“1001 Gecə” nağıllarının yeni versiyası
“Bu qətl hadisəsinin üstündən 15 gün keçməsinə baxmayaraq, qəzetlər hər gün bir yeni fərziyyə irəli sürərək mənim adımı hallandırırlar. Ünvanıma olmazın ittihamları səsləndirilir. Mən isə susuram. Bu susmaq razılıq əlaməti deyil. Mən ən azı haqqımda deyilən hər bir sözün cavabını verə bilərəm. Lakin baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, istintaq gedir. Mən bir millət vəkiliyəm və sıravi adam deyiləm. Verdiyim hansısa açıqlama istintaqa təsir kimi izah oluna bilər. Amma sizə bəzi şeyləri demək məcburiyyətindəyəm”.
Bah, sən Allah. Lap gözüm yaşardı - öz oğlunu feldmarşalla dəyişməyən Stalinin obrazı gözüm önündə canlandı. Necə bir idealist insanmış bu Hüseynbala Mirələmov. Deyir, danışmaq istəmirmiş. Biz məcbur etmişik dağ boyda kişini. Danışmırmış ki, istintaqa təsir edər. Yox, əşi. Nə danışırsan?! Gör ha. Biz də bu kişinin haqqında qara-qara fikirlərə düşmüşük - nə bilim, guya qatil qardaşoğlunu cəzadan yayındırmaq üçün min bir hiylə düşünür. Dəlilik kağızı-filan. Adam da belə bir incə qəlbli deputatın haqqında heç başqa fikrə düşər, ay insafsızlar?! Onu neçə ildir Xətaidən deputat eləyiblər. Heç gedin o Xətaidə yaşayanlardan soruşun. Görün. Bir seçicisinin qapısına gedib? Biri dara düşəndə yanında olub? Olmayıb. Niyə? Çünki bu insan yaradıcı insandır. Oxumasam da, görürəm, maraqlı, qalın-qalın romanlar qaralayıb. Onun qəlbi çox həssasdır. İncədir. İndi deyirsiniz ki, Əhmədlidə günlərlə su olmayanda, onun seçiciləri də vedrələrlə su daşıyanda Hüseynbala müəllim gedib onları görsün? Hələ bir vedrənin qulpundan da tutsun?! Kişinin kövrək qəlbi buna heç dözərmi? Siz heç rəva görərsinizmi ki, belə bir insan kanalizasiya, yol, nə bilim, zibil-filan haqda fikirləşsin? O “1001 gecə” restoranını tikməyə ona torpaq ayıran, göz yumanların atasına allah qəni-qəni rəhmət eləsin! Bilirsiniz, o restoran olmaya, Hüseynbala müəllim axşamlar işdən sonra gedib orda kabablamaya, onun bilirsiz... nə isə... dilim də gəlmir. Bilirsiniz nə olar?! Ömrünü qaz qoxusunu uda-uda keçirmiş Hüseynbala müəllim Şıxovda bu büllur kimi tər-təmiz, Baham adalarının lacivərd sahillərini də geridə qoyan dənizin havasından udmasa, o möhtəşəm, kitabxana rəflərini, mağaza vitrinlərini bəzəyən romanları yaza bilərdimi? Siz heç bircə misrasını yazmısınız o romanların? Yox. Görürsünüz?!

Həm də Rəşad Mirələmov sizi niyə bu qədər maraqlandırır? Hüseynbala müəllim deyir ki, bu, onların nəslində adi haldır. Millət vəkili deyib ki, onun qohumları ilə bağlı bir neçə il əvvəl də baş verən faciəli hadisəyə görə bir neçə dəfə adını mənasız yerə hallandırıblar: “Mən başa düşürəm. Cəmiyyətdəki statusumdan dolayı adımın hallanması təbiidir. Lakin yazılanların heç olmasa onca faizi düzgün olsa, adama təsir eləməz. İndi mən də durub deyə bilərəm ki, deputat seçkiləri vaxtı canlı efirdən bəzi müxalifət qəzetləri etdiyim çıxışın heyfini alırlar. Heç nə demirəm. Çünki, hər şeyi zaman göstərəcək” .
Yəni demək istəyir ki, İTV-də YAP-ı tərifləyib müxalifəti söydüyünə görə qardaşoğlu nə istəsə, eləyə bilər. Düz deyir də! O möhtəşəm çıxış yadınızdadır: Vatslav Havel Filadelfiyada “Azadlıq” mükafatını alanda etdiyi çıxışı sonradan Hüseynbala Mirələmovun o mükəmməl nitqi ilə tutuşdurandan sonra gedib 3 gün-3 gecə üzüqoylu yatıb, jurnalistlərdən birinin uzatdığı mikrafona Hüseynbala müəllimin çıxışını belə şərh edib:”Pah atonnan! Bu nədi ə?!”
Hələ Obama. Qarabala seçki kampaniyasındakı nitqlərinə görə bir az da qaralıb ki, a balam, bu necə rəvan, məntiqli, tutarlı bir çıxış idi ki, Hüseynbala müəllim edib? Deyilənə görə, dərhal Mişel xanıma deyib ki, dur kitab-dəftəri aç, internetə bax, bilmirəm neynirsən elə - ləvəngi bişirməyi öyrən. Hüseynbala müəllimi qonaq çağırıb nitq mədəniyyətinin incəliklərini soruşacam, arada bir çay içib nərd də atarıq.
Hüseynbala müəllim dünya nitq mədəniyyəti tarixində Demosfeni cibinə qoyar - adam “genefond” sözünü “genefon” kimi söyləməklə tarixi bir yeniliyə imza atıb. Deməyindən belə çıxıb ki, qardaşoğlu tutulsa, bu, “genefonumuza” böyük zərbə olar. Düz deyir, 100 yox e, 150 faiz razıyam. Nə olar adam öldürəndə?! İndi bu cavan yaşında belindən tapançanı çıxarıb atsın, gedib türmədə çürüsün? Deyib: “Axı ölən də, öldürən də gənc azərbaycan vətəndaşlarıdır. Bizim millətin genefonu idilər. Vətən uğrunda şəhid olmaq daha yaxşı olmazdımı?”
Demək istəyir ki, qardaşoğlu təsadüfən “1001 Gecə”yə gəlibmiş. Elə yoldan keçirmiş, deyib Murova posta çıxmamışdan qabaq bir əmimlə sağollaşım. Elə orda nə təər olubsa, güllə açılıb. Olur da. Adam ona yanır ki, qardaşoğlu erməni üçün apardığı gülləni Şıxovda “itirib”. İndi Siz Allah buna görə Hüseynbala müəllimi qınayanlara nə deyim?
P.S. Hüseynbala Demosfenlə bağlı qatı açılmamış məlumatım var: eşitdiyimə görə, mikrofonu “mikrofond” eləyib və elə həmin gün Burkino Fasonun Elmlər Akademiyasından patent də alıb.