Avropa oyunları ilə bağlı Azərbaycanda bir sıra müsbət dəyişikliklər gözə çarpır. Paytaxtda avtomobil tıxacının səngiməsi, metrolarda yeni qatarların işə düşməsi, Bakıdan Sumqayıta qatar xəttinin istifadəyə verilməsi və Bakıda yenidən tramvay xətti çəkilməsi layihəsinin müzakirəyə çıxarılması bunlardan sadəcə bir neçəsidir.
Hamısını sadalamaq fikrindən uzağam və ən çox diqqətimi oyunlar üçün ayrılan zolaq çəkdiyi üçün bununla bağlı fikrimi və təklifimi paylaşmaq qərarına gəldim.
Avropa oyunları başlamazdan əvvəl, oyunları və təşkilini tənqid edənlərin sayı daha çox idi.
Daha sonra, xüsusilə açılışdan sonra bu tənqidlər bir qədər səngidi və daha konstruktiv hal almağa başladı.
Əsas tənqidlərdən biri də məhz oyunlar üçün ayrılmış zolaqla bağlı səslənirdi.
Halbuki, bu ilk dəfə tətbiq olunmur, bir sıra keçirilən olimpiya oyunlarında bunun artıq təcrübəsi mövcud idi.
Avropa oyunlarından sonra da bu sarı zolağı saxlayaraq sadəcə kütləvi nəqliyyat vasitələrinin (lisenziyalı taksi sistemi olarsa, onu da daxil etmək olar.) istifadəsi üçün nəzərdə tutula bilər.
Beləliklə, işdən yorğun çıxan paytaxt sakinləri avtobusla maşın tıxaclarında qalmadan daha sürətli evlərinə gedə biləcəklər.
Bu həmçinin şəxsi avtomobillərin də yollarda azalmasına gətirib çıxaracaq.
İşə öz şəxsi avtomobili ilə gedən vətəndaş, yorucu tıxaclar yerinə, maşınını parkda saxlayaraq avtobusla getməyi seçəcəkdir.
Avropa oyunları ərəfəsində ortaya çıxan müsbət ənənələrin oyunlardan sonra da davam etdirilməsi vacibdir.
Avropa oyunlarının ölkəmizdə keçirilməsi, həm də ölkəmizin Avropanın bir parçası olmasına və Avropaya inteqrasiyasına bir işarədir.
İnkişaf etmiş Avropa ölkələrində tətbiq olunan texnologiya və sistemlərin ölkəmizdə də tətbiqi sadəcə vətəndaşların rifah səviyyəsinin daha da yüksəlməsinə xidmət edəcək.
Ümid və arzu edirəm ki, bu təklifim dəyərləndiriləcək, Bakımız nəqliyyat axınının daha intizamlı olduğu şəhərə çevriləcək.
Unudulmamalıdır ki, kütləvi nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, tramvay, qatar və metrodan istifadənin yayğınlaşdırılması Avropanın bir sıra metropol şəhərlərində olduğu kimi, doğma Bakımızda da avtomobil tıxacını yüngülləşdirəcək.
Məhz bu kimi məsələlərin diqqətdə saxlanılması və bənzər layihələrin həyata keçirilməsi üçün yaradılmış Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin də bu mövzunu diqqətdə saxlaması xoş olardı. Xüsusən böyük şəhərlərdə yolların və nəqliyyatın tənzimlənməsi olduqca böyük əhəmiyyət kəsb edir.
Yol, həm də mədəniyyətdir.
Yol qaydalarının intensiv nəqliyyat axınına uyğunlaşdırılması və bu fonda atılacaq hər bir addım dəstəklənməlidir.
Avropaya və inkişafa gedən yol da elə ilk olaraq bu yollardan başlayır...