərzinə çevirdiyimiz "Aristotel məntiqi"nə əsasən isə bir müddəa ya yalandı, ya da doğru. Yalan, yaxud doğruluq dərəcələri yoxdur. Dünya 1980-ci ildən bəri "Lütfi Zadə məntiqi"nə keçərək elmdə böyük sıcrayış eləmiş. Kefin istəsə sən də dəyiş”¦