Azərbaycan büdcəsinin tərtibatı kifayət qədər suallar doğurur. Məsələn, gəlirlər hissəsində əsas yük Neft Fondundan transfertin üzərinə düşür. Xərclərdə isə illərdi ki, nəqliyyat sektoruna və başqa investisiya xərcləri üçün ayırılan iri məbləğlər diqqət mərkəzindədir. Bu və digər səbəblərə görə, iqtisadçılar büdcənin tərtibatının kifayət qədər qüsurlu hazırlandığını, ölkə iqtisadiyyatının və əhalinin sosial vəziyyətini real əks etdirmədiyini bildirirlər. Büdcədə real iqtisadiyyatdan gələn gəlirlərin həcminin çox kiçik olduğunu görmək olur. Bu fakt ölkə iqtisadiyyatının yalnız bir sektordan asılı vəziyətə düşdüyü deməyə əsas verir.
İqtisadçı-ekspert Nemət Əliyevin fikrincə, büdcəni hazırlayan dövlət qurumlarında kifayət qədər obyektiv məlumatlar var: «Bu məlumatlardan tam şəkildə istifadə olunmur. Büdcə tərtib olunarkən, ilk növbədə ehtiyaclar və nəzərdə tutulan addımlar müəyyənləşməlidir. Prespektiv inkişafla bağlı addımlar incələnməlidir. Dövlət büdcəsindən maliyyələşən təşkilatların hamısı özlərinin növbəti ildə proqramları ilə bağlı tam şəkildə bilgiyə malik olmalı, hesabatlar hazırlamalı, maliyyə ehtiyaclarını əsaslandırmalıdır və aşağıdan yuxarıya doğru sistemləşdirərək Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Maliyyə Nazirliyi isə ölkənin maliyyə imkanları baxımından sənədləri qiymətləndirməlidir. Nəyin real, nəyin ehtiyatda saxlamaq olduğunu aydınlaşdırandan sonra büdcəni zərf halında parlamentə təqdim etməlidir. Təəssüf ki, Azərbaycanda mövcud imkanlar incələnmir».
N.Əliyevə görə, büdcənin özünün tərtib olunması prosesi yanlışdır: «İkincisi, dövlət büdcəsi düzgün mənbələr əsasında formalaşdırılmır. Yəni real vəziyyət nəzərə alınmır. Büdcə zərfi beynəlxalq praktika əsasında tərtib olunsaydı daha effektiv olardı. Normal məntiq ortaya qoyulmalıdır. Azərbaycan iqtisadiyyatında gəlir gətirilən sahələrin hesabına maliyyə mənbələri formalaşmalıdır. Məsələn, hüquqi və fiziki şəxslərdən gələn gəlirləri stimullaşdırmağa ehtiyac var. Büdcənin 80 faizi Neft Fondundan birbaşa transfertlər və neft sektorundan daxil olan gəlirlər hesabına formalaşır. Belə çıxır ki, büdcənin 15-20 faizi qeyri-neft sektorundan aslıdır. Necə ola bilər ki, əhalinin böyük bir qisminin çalışdığı qeyri-neft sektorundan 15-20 faiz gəlir gəlir? Nisbət çox pozulur. Büdcəyə bu cür vəsait cəlb etməklə ölkə iqtisadiyyatında ciddi irəliləyişə nail olmaq mümkün deyil. Büdcənin 60 faizə yaxını isə qara iqtisadiyyatın inkişafına yönəldilir, yəni yeyinti məqsədləri üçün istifadə olunur. Dövlət Neft Fonduna indiyədək 68 milyard manatdan artıq pul gəlib. Onun təqribən 55 faizə qədərini- 35 milyardını xərcləyib qurtarıblar. 35 milyard manat ölkə iqtisdiyyatı üçün böyük puldur. Bu qədər vəsait hesabına, doğurdanmı, dayanıqlı istehsal müəssisələri yaratmaq mümkün olmayıb? Deməli, vəsaitlər talanıb. Bu isə dayanıqlı iqtisadi inkişafla bağlı deyilənlərin illuziya olduğunu göstərir».