“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev dünən həkim müayinəsindən keçib. Bu barədə “Bizim Yol”a hüquq müdafiəçisinin özü məlumat verib. Qeyd edək ki, O.Gülalıyev 3 saylı Şüvəlan İstintaq Təcridxanasında olarkən Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin həkimləri tərəfindən müayinə olunub. Həkimlər ona vaxt itirmədən əməliyyat olunmağına dair rəsmi tibbi rəy veriblər.
“Bu gün məni müayinə edən həkimim də təəssüf ki, analoji rəy verdi və bildirdi ki, artıq xəstəlik 3-cü fazaya daxil olub ki, bu da hökmən əməliyyat olunmağımı tələb edir. Havaların isti olduğundan çətinlik var, həkim belə cərrahiyyə əməliyyatlarının bir az sərin aylarda, payızda keçirilməsini tövsiyyə etdi. O, durumumu nəzarət altında saxlamaq şərtilə mənə bir aylıq müalicə kursu yazdı”, -deyə O. Gülalıyev bildirdi.
Xatırladaq ki, hüquq müdafiəçisi mədə-bağırsaq ağrılarından və bağırsaq çatından əziyyət çəkir. Həbs olunduğu müddətdə fiziki zorakalığa və işgəncələrə məruz qalan, əlverişsiz həbsxana şəraitində saxlanılan "Kür" oordinatorunun səhhəti təcridxanada ağırlaşmışdı. O, həbsxanada ağrıkəsici dərmanlar hesabına yaşayıb.
Adətən belə xəstəliklərin müalicəsi və cərrahiyyə əməliyyatı xaricdə uğurla həyata keçirilir. Amma O. Gülalıyev haqqında CM-in 220.2- ci maddəsi ilə (mitinq və iğtişaşlara çağırış) cinayət işinin istintağı davam etdiyindən, onun ölkədən çıxışı yasaq olunub. O, polis nəzarəti altında saxlanıldığından onun müalicəsi və cərrahiyyə əməliyyatının xaricdə aparılması, görünür yaxın zamanlarda mümkün olmayacaq.
Ramid İBRAHİMOV