Özümü tanıyanı azərbaycanlıların mif yaratmaq istedadından danışan «nağıllar» eşidirəm. «Biz mif yaradan xalqıq», ya da onun daha da cilalanmış variantı «Azərbaycan xalqının mif yaradıcı xüsusiyyətində bütün tarixin gedişatı, yaranışın sirri mifik obrazlarda gizlənib» əlbəttə, çoz cəzbedici səslənir. Bu gözəl nağıla adamın inanmağı gəlir.
Düzdü, dünyanın bu gözəl nağıldan hələ ki, xəbəri yoxdu. Yəni bunlar yerli miqyasda danışılası miflərdir. Dünya skandinav miflərini, Okeaniya adalarının aborigen tayflarının miflərini oxuyur, Maya qəbiləsinin daş yazıları və Afrika xalqlarının şifahi söz xəzinəsini araşdırır, yapon samurayları barədə deyilənləri ləzzətlə dildən-dilə ötürür, Tibet dağlarındakı allahlar məskəni barədə informasiya toplayır. Çünki artıq Roma və yunan mifologiyasını əzbərdən bilir. Bu artıq maraqlı deyil onunçün. Əgər dünyanın mədəni irsini dürmadan öyrənən insanlar azərbaycan miflərindən, nağıllarından hələ də bayılmırsa deməli onun yaradıcıları işlərini o qədər də keyfiyyətli görməyiblər.
Hamının filmlərdən tanıdığı Yaponiyanı götürək. Hər dəfə orda nəsə baş verərsə, - deyək ki, bu nəsə əksər hallarda insan qırğınıyla nəticələnən fəlakətlər olur - bütün dünya heyranlıqla yaponların davranışına baxıb heyrətdən ağzı açıla qalır. Yaponlar gündəlik həyatda olduğu kimi fəlakətlər zamanı da qürurunu itirmir. Belə tükürpədici səhnələri görən, edəcə də şərh edən hər kəs özündən asılı olmayaraq yapon samuraylarını xatırlayır və bütün bəşəriyyətə nümunə gətirir. Kim inanar ki, samurayların alicənablığı, mənəvi kamilliyi barədə deyilənlərin əksəriyyəti elə yaponların mif yaratmaq bacarığının nəticəsidir?
Seppuku barədə mifi götürək. Hamı samurayın qarnını yortmaqla özünü öldürmə mərasimi - Seppuku barədə eşidib. Mərasim belədir ki, samuray ritual qılıncı Vakizaşi, ya da Tanta bıçağı il öz qarnını yortur. Tarix deyir ki, samuraylar bu ən son vasitəyə bəzən əl atırdılar. Amma bu mərasim qeyrət məsələsi deyildi. Sadəcə düşmənə əsir düşməkdənsə samuraylar özünü öldürməyə üstünlük verirdi. Əsirlikdə əziyyət və işgəncələr vardı. Əgər samuray Seppuku yapsaydı onun varidatı varislərinə, ailəsinə çatırdı. Amma samuray əsir düşərdisə, ya da günah üstündə edam olunardısa onun ailəsi də bütün varidatını itirirdi. Əslində samuray özünü öldürməklə öz varidatını qoruyurmuş.
Daha sonra samurayların geri çəkilmədiyi barədə danışırlar. Amma tarixi faktlar göstərir ki, samuraylar bütün döyüşçülər kimi hücuma keçib geri də çəkilirdilər. Filmlərdə görürük ki, samuraylar yalnız katana adlanın xüsusi qılıncla vuruşur. Amma əslində onlar toplardan tutmuş xırda bıçaqlara qədər hər bir silahla vuruşurdular. Katana isə samurayın ən qiymətli əşyası, uşaqlarına ötürə biləcəyi ən fəxrli mirası idi. Onu nadir hallarda döyüş meydanına çıxarırdılar. Həmin o filmlərdə samurayların centlimenliyi barədə məlumat alırıq. Guya onlar sahibinə vəfalı və qanunpərəst olurlar. Müasir dövrün romantizmi samurayları Buşado kodeksinin ən qatı tərəfdaşı kimi göstərir. Amma samuraylar arasında da mübahisələr, davalar və xainlik mujketyorlar arasında olan qalmaqallardan heç də geri qalmırdı. Samurayların az olduğunu düşünürük. Lap bizim məlikmmmədlərimiz qədər barmaqla sayası qədər. Rəqəmlərsə başqa şeyləri deyir. Meci erasında 25 milfonluq əhaliyə 1 milyon 774 min samuray düşürdü. Bu əhalinin 7 faizi qədər idi. Ona görə də müasir yaponun əksəriyyətinin genetik ağacında samuraylığa aparan bir budağı var.
Samuraylar barədə həqiqətdən ən uzaq mif onların həqiqətpərəst və vicdanlı olması barədə yayılan fikirlərdir. Onları biz elitanın tiranlığından əziyyət çəkən sadə əhalini müdafiə edənlər kimi tanıyırıq. Samuray isə feodalların vergi yığanı olurdu. O, sadə kəndlini istədiyi vaxt, xırda pozuntuya görə öldürə bilərdi, elə öldürürdü də. Ona görə yaponlar öz samuraylarından qorxurdu. Özünü samuray adlandıran hər kəs heç döyüş meydanını görməyib. Sülh zamanı samuraylar alim, məmur, avara olur və hərbi səriştələrini itirirdilər. Evdə divardan asılan katana qılıncı isə silahdan artıq status simvolu olurdu. Ona görə də həqiqətən vuruşmaq lazım gələndə yapon ordusunda yenilənmə aparmaq lazım oldu. Artıq imperator Myenin zamanındə samurayların vuruşmaq üçün yararsız olduğu barədə qərar çıxdı. Nədənsə dünya bu qərardan xəbər tutmadı.
Gördüyünüz kimi yaponlar hər bir şeydə punktual olduğu qədər də mif yaradıcılığında dəqiq və qüsursuzdurlar. Yaponiyada istehsal edilmiş kompüter Gəncədə yığılmış noutbuklarla müqayisə edilməz olduğu qədər də samuraylar barədə mif ağ atlı oğlan və məlikməmmədlərin əhvalatlarıyla bir yerə qoyulası deyil. Tərəzinin gözünü ağırlaşdırmaqçün bura Dədə Qorqudu, babəkləri, koroğluları da əlavə etmək heç nəyi dəyişməz. Dünya yaponun samurayını gözdən salası deyil. Yaranışdan mifi gözəl, yaponsayağı kamil yaratmaq lazım idi. Demirəm ki, Koroğlunun Misri qılıncı samurayın Katanasına bab ola bilməz. Ya da Qırat və Düratın yetişdirilmə şəraiti kifayət qədər təmtəraqlı deyildi. Sadəcə bu mifi beyinlərə yeritmək lazım idi. İndi isə Koroğlunun (ya da başqa bir mifik qəhrəman, ya da tarixi şəxsiyyət olsun, fərq etməz) ünvanına daş atan «yazar»ların heç olmasa ağzının üstündən vurmaq lazımdı. Yoxsa az keçmiş uşaqlarımızı yapon samurayları, nindzyalar barədə nağıllar danışmalı olacağıq. Özü də samuraylar barədə həqiqətləri bilə-bilə.
P. S. Yazını klaviaturada dınqıldadan zaman televizorda çığırışan nindzyaların səsindən lap bezirdim. Bəlkə dublyaj zamanı onları Koroğlunun hayqırtısına əvəz edək?